Vyana, 15 noyabr, 1883-cü il, dördüncü gün, axşamüstü saat beşdə

Mənim sevimli, balaca şahzadə xanımım!

Sözün düzü, səni belə çağırmaq mənim ürəyimə çox yatır, bu ad sənə elə yaraşır, elə bil, boyuna biçilibdir. Son günlər mən yalnız səni düşünürəm, başqa birisi yadıma da düşmür. Tez-tez adaxlandığımız o, xoşbəxtliklərlə, gülüşlərlə, alqışlarla dolu günü, dünyalar dolusu sevinc tapdığımız o anları xatırlayıram. Bizim birinci görüşümüzü anıram. Bu görüş ayın on yeddisində şənbə günü olmuşdu. İndiki üst-üstə düşmə də, görünür, boş yerə deyildir: bu ayın da on yeddisi şənbə gününə düşür. Bildiyimə görə, mənim yenidən qapınıza elçiliyə gəlməyimə gərək olmayacaq, deyilmi?

Bugün bayram günü olduğundan, işsiz-gücsüz oturmuşam, xatirələrə dalıb yaxın keçmişdə baş verən olayları anmaqla vaxtımı keçirirəm. Bayırda dözülməz bir hava var. Bugün axşam, çox ola bilsin, Hammerşlaq11 gilə gedəcəyəm. Sözün düzü, elə kövrəlmişəm, bu görüşün az da olsa ürəyimi açacağını düşünürəm, onların evində hamı mənə çox yaxşı yanaşır, gülərüzlə qarşılayır. Hammerşlaq, yenə də, səni məndən soruşacaq, mən isə fürsəti əldən verməyib, uzun-uzadı, yorulmaq nədir bilmədən, səndən danışacağam.

Sənin sonuncu məktubunda Millə12 bağlı yazdıqların məni çox ilgiləndirdiyindən, onun əsərlərini arayıb, dediyin yeri tapdım, indi bununla bağlı səninlə bir sıra düşüncələrimi bölüşdürmək istəyirəm. Sənin oxuduğun o Brandesin13 yazısında onun Mill ilə bağlı öz subyektiv baxışları yer almışdır, Brandes bu böyük insanın çağdaş tarixdə oynağı rolu yetərincə anlaya və dəyərləndirə bilməmişdir. Mən indi Mill ilə bağlı danışmağa bir az hazırlıqlıyam, elə bu yaxınlarda professor Kompertsin14 Millin əsərlərinin sonuncu cildini ingiliscədən almancaya çevirməyi mənə etibar eləməsi də bunu göstərir. Mən Millin əsərlərini çevirəndə, olduqca quru yazı stilinə görə, onu ürəyimdə çox söymüşəm. Onun əsərlərindən, nə qədər axtarsan da, bir dənə də olsun aforizmə oxşayan, ürəyəyatımlı, yaxud da tutarlı görünən hansısa bir söz tapıb yadda saxlamaq mümkün deyildir. Ancaq sonradan mən Millin fəlsəfi əsərlərini oxuyanda onun buradakı yazı dilinin çox təpərli və kəsərli olduğunu duydum. O, çox ola bilsin, öz çağının ən böyük kimliyi sayıla biləcək birisidir və ən başlıcası, o, insanların çoxluğunun düşüncəsi üzərində ağalıq eləyən geriçilikdən bütünlüklə qurtula bilmiş bir düşüncə yiyəsi idi. Ancaq belə durumların hamısında olduğu kimi, o da, öz düşüncələrində bir sıra aşırılıqlara varmışdır, onun qadın azadlığı, habelə, bütünlüklə qadınla bağlı sorular üzrə yazdıqları mənə olduqca bayağı görünür.

Millin çevirdiyim əsərlərindən xatırladığıma görə, onun başlıca arqumenti belədir: qadının ərə gedərkən evlilikdən qazandığı şeylər, kişinin – onun ərinin qazandıqlarından qat-qat az olur. Düzdür, evlilikdəki görüləsi ev işləri, uşaqların böyüdülməsi və tərbiyə olunması qayğıları insandan çox böyük əmək tələb eləyir, ancaq bununla yanaşı evlilik bu işlərin qarşılığında insana çoxlu şeylər də verir.

Evliliyin anlamını daraldıb onu yalnız evi yığışdırmaqla, yemək bişirməklə, habelə, bu kimi işlərlə bağlasaq, onda, sözsüz, qadın ev işlərinə kişidən qat-qat artıq vaxt sərf eləyir. Ancaq Mill buradakı mühakimələrində evlilikdəki qadın-kişi münasibətlərinin, tarixən, necə yarandığını və formalaşdığını unudur. Millin bu konu üzrə baxışları, bütünlüklə baxanda, məncə, antihumanist sayıla bilər. Onun çox quru bir dillə yazılmış avtobioqrafiyasını oxuyanda, cəmiyyətdəki insanların qadınlara və kişilərə ayrıldığı duyulmur və insanlar arasındakı ən başlıca fərqin də, elə bu, cinsi ayrılıq olduğu anlaşılmaz qalır. Onun öz arvadına bəslədiyi münasibətdə də, məncə, çox da elə humanistlik yoxdur. O, çox yaşlı çağlarında evlənmişdi, onların uşaqları doğulmamışdı, habelə, aydın olduğu kimi, onunla arvadı arasındakı hansısa sevgidən söz belə ola bilməzdi. Arvadının da, onun tanıtmaq istədiyi kimi, önəmli bir kimlik olması inandırıcı görünmür. Bir sözlə, o qadınların büsbütün başqa bir varlıq olduğunu və biz kişilərin onları bütün durumlarda qorumalı olduğumuzu düşünmür.

O öz dediklərini doğrultmaq üçün zənci qadınların hüquqsuzluğunu örnək göstərirdi.

Ancaq, işə bax, istər səsvermə, istərsə də başqa heç bir hüquqları olmayan bir qız, ona vurulan bir kişinin sırtıqlığına salıb öz əlini öpməsini görəndə onu söyübyamanlamaqdan, beləliklə də, özünün toxunulmazlıq hüququnu qorumaqdan, çəkinirmi?

Millin: “qadınlar da öz dolanışıqları üçün, eyni ilə kişilər kimi, çalışmalı, bununla da kişilərin asılılığından qurtulmalıdırlar” deyimi, məncə, gerçəkliklə uyuşmayan, yaşarılıq qazana bilməyəcək bir düşüncədir. Belə çıxır, mən vurğunu olduğum incə və istəkli sevgilimə özümün rəqibim kimi baxmalıyam. Mən düz on yeddi ay bundan öncə, bir qıza ürəyimi açdım və onu sevdiyimi bildirdim. O da, məni sevdiyinə görə və bizim sevgimiz beləcə qarşılıqlı olduğu üçün, bizim aramızda heç bir öcəşkənlik ola da bilməz və mən, sevgilimin bizim gələcək ailə ocağımızda dincliyin və gözəl bir yaşamın oturuşması üçün əlindən gələni əsirgəməyəcəyinə arxayınam.

Doğrudanmı, qadın da kişi kimi, bütün gününü bir parça çörək qazanmaq üçün əlləşib-vuruşmalıdır? Ola bilər, tərbiyə, mühit, oturuşmuş ənənələr qadını əzir, ancaq onların evlilikdə qazandıqları bu qədər böyük dəyərləri görməmək də doğru deyildir!

Ola bilsin, hüquq anlayışı baxımından, bu dediklərim doğru sayılmasın. Ancaq Millin dedikləri gerçəkləşərsə, onda qadınlığın dünyaya bağışladığı incəliklər, gözəlliklər, cazibələr də yox olacaqdır və biz qadınlıq idealının yoxa çıxmasından yaranan bu ürəksıxıcı boşluğu heç nə ilə doldura bilməyəcəyik.

Mənə elə gəlir, qanunvericilik və tərbiyəvericilik baxımından irəli sürülən islahatların uğursuzluğunun başlıca niyəsi, onların təbiətlə öcəşmək yolunu tutmasındadır, qadınlara gəlincə, onlar istər toplumda, istərsə də ailədə öz gözəllikləri, cazibələri və yaxşılıqsevərlikləri ilə özlərinə yaraşan yerlər qazana bilirlər.

Ancaq bu dediklərim, heç də, mənim qadınlarla bağlı soruda özünü göstərən geriçi düşüncələri doğru saydığım anlamına gəlmir. Marta, mən səndən ötrü, sən necə varsansa bax o, özgünlüyündən ötrü, çox bərk darıxıram, mənə elə gəlir, mənim səndə sevdiyim özəlliklərinin dəyişməsini və beləliklə də mənim üçün özgələşməyini sən özün də istəməzdin. Qanunlar və adətlər qadınlara toplumda hamı tərəfindən tanınan çoxlu ictimai hüquqlar verməlidir, ancaq elə situasiyalar da vardır, onları qadınların özlərindən başqa heç kimsə həll eləyə bilməz. Gənclik illərində o, cazibəli və sevilən, yaşlı çağlarında isə öz ərinin sevimli xanımı olur. Bununla bağlı sözü uzatmaq da olardı, ancaq biz ikimiz də bu konu üzrə eyni cür düşünürüksə, buna gərək yoxdur.

Sağlıqla qal, mənim gözəlim. Sənin məktubun bugünədək də gəlib çıxmayıb.

Sənin Ziqmundun, ürəkdən gələn alqışlarını və öpüşlərini sənə göndərir.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.