Vyana, dördüncü gün, 7 may 1885-ci il
Mənim balaca şahzadə xanımım!
Bu gün sənin göndərdiyin ərməğanları aldım. Onlar məni çox sevindirdi. Portfel, mənə indi əlyazmalarımı yığmaq üçün çox gərəkdir, bloknot isə resept yazmağa çox gözəl yarayacaqdır. Ancaq göndərdiyin bloknot elə gözəldir, sözün düzü, onu gündəlik işlərdə yararlanıb, tükətməyə əlim gəlmir.
Göndərdiyin keksin necə dadlı olduğunu sözlə demək çətindir. Mən keksin belə dadlı olduğunu bilməzdim.
Sənin mənə göstərdiyin bu ürəyiyananlıq mənim ovqatımı yüksəltdi və beynimdə bir sıra düşüncələr yaranmağa başladı. Bu düşüncələrimin özəti belədir: evliliyə hazırlaşmaq çox önəmli bir işdir və bu hazırlığı evlənənədək görüb qurtarmaq olası bir iş deyildir.
Bütün bunları düşündükcə ürəyimdə belə bir istək yarandı: biz bu çəkdiyimiz ağrı-acılara son qoymalı, toyumuz üçün təyin olunmuş 17 dekabr 1886-cı ili gözləməli deyilik. Daha belə davam eləyə bilməz, biz gərək tezliklə evlənək. Evlilikdə biribirimizə qarşı dözümlü olsaq, hər şey yoluna düşəcəkdir. İndi mənim əlimdə olan pul toyumuzu eləməyə yetər. Evliliyin ilk çağlarını sənin pulunla dolanarıq, sonra mən qurduğumuz ailəni dolandırmaq üçün yetərincə pul qazana biləcəyimə arxayınam.
Mən bu istəyimin üzərində çox götür-qoy eləmişəm. Onun gerçəkləşməsi indi yalnız bir nəfərin istəyindən asılıdır – o bir nəfər sənsən, Marthen.
Bugün iş günüm olmadığı üçün evdə qalmışdım, bundan yararlanıb çox ürəkli bir addım atdım – dərzi Tişerin yanına gedib, mənə indi çox gərəkli olan, iki kostyum sifariş verdim. Bilmirəm, düz eləmişəm, yoxsa yox.
Hər halda umarım, görüşəndə qucağını geniş açıb məni bağrına basacaqsan.
Gecən xeyrə qalsın, mənim çox dəyərli dəfinəm. İndi gecə saat ikinin yarısıdır.
Daha bir gün sonsuzluğa gömüldü, sabah yenə də işə getməliyəm.
Bacın Minneyə mənim adımdan çiçək bağışlasan sevinərəm.
Çox ola bilsin, sabah sənin məktubun da gəlib çıxsın, sevgilim.
Sənin Ziqmundun