Vyana, ikinci gün, 6 may 1886-cı il
Sevimli qızcığazım!
Mənə yazdığın gözəl məktubunu və öncədən yola salacağını dediyin, sovqatını göndərdiyinə görə sənə ürəkdən gələn sağollarımı yetirirəm. Sovqat olaraq nə göndərəcəyin öncədən ürəyimə dammışdı, elə bil, onları alanda sənin yanında olmuşdum. Sən mənə nə gərək olduğunu çox gözəl bilirsən, elə bilirəm, bu işi səndən yaxşı bilən başqası ola bilməz. Göndərdiklərinin az olduğunu yazıb dil-ağız da eləyirsən, ancaq, sevgilim, bu artıq işdir, buna heç bir gərək yoxdur. Sözün düzü, mən sənə sovqat göndərməkdənsə, sənin mənə sovqat göndərməyinə görə çox utandım və özümü bu işdə sənə borclu sayıram!
Mən artıq yaşa dolmuşam. Bizim adaxlanmağımızın dördüncü ili başa çatmaq üzrədir, ancaq biz hələ də biri-birimizlə qovuşmaqla bağlı olan o böyük diləyimizin haçan gerçəkləşəcəyini dəqiqliyi ilə bilmirik. Ancaq, biz bu məqsədimizə çatmaqdan necə uzaq düşməyimizdən asılı olmayaraq, heç vaxt, inamsızlığa qapılmamışıq.
Bir neçə həftə sonra mənim əlimdə olan pul qurtaracaqdır (mən artıq bir neçə dəfə belə duruma düşüb ondan çıxa bilmişəm), ona görə də, pulum qurtarandan sonra Vyanada qalıb-qalmayacağımı da indidən deyə bilmərəm. Umarım, mənim sonrakı ad günüm sənin dediyin kimi olacaqdır: sən məni səhər erkən öz öpüşlərinlə yuxudan oyadacaqsan və daha bir də, mənim səndən məktub gözləməyimə gərək qalmayacaqdır. Bunun harada baş verəcəyinin isə mənim üçün dəyəri yoxdur, təki birlikdə olaq, yaşayacağımız yerin isə Avstraliya, ya da başqa bir ucqar ölkə olması önəmli deyildir. Ancaq mən daha sənsiz yaşamağı bacarmıram. Mən istənilən ağır qayğını çəkməyi, ən çətin əməyə qatlaşmağı bacararam, təki səndən ayrı olmayım.
Düzünü desəm, Vyanada özümə iş tapıb, burada birgə yaşaya biləcəyimizə ümidim çox azdır.
Bayaq, işin çoxluğundan, sənə yazdığım məktubu yarımçıq saxlamalı oldum, indi axşam vaxt tapıb məktubun ardını yazıram. İş otağımda Breyerin mənim üstümə göndərdiyi iki xəstəsi oturub, başqa heç kim yoxdur. Xəstəxananın bəlli qanununa görə, mən gün ərzində iş otağımda beş xəstə qəbul eləyirəm. Onlardan ikisini elektriklə müalicə eləyirəm, habelə, gərək onlardan işsiz olan birisini pulsuz qəbul eləyim.
...Evimizdə mənim ad günümü böyük sevinclə keçirdilər. Pauli ilə Dolfi məni öpüş yağışına tutub, gözəl bir çiçək buketi bağışladılar, anam isə mənim çox sevdiyim şirin peçenye bişirmişdi. Roza yazı stolunun üstünə qoyulan gözəl kağız çərçivələr, Mitsi isə, böyük bir şəkil bağışladı. Villensdən, Şannadan, Kinenbergerdən və Elias dayıdan təbrik məktubları aldım. Evdə mənə krallara yaraşan bir sayğı göstərdilər. Mənə göstərilən bu diqqət və qayğıya görə hamıya ürəyimdə böyük bir sayğı vardır, sözün düzü, onlar bu istiqanlıqları ilə məni bir az yordular da və ona görə də indi gedib yatmaq istəyirəm.
Laboratoriyadakı işimdən böyük zövq alıram. Düzdür, buna çox az vaxtım qalır.
Ancaq başımda bir terapevtik ideya yaranıb, yaxın çağlarda onu gerçəkləşdirməyə çalışacağam. Mən bununla bağlı “Koka” jurnalında bir məqalə də çap elətdirmişəm, ancaq bu ideyanın gerçəkləşməsinin mənim gözlədiyim sonucu verəcəyini indidən demək çətindir.
Gecən xeyrə qalsın, mənim qızcığazım.
Sənin Ziqmundun
P.S. Sabah, anan ilə bacın Minnaya ayrıca məktub yazacağam.