Vyana, bazar günü, 16 sentyabr 1883-cü il

Mənim istəklim!

Öncə, sənin bir sıra düşüncə və mühakimələrində, mənə qarşı ədalətsizliyə və yanlışlığa yol verdiyini demək istəyirəm və sən bunları aradan qaldıra bilsəydin, çox sevinərdim. Bəyəndiyini dediyin o iki geyimi sevinclə sənə bağışlamaq istərdim. Sən mənə almaq istədiyin gödəkcənin neçəyə olduğunu niyə yazmırsan? Düzdür, indi əlimdə pulum yoxdur, ancaq gələn ay çalışıb bu istədiyin nəsnələri almaq üçün pul düzəldəcəyəm.

Sən öz əyin-başının qayğısına qalmaqdan çəkinmə, mən də özüm üçün gərəkən şeyləri almağa pul əsirgəmirəm. Sən gəncsən və gözəl geyinib-keçinməyin sevincini duymaq sənə yaraşır! Mənə elə gəlir, səni yaxından tanıyan istənilən birisi, sənə sevinc gətirəcək nəsə bağışlamaq fürsətini qaçırmazdı. Elə isə, sən nə üçün belə bir imkanı mənim üçün yaratmaq istəmirsən? Yoxsa bunu mənə çox görürsən?

Sənin məktubunu oxuyanda, elə bil, göylərdən enmiş bir mələyin səsini eşidirdim. Məktubunu oxuduqca duyduğum bu ilahi səs, könlümü qanadlandırıb, məni yerdən ayırdı, yersiz qayğılarımı, dəymədüşərliyimi, çaşqınlığımı və inamsızlığımı unutdurdu.

Sənin qanını qaraltmaq istəməsəm də, deməliyəm, bugün mən böyük bir sarsıntı içindəyəm, gözlənilmədən baş verən bir bədbəxtçiliyin dözülməz acısını çəkməkdəyəm. İndi durub morqa gedəcəyəm, bir azdan orada dostum Natan Vaysın meyitini yaracaqlar. O bir ay olardı evlənmişdi və bir neçə gün öncə ongünlük toy gəzintisindən qayıtmışdı. Natan ölümündən qabaq polisə çatası iki məktub yazmışdır.

Bu məktublarda o özünün ölüm xəbərini ata-anasına çox ehtiyatla çatdırmağı xahiş eləyir və arvadının ona dönük çıxması ilə bağlı xəbərin qəzetlərə bildirilməməsini istəyir.

Sentyabrın on üçündə, günortadan sonra, saat ikinin yarısında onun Dandştrassedəki evində özünü asıb öldürdüyünü bilmişdilər. Həftənin dördüncü günü, axşam çağı, Natan Vaysın işlədiyi qospitalda onun ölüm xəbəri yayılmışdı.

Deyilənə görə, iş yoldaşlarından biri bu xəbərin yalan olduğuna özünü inandırmaq üçün qaçaraq Natanın kabinetinə baş çəkmişdi. Ancaq kabinetin qapısı bağlı imiş.

Biraz sonra, Natanın bu qospitalda həkim işləyən qardaşı gəlib çıxmış və onun ölüm xəbərinin doğru olduğunu bildirmişdi. Beşinci gün səhər ertədən Lyusqarten mənim yaşadığım evə gəlmişdi. Mən yataqdan qalxıb onu qarşılamağa macal tapmamış daha iki iş yoldaşım bu acı xəbəri mənə çatdırmaq üçün gəlib çıxdılar. Bizim heç birimiz buna inanmaq istəmirdik. Bu yaxınlaracan yaşam sevgisi aşıb-daşan, enerjili, çalışqan birisini indi ölmüş və susqunluq içində görmək, bizim üçün, dözülməz dərəcədə ağır idi. Onun yaşam sevgisi çox güclü idi və onun öz ömrünə qıyması inanılmaz görünürdü.

...İndi onu torpağa tapşırandan sonra da, onun yoxluğa gömülməsinə və bir də heç vaxt onu görməyəcəyimə özümü inandıra bilmirəm. Bu, qarşısıalınmaz qorxunc olay nə üçün baş verdi? Axı o, çox böyük uğurlar qazanaraq, qarşısına qoyduğu məqsədlərə doğru gedirdi və bütün arzularına çata bilmək üçün çox böyük şansları da vardı. O dosent idi və iş yerində, qazandığı bu üstünlüyünün dadını çıxarmağa çalışdığı, bununla öyündüyü açıq-aydın duyulurdu. O artıq öz işinin bilicisi olan bir həkim kimi ad-san qazana bilmişdi. Bu yaxınlarda o xəstəxanada şöbə müdiri vəzifəsini tutmuşdu. Bununla da, onun öz həkimlik praktikasını artırmaq üçün çox böyük imkanları yaranmışdı.

Natan lap bu yaxınlarda evlənmişdi. Ancaq, görünür, elə bu evlilikdən sonra qarşılaşdığı hansısa durum onu özünü öldürməyə sürükləmişdi. Bu durumun nə olduğu bizə bəlli deyildir. Ancaq onun ölümünün niyəsinin evlənmək olduğuna söz ola bilməz. İndi yaxşı xatırlamıram, mən deyəsən onun necə evləndiyini sənə yazmışdım, ancaq bilmirəm, mən bu olayı sənə bütün detallarınacan yazmışammı?

Necə olursa olsun, mən indi bununla bağlı bildiklərimi bütün genişliyi ilə sənə danışmaq istəyirəm, bu anlarda mənə elə gəlir, dostum ölməyib və mən də sənə onun başına gələnləri danışıram.

Onun obrazı diriymiş kimi gözlərimin qarşısında dayanır və mən bu anlarda onun xarakterindəki bütün yaxşı və pis özəllikləri bircə-bircə xatırlamağa başlayıram. Onun ömrü, sanasan, bir şair ömrü kimi çoxçalarlı idi və elə buna görə də, bu vaxtsız ölümü də qaçılmaz bir faciə kimi qavranıla bilər.

Onun atası yerli dini məktəbdə mühazirə oxuyur; o çox istedadlı bir alimdir, çin dilini bütün incəliklərinədək bilir və istəsə lap universitet professoru da ola bilərdi.

Ancaq bütün bu intellektual üstünlüklərinə baxmayaraq o, xaraktercə çox ağır, amansız və pis bir adamdır. Natan onunla bağlı danışıqlarında tez-tez deyərdi:

“Mənim atam çox qorxunc bir adamdır”. Natanın anası çox enerjili, çalışqan, ürəyiyuxa bir qadındır, onun əri ilə heç bir mənəvi yaxınlığı olmasa da, onunla cinsi yaxınlığından doğulan çoxlu uşaqları vardır. Bu ipək təbiətli qadın, özünün çoxsaylı uşaqları ilə evdəki yoxsulluğun bütün ağrı-acılarını bölüşmüşdü. Onların evində amansız bir yoxsulluq hökm sürürdü, ürəkaçan heç nə yox idi, uşaqlar nə sevgi, nə bir qayğı görür, hansısa tərbiyədən isə söz belə gedə bilməzdi, tərbiyə adına, atalarının onlara qarşı çox sərt bir tələbkarlığı vardı. Atalarının özünəvurğunluğunu doğrultmaq üçün uşaqların hamısı çox yaxşı oxumalı idi. Ancaq onların çoxu bunu bacarmırdı.

Natanın qardaşlarından biri, başqa çıxış yolu tapmayıb, onun üçün oxumağın çox ağır olduğu institutun elə birinci kursunun birinci yarımilində özünü güllələyib öldürmüşdü. Atasının öz oğullarını belə sıxma-boğmaya salmasına baxmayaraq, onlardan ancaq Natan, bir də bizim xəstəxanada işləyən o biri qardaşı ali təhsil ala bilmişdilər.

Natan qardaşlarının arasında ən istedadlısı idi. Atasının istedadı ona keçmişdi, ancaq o, atası kimi amansız birisi deyildi, onun yaxşı özəllikləri çox idi. Düzdür, bir çoxları onu pis adam kimi tanıyırdılar, ancaq tanıyanların bir çoxu da onu yaxşı bir insan kimi dəyərləndirirdilər.

Onun bütün maraqları, çalışmaları, bir sözlə, bütün ömür yolu, özünü təsdiq eləməyə yönəlmişdi. O bu yaşamdan nə istədiyini çox yaxşı bilirdi və işləri düz gətirməyəndə, öz maddi durumu ilə hesablaşmadan, kəsə yolla getməyə çalışırdı. O özünə qarşı deyilən haqlı qınaqları dəyərləndirə bilməzdi, özünün kiməsə elədiyi, yaxud da eləmək istədiyi pislikləri də çox tez unudardı. Onda başqalarına yaxşılıq eləmək istəyi də vardı və çox vaxt, öz davranışlarını bunun üstündə kökləməyə də çalışardı.

Breyer, onun gözü doymayan birisi olduğunu çox doğru demişdi. O bunu deyəndə bir çvikaulu qocanın öz oğlu ilə olmuş danışığını xatırlatmışdı, qoca soruşur:

“Oğlum, de görək, sən nə istəyirsən?” Oğlu deyir: “Yer üzündə nə varsa, hamısını”.

Natan çox iradəli adam idi və o, doğrudan da, öz ömründə əldə eləyə biləcəyi uğurların hamısına çatmaq istəyirdi. Onun ölçüyəgəlməz özünəvurğunluğu çox böyük enerjisinə və qeyri-adi davranışlarına uyğun idi. Ancaq o öz uğurlarını təkcə elə bu özəlliklərinə görə qazanmamışdı, mən onun xarakterində başqa özəlliklərin də olduğunu görürdüm. Onun kimliyinin ən başlıca özəlliyi, bacardıqca, yaşamın əyləncə və sevinclərinin dadını çıxarmağa çalışması idi. Onun başqa dillərdə danışan və biribirindən fərqli düşünən çoxlu dostları vardı. O özünü heç vaxt kəmağıl və başısoyuq bir insan kimi aparmazdı və çoxlu durumlarda, bir çox işləri başqalarından qat-qat yaxşı bacardığını da göstərə bilmişdi. Onun düşündüyü və danışdığı nə varsa, hamısında, bir yumşaqlıq, elastiklik, istilik vardı və o bütün davranışlarında özünün dəyərini qabartmağı sevərdi, onun bütün çatışmazlıqlarına baxmayaraq, bir az dərinə gedəndə, onun belə üstünlüklərinin olduğu da üzə çıxardı.

Onun istedadı çox kiçik olduğundan, biliyi də dar bir çərçivəni aşa bilmirdi, heç vaxt problemlərin dərinliyinə vara bilmir, elmdə uğur qazanmağın başlıca şərtlərindən olan tənqidi yanaşma və sarsılmaz özül qurmaq kimi bacarıqlar onda çatışmırdı. Onun qazandığı uğurlar ötəri olmaqla, yalnız üzdən uğura oxşayır, özlüyündə isə heç bir özgün anlam daşımırdı. Bütün mühakimələrində onun qızğınlığı, mənlikcə yoxsulluğu, yaşama bağlılığı və düşüncələrinin çılpaqlığı duyulurdu. O Anton Auerşperqin bir şerindəki poetik obraza çox bənzəyirdi. Meşə, meşə talası və günəşin şüaları biri-birinə qarşılıqlı təsir eləyirlər, ancaq bu durumda onlardan hər birinin özünəməxsusluğu da gözə çarpacaq olur. Natan Vays hansısa bəlli faktdan danışanda çox böyük təəssürat yarada bilirdi, o bu durumda, sanasan, özünün tapdığı böyük bir kəşfi açıqlayırmış kimi danırdı. Belə demək olarsa, o özünün çox yüksək zarafat eləmək bacarığı ilə sıradan bir avropalının kimliyini açıqlamağa çalışır, onu ələ salırdı, ancaq elə özü də bu avropalını ötüb keçə bilmirdi. O yörəsində olan insanları uzunuzadı güldürməyi bacarsa da, ancaq onu sevən insanlara çox az inam aşılaya bilirdi. Tanışları arasında gördüyü işlərlə bağlı olan yaxşı rəylərin yaranmasında onun özünün çox böyük rolu vardı, o özü haqqında belə düşüncələri formalaşdırmaq üçün yaranan bütün durumlardan yararlanmağa çalışır, harada olursa olsun, sözü çəkib öz üzərinə gətirir, çəkinib eləmədən, özünü bugün üçün, işinin ən böyük bilicisi kimi tanıtmağa çalışırdı. Onun istedadının başlıca üstünlüyü çox çevik düşünmək bacarığında və bu özəlliyini, yerinə düşən zarafatları ilə birləşdirə bilməsində idi.

Sözün qısası, Natanın duyumu, sağlıq durumu və ovqatı bütünlüklə onun cismani çevikliyindən və təsəvvürlərinin aydınlığından doğulurdu. Biz ara-sıra şampan içəndə necə yüngülləşir, enerjili və sevinc içində oluruqsa, onun da ovqatı həmişə buna oxşar bir durumda olardı. Natanın davranışlarında özünü göstərən arasıkəsilməz çevikliyi, onun qarşısıalınmaz bir çılğınlıqla, yüksəlişə can atdığını göstərməkdəydi. Ona görə də, onun özünü öldürməsinə inanmaq bizim üçün çox çətindir. Bizlərdən heç kim son çağlar onun küskün və üzgün olduğunu görməmişdik.

O bütün intellektual gücünü elmin bir bölməsini araşadırmağa yönəltmişdi. Elə buna görə də, onun dünyagörüşü birtərəfli və subyektiv idi. Onun başlıca çatışmazlığı dünyagörüşünün geniş olmamasında idi. O elmi bütün genişliyi və ənginliyi ilə qavramağa çalışmazdı, onun maraqları tibbin bəlli bir kəsiminə ilişib qalmışdı. Onda insaniliklə və təbiiliklə bağlı olan duyğulardan həzz ala bilmək bacarığı yox idi. Ondörd il ərzində o işlədiyi xəstəxanadan qırağa çıxmamış, orada bir avtomat qurğu kimi işləmişdi, onun getdiyi yerlər isə uzaqbaşı mehmanxana və kafe olmuşdu. Aradabir, dincəlmək istəyəndə, o böyük həvəslə, kart, ya da şahmat oynayardı, oyunun gedişində bərk həyəcan keçirsə də, ancaq qıraqdan baxanda onun özgün və kəskin zarafatları çox yapışıqlı görünərdi. Bu durumda onun davranışlarını izləmək, hansısa ürəyəyatımlı teatr tamaşasına baxmaq qədər xoş gəlirdi. O özünə dalıb, dünyanın gözəlliklərini toxtaqlıqla izləyə biləcək birisi deyildi. Toydan sonrakı gəzintidən qayıdandan sonra mənimlə ayaqüstü danışığında o boynuna almışdı: “Mən saatlarla oturub dənizi izləməkdən sevinc duya bilmirəm, bu məndə heç bir duyğu coşqunluğu yarada bilmir”. Kiminlə danışmasından asılı olmayaraq, onda bir damcı da olsun çəkingənlik və utancaqlıq olmazdı. Dünyada baş verənlər onu büsbütün ilgiləndirməzdi, təkcə öz peşəsi üzrə yeniliklərlə maraqlanardı. Onun davranışlarında çox sıx-sıx düşüklük və utanmazlıq da özünü göstərərdi. Sən bacın Minna ilə onu görəndə Natanı qeyri-adi bir insan sanmışdınız. Sizinlə görüşdə o özünü yığışdırıb, yersiz davranışlarından çəkinməyi bacarmışdı. Tələbə olanda o bir qıza vurulubmuş, ancaq yazıqlar olsun, qız onu sevməmişdi. O qız sonradan, Natandan fərqli olaraq, çox yaxşı özəllikləri olan birisinə ərə getmişdi. Uğursuz sevgidən sonra Natan mənəviyyatca heç dəyişməmiş, onun bütün əyər-əskikləri necə varsa eləcə də qalmışdı.

O, bütün uğurlarını yaxşı bir həkim kimi ad çıxarandan sonra qazanmışdı.

Olduqca az dostu vardı, mənimlə dostluğunda da çox dəymədüşərlik eləyərdi. Bütün tanıyanlar onu adi insanlıq normalarından və qaydalarından qırağa çıxan bir fenomen sayardılar. O öz planlarını hamıdan gizlədən birisi idi və bir neçə il ərzində ən yaxın dostlarına belə öz işlərinin gedişindən danışmaya bilərdi. Düzdür, o, aradabir, çox oturub-durduğu adamlara ürəyini açardı. Onun ruhunda nəsə bir qarmaqarışıqlıq olduğu duyulurdu; biz yalnız ölümündən sonra onun çox şeyləri bizdən gizlətdiyini öyrənə bildik. O mənə böyük sayğı və sevgi ilə yanaşardı, ancaq aradabir ürəyimə toxunmağı da vardı. Bir dəfə o mənə çox qəribə bir söz dedi. O ölümündən sonra bütün əmlakının mənə çatmasını vəsiyyət eləmək istədiyini deyir, nəyi varsa mənim adıma keçirmək istəyirdi. Mənə bu təklifi eləyəndə onun özünəvurğunluğu, yaxşılıqsevərliyi və tikansız yumorunun biri-biri ilə baş-başa verdiyi duyulurdu.

O, gərək duymayanda, öz işlərini başqalarından gizlətməyə çalışmazdı. Öz işində qazandığı və elmdə əldə eləyə bildiyi uğurlar onun yekəbaşlığını və lovğalığını örtbasdır eləyə bilirdi. Düzünə qalsa, o başqalarının öyüncünü qazanmağa can atmazdı. O haçan istəsə, adamı vurğun eləyən bir bacarıqla və çox asanlıqla, özünü yaxşılıqsevər və umacaqsız birisi kimi tanıda bilirdi. Bax, onun xarakteri belə idi.

Mənə böyük sayğı ilə yanaşmasına baxmayaraq, açıq danışası olsaq, daşıdığı özəlliklərin onu bir gün özünü öldürməyə gətirib çıxaracağı da gözlənilən idi. Özünü öldürdüyü anlarda o, çox ola bilsin, puç olmuş arzularından və uğursuz sevgisindən bərk sarsılmış bir durumda olmuşdu. Ola bilsin, onu sarsıdan faktorlardan biri də, özünü yaradıcılıqda və elmi işdə axtarmağa can atıb ancaq bunu bacara bilməməsi olmuşdu. Ola bilsin...

O varlı adamların evlərinə gedər, orada gücü çatmayan, boyuna biçilməyən rollar oynamağa çalışardı. Bir dəfə o, ötəri bir danışığımızda, yoxsul bir qızla evlənib onu ağ günə çıxarmaqla yörəsindəki insanların sayğısını qazanmaq istədiyini demişdi. Onun evlənmək istədiyi üç qız vardı: Helene Fain, çox gənc bir qız olan Hammerşlaq (Froudun ata-anası ilə dostluq eləyən ailənin tək qızı olmuşdur), bir də mənim kiçik bacım Roza. Onun Rozayla evlənmək istəyinə düşməsini mən ancaq dünən bildim və bu məni şaşırdı, axı Natan Rozanı vur-tut bircə dəfə görmüşdü. O bu ürəyinə yatan qızlardan birincisi, ən varlısı ilə evlənmək istəyirdi və bir ara onun arxasınca düşmüşdü. Ola bilsin, o bununla öz dolanışığını biryolluq yaxşılaşdırmaq istəyirdi.

Ancaq sonradan onun evlənməklə bağlı planında gözlənilməz bir dəyişiklik baş verdi. Onun üç il bundan öncə mənə dediyi bu sözləri olduğu kimi xatırlayıram: “Bu gün bir xanım mənim yanıma müalicə olunmaq üçün gəlmişdi, iki qızı da onunla yanaşı idilər. Ah, bilsən, qızlar necə də gözəl idilər! O da məni bəyənsəydi və çoxlu pulum olsaydı, düşünmədən, o xanımın böyük qızı ilə evlənərdim”. Natan, dediyi kimi, elə o böyük qıza vuruldu və onunla adaxlandı. Çox keçmədən o bu qızla evlənmək istədiyini öz qohumlarına da bildirdi. Brunhilda adlanan bu qız çox uzun bir zaman onun sevgisinə hə deməmişdi. Bu qız, təbiətcə adamayovuşmaz, dönüklüyə meyilli və iddiasız birisi idi. Ancaq çox ağıllı və ehtiyatlı olması ilə də seçilirdi. Natan ondan aldığı məktublardan ikisini oxumaq üçün mənə vermişdi. Bu məktublardan onun adaxlısı olan bu qızın qadınlıq incəliyi ilə qovuşmuş çalışqanlığı və iradəliyi aydınca duyulurdu.

Natanla adaxlananda onun artıq iyirmi altı yaşı vardı. Bu qızın qarşısına çıxacaq prinslə bağlı xəyalları artıq çoxdan arxada qalmışdı. Necə deyərlər, o artıq sevmədən evlənməyin də, yolverilən olduğu çağlarını yaşayırdı. Natan çılğınlıqla onu sevdiyini deyir, qız isə onun sevgisini rədd eləyirdi. O, Natanın kobudluğunu, lovğalığını bəyənmirdi, habelə, Natanın onunla davranışında bilərəkdən və bilməyərəkdən buraxdığı olduqca çoxlu etik yanlışlıqlar da onu bezdirmişdi. Ancaq Natan, onu yola gətirmək üçün, özünü yaxşılığa doru dəyişəcəyinə, qabalığından əl çəkəcəyinə, söyüş söyməyəcəyinə söz vermişdi. Mənə elə gəlir, bu qız ona sevgi ilə yanaşsaydı, verdiyi vədləri yerinə yetirməyə onun gücü çatardı. Çox sonralar qız Natanın sevgisinə inanıb evlənməyə razılıq verdi. Çox ola bilsin, ilk çağlar qız ona bir az vurulmuşdu da. Sözsüz, kiməsə qarşı yaranan vurğunluğun öncədən gerçək sevgi olub-olmadığını demək çətindir.

Natan, böyük bir sevinc içində, iş yoldaşlarına və həkim tanışlarına özünün ailə quracağı ilə bağlı xəbər verdi.

Evlənəcəyi qızın cehizi ilə bağlı soruşanda o, bunun onu maraqlandırmadığını deyirdi. Adaxlandıqdan sonra Natan getdikcə daha çox qəmli və qanıqara olmağa başlamışdı. Onların arasında sözləşmə, dava-dalaş başlamışdı. Natan adaxlısı ilə savaşmaq üçün çox tez-tez müxtəlif bəhanələr tapırdı. Qız da kədərli gəzib dolanır, tez-tez ağlayır, Natandan küsür, onunla görüşüb-danışmaqdan heç bir sevinc duymurdu. Bir az sonra, onun və bacısının isteriya xəstələri olduğu da bəlli olmuşdu.

Mən bütün bunları biləndən sonra Natanla danışdım, yalnız elə üzdən gözəl olan, sağlamlığı yerində olmayan bir qızı sevməyin, onunla öz taleyini həmişəlik bağlamağın düzgün olmadığına onu inandırmağa çalışdım, evlənməyə tələsməməsi, qıza düşünmək üçün vaxt verməsi üçün onu dilə tutdum. Ancaq onun lovğalığı düzgün qərar verməsinə mane oldu və o, nəyin bahasına olursa olsun, onunla evlənməyə qızı razı salmağa çalışdı. O qıza min quldenlik hədiyyələr alır, yerli-yersiz ona böyük məbləğdə pullar verirdi. Yaşadığı evi bəzəmək, gözəl görünüşə salmaq üçün o, əlində olan, illərlə topladığı bütün pullarını xərcləyib qurtarmışdı. Bütün bunlara baxmayaraq, qız tərslik eləyir, onunla evlənməkdən boyun qaçırırdı, Natan isə bunu ürəyinə salır, bərk acıqlanırdı. Bir dəfə Natanın mənə danışdığına görə, qız ona öz bacısı ilə evlənməyi təklif eləmiş, Natan razılaşmayanda isə, heç olmasa toyu gecikdirməyi xahiş eləyib onu buna razı salmışdı, bütün bunlar onun Natanı sevmədiyini açıq-aydın göstərməkdəydi. Mən bunları Breynerə danışmışdım. Onda Jozef Breyner belə demişdi: “Hansısa qız belə bir ovqatla ərə gedirsə bunun axırı çox pis qurtara bilər. Bu durumda ən yaxşısı onun yaxın qohumlarından birinin işə qarışması, qızı, ona vurulan adamla evlənməkdən çəkindirməsidir. Ya da bütün yaxınları, doğmaları birləşib ona köməklik eləməlidirlər. Bu durumda, qızı, qısa bir müddət üçün, harayasa, uzaqlara gəzməyə yola salır, o da az bir vaxtda öz tərəddüdlərindən əl çəkib, onu sevən kişiyə birdəfəlik rədd cavabı verir”.

Necə acı olsa da, bu qızın onu sevmədiyinə, haçansa onu atıb gedəcəyinə, Natanı inandıra bilmişdim. Mən onu, bu olaya ayıq başla yanaşmağa və düzgün qərar verməyə çağırmışdım. Ancaq o, nə olursa olsun, bu işdən əl çəkmək istəmədi və onun bütün bu dirənişi ancaq bir məqsədə qulluq eləyirdi. O, adamların gözü qarşısında uğursuzluğa düşməsini özünə sığışdıra bilmirdi.

Qızın doğmalarının və yaxınlarının da özlərini ağılsızcasına apardıqlarını və ona təsir eləmək üçün yetərincə çalışmadıqlarını da deməyin yeridir. Bu yazıq qız, özündə güc tapıb Natanın sevgisini rədd eləməkdənsə, ancaq zaman-zaman toyun vaxtını gecikdirirdi. Mənim Natanla çox ciddi bir danışığımdan sonra o, beş gün sonra bir müddət üçün buralardan uzaqlaşacağına söz vermişdi. Ancaq o, söz verdiyi kimi, çıxıb getməkdənsə, gözlənilmədən, toy eləyib evləndi. Görünür, o adaxlısının qarşısında iki yoldan birini seçməyi bütün kəskinliyi ilə qoymuşdu: ya evlənmək, ya da biryolluq üzülüşmək. Qızın niyə belə elədiyini anlamaq çətin deyildi. Mənə elə gəlir, Natan adaxlısı ilə, evlənməyə qədər yasaq olan işlərin hamısını güclə ələ gətirmiş, bununla da qızı özünə həmişəlik bağlamaq istəmişdi. O bu davranışı ilə, təbiətcə xəstə, küsəyən və vasvası olan bu qızda özünə qarşı güclü psixoloji nifrət oyatmış, onun gözündən büsbütün düşmüşdü. Habelə, qızın ona bəslədiyi az-maz sevgi duyğularını da həmişəlik söndürmüşdü. O, bütün uğurlarını öz gücünə arxalanmaqla qazandığı kimi, sevgidəki uğurunu da güc işlətməklə qazana biləcəyini düşünürdü. Elə buna görə də, sevdiyi qızın onu rədd eləməsini bilsələr, bunun, başqalarının gözündə ona əskiklik gətirəcəyini sandığından, tələm-tələsik toy eləyərək, gerçəkdən nə baş verdiyini ört-basdır eləmək istəmişdi.

Toydan sonra mən onu, yalnız bir dəfə, ötəri görmüşdüm, ayaqüstü danışıb ayrılmışdıq. Sentyabrın on ikisində Panet onunla görüşmüş, evliliyinin necə baş tutduğunu soruşmuşdu. O, qısaca: “yaxşı nə vardısa keçmişdə qaldı” demiş, ona ürəyini açmaqdan çəkinmişdi. Sentyabrın on üçündə isə o özünü asmışdı.

Nə baş vermişdi, onu bu faciəyə sürükləyən nə idi? Adamlar onun ölümündə bütün suçu Natanın arvadının üstünə yıxmağa çalışırlar. Mən isə onlara inanmıram, belə düşünmürəm.

Onun bu faciəsi üzərində çox düşünmüşəm, mənə elə gəlir, onun özünü öldürməsinin niyəsi tutduğu yolun onu uğursuzluğa gətirib çıxardığını bütün dərinliyinəcən anlaması və bunun ağırlığına dözə bilməməsindədir. İstəklərinin cavabsız qalmasından yaranan hikkəsi və quduzluğu, acığından başını itirməsi, elmi karyerasının və böyük saydığı istedadının ailə faciəsinin qarşısını ala bilməməsindən sarsılması, onu bu addımı atmağa gətirib çıxarmışdı. Bunu da gizlətməyəcəyəm, toydan öncə, ona gəlinin çox bahalı cehizi olacağını demiş, ancaq onu aldadaraq çox az cehiz vermişdilər və bu da onu özündən çıxarmışdı. Məncə, onun ən başlıca çatışmazlığı, yaxınlarına güvənə bilməməsi, dostlarına ürək qızdırıb, dərdini bizimlə bölməməsi idi.

Onda özünü göstərən, yersiz kişilənmə, onu ən kiçik qıcıqlardan belə quduzlaşmağa gətirib çıxarırdı, elə bu özəlliyi də onun evini yıxdı. Düşdüyü bu durumda özünün gücsüzlüyünü anlayanda o, bundan bərk sarsılmışdı. Onu ölümə sürükləyən psixikasının özəllikləri idi, bir sözlə, onun kimliyindəki özünəvurğunluq mənliyindəki yaxşılıqlardan və soyluluqdan (nəciblikdən) güclü çıxmışdı.

Natanı torpağa tapşıranda onun və arvadının ailəsi arasında bərk sözləşmə oldu.

Onun hələ qapağı örtülməmiş tabutu üstündə hönkürtülərə qarışmış və bu durumda çox iyrənc görünən, qarğışlar, qisas almaq çağırışları səslənməyə başladı, elə bil, bu qarşıdurmanı da yaradan Natanın özü idi.

Natanın qoca atasının dostlarından biri, yerli institutda müəllim işləyən Fridman da qəbir üstündəki çıxışında araqarışdıranlıq elədi: “Ata-anası qocalıq çağlarında onun özlərinə dayaq duracağına, onları çətinliklərdən qoruyacağına inanırdılar. Ancaq budur, o indi tabutda uzanıb qalıb. Müqəddəs kitablarda yazıldığına görə, kimsə ölübsə və onu kimin öldürdüyü bəlli deyilsə, onda gərək ölənin yaxınları və doğmaları axtarıb onu kimin öldürdüyünü tapsınlar. Sözsüz, ata-anası və qardaşları Natanın ölümünü istəməzdilər, deməli, onu öldürən başqasıdır”. Bunun ardınca, Fridman Natanın arvadının qohumlarını Natanı özünü öldürməyə sürükləməkdə qınamağa başladı. O demək olar, danışmır, bərkdən çığırırdı. Bu qoca yəhudi, kəskin və ağayana bir səslə, Natanın qisasını almağa çağırırdı. Biz bərk acıqlanmışdıq. Bütün bunlar bizi, dəfnə qatılan xristianların gözündən salmaq demək idi. İndi onlar bizim sevgi tanrısına deyil, nifrət tanrısına boyun əydiyimizi düşünməkdə haqlıdırlar. Bundan sonra söz alıb danışan Pfungenin toxtaq və yumşaq səsi bu söyüşqarışıq qınaqların hay-küyü içində eşidilməz oldu.

Natanın atası da, arvadı da, ayrı-ayrılıqda onun ölümü ilə bağlı qəzetdə elan verdilər. Beləliklə də, mətbuat onun faciəli ölümü ilə bağlı iki dəfə məlumat yaymalı oldu, hər iki məlumatda onu qəzetə verənlərin o biri tərəfi bu ölümdə suçlu sayması duyulurdu. Mənə elə gəlir, onların bu yersiz və iyrənc çəkişmələri hələ çox davam eləyəcəkdir.

Onun ölümü də öz yaşamı kimi çox tələsik və gözlənilməz oldu. Məncə, Natanın qeyri-adi obrazı doğmalarının və dostlarının xatirələrində uzun müddət yaşayacaqdır.

Görünür, yaşamda xoşbəxt olmaq üçün gərək, arxalanıb güvəndiyin bir sevgilin ola, elə mən də, sənin varlığına görə, belələrinin sırasındayam. İstəkli Marthen, daha bundan artıq nəsə yazmağa gücüm çatmır.

Sonsuz sevgilərlə, sənin Ziqmundun

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.