Vyana, şənbə günü, 20 iyun 1885-ci il, axşam

Mənim bambalaca şahzadə xanımım!

Gün gələcək, hər şey çox gözəl olacaq – mən varlanacağam, əlim-qolum açılacaq və sənə çox gözəl sovqatlar gətirəcəyəm, sonra Parisə gedib orada böyük alim olub, başımda müqəddəslərin nimbası (xristian ruhanilərinin rəsmlərində, onların başlarının üstündə görünən işıqlı çevrə) ilə Vyanaya qayıdacağam və biz evlənəcəyik.

Mən bütün sağalmaz əsəb xəstəliklərini sağaldacağam, səni öz alovlu öpüşlərimlə xəstələnməyə qoymayacağam, həmişə sağlam olacağıq, sevinclər və gülüşlər içində keçən bir ömür sürəcəyik. İşimiz ancaq yaşamaq olacaq –ölməyəcəyik.

Öncə istədim sənə teleqram vurub, elmi şurada, səkkiz səsə qarşı on üç səs almaqla dosent seçilməyimi sənə çatdıram. Ancaq sən onda bu seçkidə baş verənlərlə bağlı bilgisiz qalardın deyə, bunu eləmədim, bir də mənim xəttimlə yazılmış bu açıqcanın da sənin üçün dəyərli olduğunu bildiyimdən, məktub yazmağa üstünlük verdim.

Sənin ürəyinə daman o beş yüz marka, üstəgəl altı yüz səkkiz qulden pulumuzun olması deyəsən çin olacaqdır. Əlimdə bir iş var, onun baş tutmasından çox şey gözləyirəm. Mənə elə gəlir, iş yoldaşlarım olan professorlar mənim onlarla bir sırada olmağımı çox da bəyənmirlər. Bu məni pisikdirə bilməz. İyun mənim üçün ayların gözəli olduğundan, bu ayın mənə illər öncəsi gətirdiyi sevinc ilə yetinirəm.

Elmi şuradakı səsvermədən keçəndən sonra, ümumi yığıncaqdakı səsvermədə üç səsə qarşı doxsan səs qazanmaqla dosent vəzifəsinə təyin olundum. Öncə mənə qarşı bir səs verilmişdi, bir az sonra məni istəməyən daha iki nəfər gəlib çıxdı.

Səkkiz gündən sonra, elmi araşdırmalarımla bağlı: “Baş-beynin anatomiyası” adlı sınaq mühazirəm olacaqdır.

Sənə ürəkdən gələn alqışlarımı göndərirəm, üstündən uzun bir müddət keçsə də, çatdığım bu səadətə alışa bilmirəm. Mənim üçün ən böyük səadət, üç il öncə, 17

iyunda səninlə adaxlanmağımdır!

Sənə yüz min öpüş göndərirəm.

Sənin Ziqmundun

Paris, bazar ertəsi, 8 yanvar 1886-cı il, gecə saat on bir Mənim istəkli şahzadə xanımım!

Dünən iş vaxtım qurtarandan sonra bir analitik araşdırmamın qaralamasını yazıb bitirdim. Bugün isə, sənin çoxdan gözlədiyim dəyərli məktubun gəlib çıxdı. İndi sənə cavab yazmağa tələsirəm, yoxsa, bugünlər başım bərk qarışdığından, sonra sənə məktub yazmağı çatdıra bilmərəm, sən də məndən uzun bir müddətə soraq tuta bilməzsən.

Dünən mən bir saata kimi Şarkonun18 yanında oldum, onun on vərəqlik əlyazmasını almancaya çevirmək üçün götürdüm. Mən bu böyük alimlə görüşümdən, onunla danışığımdan sənə bir az geniş yazmaq istəyirəm, ola bilsin, sonrakı məktublarımda yazdım. Bir-iki gün öncə o mənimlə Rikettini ikinci gün, işdən sonra öz evinə qonaq çağırıbdır. Mənim bu qonaqlıqla bağlı həyəcanlarımı və orada baş verəcəklərə necə maraq göstərdiyimi yaxşı başa düşərsən.

Gərək ağ əlcəklər geyinim, qalstuk taxım, təzə köynək geyinim, saçımı qırxdırıb artıq tüklərini aldırım, habelə bu kimi xırdalıqları gözləyim. Dilim topuq vurmasın deyə, bir azca kokain19 də udmalı olacağam. Gərək bu yeniliyin Hamburqda və

Vyanada yayılması qayğısına da qalam, bir az da özümdən artırıb, bu böyük alimin mənim alnımdan öpdüyünü də uyduram.

Görürsən, mənim işlərim pis getmir və sənin gələcək üçün qurduğun planları da bəyənirəm. Məncə, bunları çox yaxşı düşünmüsən.

Sənə ürəkdən gələn alqışlarımı yetirirəm. Çox istərdim, sənin diş həkimin özüm olam.

Sənin Ziqmundun

18

Şarko Jan-Marten (1825-1893) – fransız həkim psixiatr, Froudun müəllimi olmuşdur. Şarko öz çağının ən böyük nevropatoloqlarından biri sayılırdı, o isteriyanın yeni psixoloji nəzəriyyəsinin yaradıcısı sayılır.

19

Froud kokainin elmi baxımdan öyrənən ilk araşdırıcılardan biri olmuş, gənclik illərində, yanlış olaraq, onu psixi sarsıntıları və depressiyanı aradan qaldıran bir arac saymışdır. Froud özü də kokain qəbul eləmiş, yaxın arxadaşlarına və doğmalarına da bunu gərəkli bir arac kimi tanıtmışdır. Onun kokainlə bağlı yazıları bu narkotik maddənin geniş yayılmasına gətirib çıxarmışdır. Sonradan, kokainin narkotik olduğu aydınlaşanda, Froud, çox çətinliklə olsa da, kokainlə üzülüşə bilmişdi.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.