Vyana, ikinci gün, 9 oktyabr 1883-cü il, gecə
Sevgili Marthen!
Mənim indi nə iş gördüyümü bilmək istərdinmi? Mən indi öncələrdə olduğundan qat-qat çalışqan və sağlamam. Bu günlərdə bir yığın qəzeti oxuyub araşdırdım, bunu həm özümün bilgilənməyim üçün, həm də tibb jurnalına məqalə yazmaq üçün elədim. Laboratoriyada oturub sınaq aparıram, işlər yaxşı gedir, ancaq hələ olduqca çoxsaylı çətinlikləri adlamalıyam. Deməyi unutdum, axşamçağı saat beşdən axşam saat on birədək xəstəxana palatasında həkim köməkçisi işləyirəm, hər şeylə dərindən maraqlanıram, öyrəndiklərimi detallarınacan yazıram, gərəkəndə yerindəcə xəstələrə yardım da eləyirəm.
Sevgilim, düzünü desəm, mənim üçün çox ağırdır, işin çoxluğundan yorulub əldən düşürəm, bu durumumda içkili, yaxud da yarıyuxulu birisinə oxşayıram. Mən buna da razıyam, təki gördüyüm bu ağır işlər səninlə aramızda olan dözülməz ayrılığı aradan qaldıra bilsin.
Mənim bütün çalışmalarım indilikdə elmi fəaliyyətə və həkimlik təcrübəmin artırılmasına yönəlibdir. Mənim üçün bu işlərin gərginliyi, onların çoxluğundan özümü unutmağım, necəsə, səninlə olan ayrılığın acısına dözə bilmək üçün bir narkoz sayıla bilər. Elm dünyasına qapılaraq mən özümü bu kədərli gerçəkliklərdən ayırıram. Bunu sən yaxşı bilirsən, mən həmişə maraqlı işlə başımı qarışdırıb, sarsıntılarımı və küskünlüyümü unuda bilirəm. Mənim günüm belə keçir. Mənə elə gəlir, dünyada baş verən olaylar mənim qapımı döymədən keçib gedirlər. Birdən də, mən bütün dadlı istəklərimi özümdən qovub uzaqlaşdırıram, özümü bir monastır küncündə azacıq buğda ilə keçinən monaxın yerinə qoyuram.
Beynim elə bil ayrı-ayrı oyuqlardan qurulub və çoxlu faktlar, nəzəriyyələr, diaqnoz və formullar, möcüzəli şəkildə, hərəsi özü üçün ayrılmış oyuqlarda səliqə ilə yerləşir. Tibblə bağlı bilgilər, ilk sırada, çox asanlıqla axıb başıma dolur. Beynimin qatlarında, tez-tez öz rənglərini dəyişən, birdən yaşıl, birdən də göy rəngə çalan bakteriyalar yaşayırlar; başqa bir qatda mənim gələcəkdə taunun aradan qaldırılması ilə bağlı keçirmək istədiyim elmi simpoziumların təsvirləri yer alıbdır; indilikdə beynimdə doğulan, tauna qarşı savaş açan bu məsləhətlərin, təkliflərin önəmi yoxdur, bugün insanlıq üçün ən böyük qorxu: vərəmdir! O, yoluxucudurmu, yoxsa hər bir insan, orqanizmində baş verən proseslərdən asılı olaraq, ona ayrıca yoluxur, onun yaranma səbəbi nədir, Berlində yaşayan doktor Koxun10 vərəmi törədən və laboratoriya şəraitində də yaradıla bildiyini dediyi, vərəm çöplərini tapması ilə bağlı dedikləri doğrudurmu?
Səndən məktub alınca, bütün bu yuxular, dalğınlıqlar çəkilib gedir, yaşam bütün çoxçalarlığı və alabəzəkliyi ilə mənim alaqaranlıq hücrəmə dolur. O andaca, beynimdə dolaşmaqda olan bütün mürəkkəb problemlər yox olur, beynimi yoran anlaşılmaz xəstəlik tarixçələri dəyərini itirməyə başlayır, daha sonra, elə bil, hansısa sehrin köməyi ilə, çağdaş elmin durumu ilə bağlı olan çoxlu nəzəriyyələr də düşüncələrimdən uçub harasa gedirlər. Yaşam, birdən-birə isti, sevinclərlə dolu və anlaşıqlı olur. Mənim vurğunu olduğum sevgilimin beynimdəki bu qarabasmaları və qorxunc mifləri qovub dağıtmaq gücü də varmış. Onun varlığını duymaq üçün mən hansısa kimyəvi reagentə (aşılayıcıya) gərək duymuram. O mənim vurğunu olduğum bir gerçəklikdir – o mənim səadətimin daşıyıcısıdır, onu xəstəlik daşıyıcılarından ayıran da elə budur. Umarım, sən yetərincə sağlamsan. Bu, sənin yazdığın məktubdan da bilinir, yalnız fiziki və ruhi sağlamlığı yerində olan, bu çox gərəkli yetkinliyə çatan birisinin belə işıqlı düşüncələri ola bilər, mən bütün bunları, bir həkim olaraq, açıq-aydın duyuram.
Ah Marta, birdən hər bir insan keçdiyi yaşam sınaqlarından qazandığı biliklərini hansısa düsturlar və rəylər şəklinə sala bilsəydi, necə də gözəl olardı. Ancaq gün ərzində on bir saatdan artıq gərgin əməyə qatlaşmaqla yaşayan və bu müddətdə ağır yaşam sınaqlarından keçib onlarla bağlı yaşantılar və biliklər qazanan insan, istəristəməz, öz insanlığından uzaqlaşmalı olur. Ona görə də, biz hər gün öz insan ömrümüzü yenidən başlamalı oluruq. Onun üçün də, hər gün bizim üçün yeni olan başqa bir yaşam sınağından keçib, büsbütün yeni olan bilgilər qazanmalı oluruq.
İstəkli sevgilim, sabah da sənə məktub yazacağam. Sağlamlığını qoru. Ömrünə, bacardıqca, sevinc qatıb yaşamağa çalış.
Sənin dönməz sevgilin Ziqmund
10 Professor Robert Kox (1843-1910) – Froudla bir çağda yaşamış, 1882-ci ildə vərəm xəstəliyini törədən vərəm çöplərini tapmışdır.