Vyana, şənbə günü, 6 iyun 1885-ci il
Beləliklə də, çoxdan gözlədiyim iş düzəldi. Bugün məni kollokviuma çağırdılar, orada iyunun on üçündə professorlar kollegiyası – elmi şuranın qarşısında çıxış eləməli olduğumu öyrəndim. Bu da qarşıda məni gözləyən bir imtahandır elə. Bu sınaqdan necə çıxacağımı isə indidən deyə bilmərəm.
İndi gərək bu çıxışa gedəndə geyinmək üçün özümə silindr və əlcək də alam, üstəlik bir abırlı kostyum da almalıyam. Deyəsən, elmi şuranın qarşısına frakda çıxmalıyam. Sözün düzü, düşüncələrim haçalanır, bilmirəm, bu frakı tikdirim, yoxsa birovuz götürüm. Düzdür, mən dərzi Gillerə, çöl-bayırda geyinmək üçün, kostyum tikməyi sifariş vermişəm, ancaq indi bilmirəm, bu kostyumu tikdirməyə dəyərdimi? İş burasındadır, frakı birovuz götürüb professorların qarşısına çıxanda geyinsəm, gərək onu saxlayıb bir də, sınaq mühazirəsi oxuyanda da geyinəm. Mənə iki qara rəngdə kostyum da gərəkdir. Ancaq bilmirəm, onları tikdirməyə pul tapa biləcəyəmmi?
Özümü büsbütün itirmişəm, işin çoxluğundan başım fırlanır!
Məzuniyyətə çıxmaq üçün icazə aldım, üstəlik yol pulunu ödəmək üçün gərəkən qədər pul da borc eləyə bildim. Bundan başqa da, Oberştayndan məktub aldım, o mənə bir həftəlik öz evində otaq ayırdığını yazır. Bu mənim işimi yüngülləşdirir və işlərimi yoluna qoya bilmək üçün mənə ümid verir.
Pulsuzluq nə yaman ağır dərd imiş, sevgilim. Oturub düşünürəm, elmi məqalələrə bunca az pul ödəyirlərsə, bu alimlər öz ailələrini necə dolandırırlar, aldıqları bu azacıq pulları biri-birinə calayıb necə yaşaya bilirlər? Boqentsdən Atemədək olan yolu gedəndə öz işimlə bağlı soruların üzərində düşünməyə imkanım olmayacaqdır, bu da bir yandan məni kədərləndirir. Beynin anatomiyası ilə bağlı, kolleqalarımızla başladığımız birgə işdən ayrılmağım heç yaxşı olmadı...
Bizim adaxlandığımız günlə Minnanın ad gününün eyni vaxta düşməsi ilgincdir, deyilmi? Bizim adaxlandığımız bu ay gözəl olaylarla dolub daşır. Bunların hamısı yaxşı bir sonluqla bitsəydi nə gözəl olardı.
Amerikalı xəstəm ayın birində mənə iyirmi qulden müalicə haqqı verdi, mən bu pulları səninlə Minna üçün saxlamışam. O mənə çatası iki həftəlik müalicə pulunun hamısını ödədi, ancaq elə bilirəm, o gərək mənim şahzadə xanımım və onun bacısı üçün hələ bir az da töycü ödəsin.
Bu gəzintiyə çıxana kimi təqaüdümü də ala bilsəm, çox yerinə düşərdi. Mən yenə də, razılaşdığımız kimi, sizinlə birgə, Vandebekə səyahət eləmək istəyirəm. Ancaq bu gəzintiyə xərcləməli olacağımız, mənim üçün az pul olmayan, yüz quldeni toplaya bilmək çox çətindir. Bizim ürəyimizcə olacaq bu gəzintidən daşınmaq isə mənim üçün çox ağırdır. Ancaq, sözün düzü, yüz qulden də bu gəzinti üçün çox az puldur, hələ səfərimiz vaxtı mən sənə nəsə alıb bağışlamasam belə, yenə bu pulu çox qənaətlə xərcləməli olacağıq. Qabaqda bir on günlük də işim var, ola bilsin, bir az da pul artıra bildim. Deməyi unutmuşdum, yeni bir qazanc yeri də tapmışam. İndi mən baron S.
adlı bir xəstəni müalicə eləyirəm. O indiyədək iki dəfə mənim qəbulumda olub, bu ay hələ iki dəfə də konsultasiya üçün gəlməlidir.
Doğrudan da çox ağır bir durumdur: mən bu pulsuzluqdan necə qurtulmaq üçün yol tapmaqda çox ərincəklik eləyirəm. Bir yandan da bu dözülməz istilər adamı təntidir!
Marthen!!! Sən, sözsüz, mənim bu gün necə bir çıxılmaz duruma düşdüyümü və bu darlıqdan çıxış yolu tapa bilmədiyimi anlayırsan.
Məktubunu mənim köhnə ünvanıma göndər.
Səni var gücümlə bağrıma basıram, mənim dəyərli dəfinəm.
Sənin Ziqmundun