Paris, 20 yanvar 1986-cı il

Sevgilim!

Dünən gecə saat on ikidə, evə qayıdan kimi, sənə məktub yazmaq istəyirdim, ancaq ha axtardımsa kibrit tapa bilmədim və ay işığında özümün gözəl geyimlərimi soyunub yatmalı oldum.

Qoy hamısını sıra ilə, bir-bir danışım. Şənbə günü Şarko, yurduna dönməyə hazırlaşan, Rikettiyə yanaşıb ikinci gün onu evinə qonaq çağırdı. Riketti öncə özünü itirib boyun qaçırmaq istədi, sonra haçandan-haçana gələcəyinə söz verdi. Sonra Şarko otağıma keçib məni də qonaqlığa çağırdı. Mən bu çağırışa görə ürəkdən sevindim. Sonra o mənimlə bazar günü də görüşmək istədiyini, onun əsərlərini almancaya çevirməyimlə bağlı danışmalı olduğumuzu bildirdi. İlk öncə, Şarkonun evində bərk sıxıldım. Ancaq bu, onun evi ilə bağlı, mənim bölüşmək istədiklərimin hamısı deyildir. Öncə, onun iş kabinetindən danışmaq istəyirəm. Onun bu kabineti bizim gələcəkdə yaşayacağımız otaq böyüklükdədir, bura, elə bil, Şarkonun arxayınçılıq içində yaşadığı sirli və alınmaz bir qaladır.

Onun kabineti iki yerə bölünüb. Çox böyük olan birinci bölüm elmə qulluq eləmək üçündür, o burada elmi yaradıcılığını sürdürür, kiçik bölüm isə, yaxşıca dincəlmək üçün qurulubdur. Divarlara bərkidilmiş iki çıxıntı, onun kabinetindəki bu iki bölümü biri-birindən ayırır. Kabinetin qapısını açan kimi, ilk öncə, bağçaya açılan üç laylı pəncərə görünür. Pəncərənin şüşələrini gözoxşayan naxışlar bəzəyir. Divarlar boyunca ikiqatlı kitab dolablarından düzənlənmiş çox böyük bir kitabxana vardır. Hər iki divar boyunca, ikinci qatdan kitab götürə bilmək üçün, asma nərdivanlar qoyulmuşdur. Sol divarın yanında, üstündə çoxlu kitablar və jurnallar olan, olduqca uzun bir stol qoyulub. Üçlaylı pəncərənin qarşısında isə üstündə qovluqlar və əlyazmalar olan kiçik bir stol vardır. Qapıdan bir az aralıda, alabəzək boyanmış şüşələri olan pəncərənin önündə, üstündə kitablar və əlyazmalar qalaqlanmış, Şarkonun iş stolu qoyulubdur, stolun başında onun oturduğu kreslo, yörəsində isə çoxlu stullar düzülübdür. Kabinetin dincəlmək üçün olan bölümündə isə buxarı və stol qoyulub, bundan başqa da hind və çindən gətirilmə incə əl işlərinin düzüldüyü dolablar vardır. Divarlar, qoblen və şəkillərlə bəzədilibdir. Bunların hamısı çox gözəl və ürəyəyatımlı görünür. Başqa otaqlara da ötəri göz gəzdirib, onlarda da, çoxlu qoblenlər, şəkillər, xalçalar, keçmişdən qalma gözəl nəsnələr gördüm. Bir sözlə, Şarkonun evinə muzey, lap ondan da artıq bir yer demək olar.

Şarko ikinci gün günortadan qabaq bizi qonaq çağırdığını dediyi andan başlayaraq, Riketti ilə mən bu qonaqlığa necə gedəcəyimizi götür-qoy eləməyə başladıq. Çox simic olan Riketti bu görüş üçün özünə təzə şalvar, xanımına isə təzə şlyapa almaqla yetindi. Onun deməsinə görə, belə qonaqlığa fraksız və syurtuksuz da getmək olardı. Sonradan, o gün qonaqlığa yalnız onun frak geymədən gəldiyi bəlli oldu.

Mənim geyimim çox gözoxşayan alınmışdı, həmişə geyindiyim ağ jiletin yerinə, Hamburqdan aldığım, indiyəcən geymədiyim, parlaq qara rəngli, gözəl düymələri olan jiletmi geyindim. Frakımı da ilk dəfə o gecə geyinirdim, sonra özümə təzə köynək və təzə ağ əlcəklər aldım, necə olsa da, gündəlik geyindiyim əlcəklər, yuyulmuş olduğundan, pis görünür. Sonra mən bərbərxanaya gedib saçımı qaydaya saldırdım və çox uzanmış saqqalımı qısaltdırıb fransızsayağı elədim. Bir sözlə, mən o gün üçün on dörd frank pul xərcləməli oldum. Elə buna görə də, mənə elə gəlir, qonaqlıqda çox yapışıqlı və gözəçarpacaq bir görünüşüm vardı.

Gecikməmək üçün Riketti ilə, yarılığına pul qoyub, ekipaj tutduq və deyilən vaxtdan da bir az qabaq qonaqlığa gəlib çıxdıq. Riketti buralarda yaxşı tanınan birisi olsa da, ancaq bərk həyəcan keçirirdi; mən belə qonaqlıqlara alışmasam da, burada çaşıb pis duruma düşə biləcəyimdən çəkinsəm də, ancaq kiçik dozada udduğum kokainin yardımı ilə özümü çox toxtaq tuta bilirdim. Biz vaxtından qabaq gəldiyimiz üçün, qonaq otağında oturub, ev yiyələrinin gəlişini gözləməli olduq. Boş qalan bu vaxtımızda oturduğumuz yaraşıqlı otağın bəzəklərini izləməkdən həzz alırdıq. Çox keçmədən ev yiyələri, ardınca da o biri qonaqlar gəlib çıxdılar və ara qızışdı.

Qonaqlıqda bu sadaladığım adamlar var idi: müsyö və madam Şarko, madmazel Joan Şarko, müsyö Leon Şarko, Alfons Dodenin oğlu gənc müsyö Dode, çox ağıllı və anlaqlı birisi olan, məhkəmə tibb ekspertizası üzrə professor Bruardel; taun xəstəliyinin adlı-sanlı araşdırıcısı, habelə, Pasterin assistenti olmuş müsyö Ştraus, gödək boylu, xəstə görkəmli, Fransanın ən güclü klinika həkimlərindən biri sayılan Lionlu professor Lepi; Şarkonun keçmiş assistenti, indi isə professor Bruardelin assistenti işləyən, müsyö Jil de lya Turet (bu adam görkəmcə Güney fransalılara oxşayır, işlədiyi institutun fəxri üzvüdür, tibbdən başqa, habelə, riyaziyyat və astronomiya üzrə də görkəmli alim sayılır, o almanca da yaxşı danışır, sonradan danışığımızın gedişində onun kökəncə norveçli olduğu da bəlli oldu); bir az sonra Şarkonun qardaşı ilə professor Vulpi və başqa çoxlu qonaqlar da gəldilər, onların adlarını çəksələr də, indi xatırlamıram, nədənsə mənə elə gəlir, bu adların hamısı biribirinə oxşayırdılar. Qonaqların arasında italyan rəssam Toffano da vardı.

İndi elə bilirəm, mənim belə bir yüksək yığıncaqda özümü necə apardığımla bərk maraqlanacaqsan. Sözün düzü, özümü çox yaxşı apardığımı, ürəklə deyə bilərəm: mən ilk öncə, elmi işləri ilə tanış olduğum professor Lepi ilə danışmağa başladım və bu danışığımız yetərincə uzun çəkdi, sonra isə Ştraus və Jil de lya Turetlə danışıqlarımız oldu. Bu arada Şarkonun qızı madmazel Şarko ilə bir fincan qəhvə içdik, bir az sonra pivə içdim, çubuq çəkdim və baş verən bir xoşagəlməz durumu çıxsaq, demək olar, bütün qonaqlıq boyunca, özümü çox yaxşı hiss elədim. Mən bir qıraqda tanımadığım qonaqlarla danışığa girişmişdim, danışığımız yaxşı alınırdı və mənim qırışığım getdikcə daha çox açılırdı. Birdən professor Lepi yaxınlaşıb məni, Liona gəlib, onun başçılıq elədiyi klinikada işləməyə çağırdı, mən onun bu çağırışına hə deyərdim, ancaq onda gərək professorun yaxın tanışları olan Vyanalı alimlərin məni necə gözümçıxdıya saldıqlarını açıb tökəydim ortaya, bu isə istər-istəməz qonaqlığın ruhuna uyğun olmayacaqdı. Riketti Şarkonun xanımı ilə qızının qulluğunda dayanmışdı və xanımlar onun davranışlarının incəliyinə vurulmuşdular. Şarkonun xanımı mənimlə danışmağa başlayıb, hansı dilləri bildiyimi soruşdu. Mən, almanca və ingiliscəni yaxşı, ispancanı bir az, fransızcanı isə çox pis bildiyimi dedim. Xanım mənim fransızca yaxşı danışdığımı dedi, müsyö Şarko da onunla razılaşdı və ardınca, mənim hərdən fransızca deyilən sözləri bir az gec qavradığımı də söylədi. Mən onunla razılaşıb, çox vaxt, fransızca deyilən sözləri yalnız yarım dəqiqədən sonra anladığımı boynuma aldım və bu durumu tabes xəstələrində özünü göstərən əlamətlərə oxşatdım, bəlli olduğu kimi, belə xəstələrdə onurğa beynində quruma getdiyindən, onlar qıcıqlara gec reaksiya verirlər.

Bir sözlə, bu qonaqlıqda qazandığım uğurdan razıyam, ancaq deyəsən, bu uğura kokainin uğuru demək daha doğru olardı. Mən o gecə professor Bruardelin ölüxanada oxuduğu mühazirəyə qatılmaq üçün onun razılığını aldım və bugün onun mühazirəsini dinləməyə getdim. Çox gözəl bir mühazirə idi, ancaq bu əsəbləri zəif olan adamlar üçün deyildi, bu mühazirədə hansısa bir ölünü göstərib onun Paris qəzetlərində verilən ölüm tarixini danışır, sonra ölümün necə baş verdiyi praktiki olaraq göstərilir.

Ola bilsin, mənim Şarkonun xanımı və qızı ilə bağlı duyğularım səni ilgiləndirir.

Şarkonun xanımı gödəkboylu, yumru bədənli, çox təpərli, ağ- pudralanmış saçı olan, hər şeylə maraqlanan və incə görkəmli bir qadındır. Şarkonun evindəki bütün zənginlik bu xanıma görədir, müsyö Şarko özü çox yoxsul birisi olmuş, onun xanımına isə, irs olaraq, atasından çoxmilyonluq bir var-dövlət qalmışdır. Şarkonun qızı madmazel Şarko isə gödəkboylu olsa da, görünüşcə, anasına oxşamır. O dolubədənlidir və görkəmcə, demək olar, öz dahi atasının oxşarıdır. Ona görə də, atasını tanıyanlar, ilk baxışdan, bu gənc xanımın atasına oxşarlığına daha çox diqqət yetirdiklərindən, onun gözəl olub-olmaması ilə ilgilənmirlər. Onun iyirmiyə yaxın yaşı var, səmimi və adamayovuşandır. Düzdür, mənim onunla danışığım, tanış olmaq üçün biri-birimizə dediyimiz, bir-iki sözdən oyana keçmədi, ancaq Riketti bütün qonaqlıq boyunca onun yanından əl çəkmədi və onun qulluğunu tutmaq üçün əlindən gələni elədi. Madmazel Şarko almanca və ingiliscəni başa düşür. Ancaq mənim ömrümdə sən olduğuna görə, mən ona başqa gözlə baxa bilməzdim. Ola bilsin, sən olmasaydın, onunla bir sevgi romanı yaşamağa dəyərdi. Bu gənc xanıma qarşı yaranan marağa gəlincə, burada qorxulu heç nə yoxdur: axı bu gənc qadın mənim böyük sayğı göstərdiyin bir kişinin oxşarıdır. Onunla isti ilişkilər qurub heç olmasa bu gecənin gedişində doyunca deyib-gülmək olardı, onda mənim “sevgi macəralarımla” bağlı təcrübəm, heç olmasa, bir az artardı, ancaq bu baş vermədi.

Sözün düzü, bir şey də məni maraqlandırır, görəsən Şarko məni birinci və sonuncu dəfəmi qonaqlığa çağırmışdı? Düşünürəm, elə belədir, axı o məni bu qonaqlığa öz adıma görə yox, yalnız Riketti ilə bir yerdə işlədiyim üçün çağırmışdı.

Səni bağrıma basıb öpürəm.

Sənin Ziqmundun

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.