Vyana, 13 may 1886-cı il
Mənim dəyərli dəfinəm!
İş otağımda çox dözülməz bir bürkü olduğundan, orada oturub sənə məktub yaza bilmirəm. Mənim qəbuluma olduqca çoxlu adamlar gəlir və mən saat üçəcən onları qəbul eləməkdən yaranan gərginliyə güclə dözüb dayanıram. Xəstələrim olduqca çoxdur, ancaq onları müalicə eləməkdən çox az pul qazanıram. Üstəlik bu iş çoxlu vaxtımı və diqqətimi əlimdən alır.
İşiasdan (aşağı ətrafların sinir pozğunluğu) müalicə elədiyim, professor M.-in xanımı mənə çox başağrısı versə də, indi demək olar, bütünlüklə sağalmaq üzrədir.
Ondan başqa da, həftədə bir dəfə, iki polis məmuru müalicə almaq üçün mənim yanıma gəlirlər. Bax, bugün mən müalicə elədiyim xəstələrə görə səkkiz qulden qazana bildim, üstəlik Breyerin araçılığı ilə tanış olduğum doktor K.-nın xanımı onun ərini müalicə elədiyim üçün beş qulden pul göndəribdir. Mənim anladığıma görə, həkimin işi ilə onun qazancı çox vaxt biri-biri ilə düz gəlmir. Aradabir, demək olar, heç nə eləmədən yaxşı pul qazanırsan, aradabir də, ağır keçən bir müalicə üçün qəpikquruş almalı olursan. Bir örnək deyim, srağagün mənim yanıma müalicə üçün bir amerikalı həkim gəlmişdi, o çox güclü əsəb xəstəliyinə tutulubdur. Onda özünü göstərən bu xəstəlik mürəkkəbliyi ilə məni çox maraqlandırdığından, onu pulsuz müalicə eləməyi üzərimə götürdüm. Onun bu xəstəliyə tutulmasının niyəsi, bu həkimin çox gözəl bir xanımla qarşılıqlı ilişkilərində baş verən ardıcıl dolaşıqların olmasıdır. Dediyim xanımı da mən müalicə eləyirəm. Bu xanımla bağlı bir sıra soruları aydınlaşdıra bilmək üçün, gərək sabah ginekologiya üzrə professor Xrobakunun yanına məsləhət almağa gedim.
İnanırsanmı, elə bərk yorulmuşam, işimlə bağlı olan bu incəlikləri sənə bütün genişliyi ilə yazmağa da heyim qalmayıb. Ancaq sənə, çox pis duruma düşdüyüm, bir olayı açıb deməkdən özümü saxlaya bilmirəm, yuxarıda dediyim o gözəl xanımı qəbul eləyəndə, iki dəfə, gözlənilmədən, mənim iş stolumun üstündə dayanan sənin portretin aşaraq üzü üstə düşdü. Qarşıda, bir də, belə gözlənilməzliklə üzləşməyi heç istəməzdim. Yox, birdən, bu olay məni nədənsə çəkindirmək üçün baş verirsə, mənim buna gərəyim yoxdur.
Həkim gərək qazandığı pulları əlində saxlamağı bacarsın. Mən hər bir quldeni qorumağa çalışıram. Dünən Ştatquthassedə yaşayan bir tanışımı müalicə eləmək üçün onun evinə getməli oldum, sözsüz, müalicə üçün pul götürmədim. Ancaq oradan evə qayıtmaq üçün, vaxtında taksi tapa bilmədiyimdən, iki saat vaxtımı boşuna itirdim. Bugün yenidən o tanışımı müalicə eləməyə getməli oldum, yenə də ondan pul götürmədim və çox çətinliklə, yorğun-arğın evə gəlib çıxdım, ancaq mən hələ bundan sonra xəstəxanaya gedib xəstələrimi qəbul eləməliyəm. Vaxt itirməyim deyə, yenə taksi ilə getməli oldum. Bu da ucuz başa gəlmədi; üç gün şam yeməyindən qənaət eləyib yığdığım bütün pullar yol puluna xərclənib qurtardı.
Bu həftənin ikinci günü, Psixologiya klubunda hipnozla bağlı məruzə elədim.
Yaxşı qarşıladılar, üstəlik alqışladılar. Bugün isə, bu məruzəni Psixiatrlar birliyində, iki həftə sonra, yenidən oxuyacağımla bağlı bildiriş yaydım, Həkimlər birliyində isə, üç həftə sonra, mənim Parisdə keçdiyim ixtisasartırmam ilə bağlı başqa bir məruzə eləyəcəyəm.
Vyananın rəsmi çevrələri ilə, özümə gərəkən iş yeri açmaqla bağlı çarpışmalarımda hələ də yaxşılığa doğru bir dönüş yoxdur, ancaq sən indi burada olsaydın, səni öpüb deyərdim: səninlə altı aydan sonra evlənəcəyimizə olan inamımı itirməmişəm21.
Umarım, tezliklə mənə daha bir iş otağı ayıracaqlar və mən orada pulsuz müalicə alan xəstələrimi elektriklə daha yaxşı müalicə eləyə biləcəyəm. Mənə elə gəlir, bununla bağlı mənim irəli sürdüyüm təklifləri anlaşıqla qarşılamağa başlamışlar.
Gecən xeyrə qalsın, mənim dəyərli dəfinəm.
Sənin Ziqmundun
P. S. Necə bilirsən, anama ikimizin adından bir hədiyyə alıb bağışlasaq yaxşı olmazdımı?
21 Froudla Marta 1886-cı ilin sentyabrında toy eləyib evlənmişdilər.
Z. FROUDUN AFORIZMLƏRİ VƏ ƏSƏRLƏRİNDƏN ÇIXARIŞLAR
Özümüzə doğma bildiyimiz kimsələri hansısa gözlənilməzlikdən yana seçmirik... Biz, yalnız öncədən, şüurdışımızda yaradıb yaşatdığımız kimsələrlə qarşılaşanda onları bəyənirik.
İdeal sayıla bilən, daimi, nifrətdən arınmış sevgi, yalnız narkomanın narkotikə olan sevgisidir.
Sevgi ilə əmək – hörülən insanlıq binasının özülündə dayanan daşlardır.
Mənliyinin ideala qovuşması üçün nə çatmırsa, insan onları öz sevgisilə qazanmağa çalışır.
Biz sevəndə ən çox köməksiz olduğumuz duruma düşürük, sevdiyimizi itirəndə, yaxud onun bizə bəslədiyi sevgisi bitəndə isə, ən düşkün və ən qaragünlü çağımızı yaşayırıq.
Sevgi ilə bağlı ilişkilərdə biri-birinə güzəştə getmək doğru deyildir, bu, iki sevən kimsəni yadlaşdıra bilər. Ortalıqda hansısa çətinlik varsa, anlaşaraq, onu adlamaq gərəkdir.
Sevgi – utancaqlıq duyğusunu aradan qaldırmaq üçün ən sınanılmış bir yoldur.
Özünün sevildiyini bilən insan necə də ürəkli və özünə inamlı olur!
Yuxugörmədə çiçəklər çox vaxt insanın cinsi orqanlarının simvoludur; çox ola bilsin, yaşamda özünə yer eləmiş, sevgilisinə bitkinin “cinsi orqanı” olan çiçək bağışlamaq da belə bir şüurdışı dəyərləndirmə ilə bağlıdır.
İnsan gözəllikdən həzz almağı, öz yaşamına anlam və sevinc gətirən ən başlıca olay sayır. Gözəlliyi öyrənən Estetika adlı ayrıca elm bölməsi olsa da, ancaq gözəllik anlayışının nədən və nə üçün yarandığı ilə bağlı sorunun düzgün cavabı bugünəcən də tapılmamışdır. «Gözəllik» və «həyəcanlanmaq» adlı kateqoriyaların biri-biri ilə qarşılıqlı və qırılmaz tellərlə bağlı olduğu bəllidir; gözəllik, həmişə, biranlamlı olaraq, həyəcan doğurur. Ancaq nədənsə, ən böyük həyəcan doğuran nəsnələrdən olan – insanların cinsiyyət orqanları, gözəllik kateqoriyasına aid olunmur.
Sevgi özlüyündə, ağrı-acılara, itkilərə tuş olmaqdır və bir çox durumlarda, insanın özünü öz gözündən salmağa gətirib çıxarır, ancaq sevgi qarşılıqlı olanda, insan sevdiyi obyektə qovuşmaqla yenidən öz mənliyini ucaldır.
Sevməklə hipnoz olunmaq biri-birinə çox oxşayır. Bu iki durumun uyğunluğu göz önündədir; hər ikisində başına gələnlərə dinməzcə boyun əymək, üzüyolalıq vardır, habelə, hipnoz olunan da hipnozçuya, sevdiyi insana tənqidi yanaşa bilməyən sevgili kimi yanaşır, ən başlıcası isə, insan sevgidə də, hipnozda olduğu kimi, şəxsi təşəbbüs özəlliyini büsbütün itirir.
Uşağın anasına olan sevgisi ölçüyəgəlməzdir, o, anasının yalnız özünün olmasını istəyir və onu başqası ilə bölmək istəmir.
Bu çox böyük soruya indiyədək cavab verilməyib və mən də, qadın könlünü otuz ildən artıq araşdırmağıma baxmayaraq, onun cavabını bilmirəm: “Qadın nə istəyir?”
Sevgi adlanan olayların çoxu, seksual yaxınlıq çağırışı eləyən obyektin psixi təsiri altına düşməkdən başqa bir şey deyildir, bu ilişkilərin sonucu olaraq “sevən” kimsə özünün cinsi tələbatını ödəyir və duyğuları soyuyur; bu, aşağı səviyyəli, yalnız duyğulara bağlanan sevgidir. Ancaq bəlli olduğu kimi, ödənən cinsi istəklər sonacan sönüb getmir. Ona görə də, “sevən” kimsə, cinsi yaxınlıqdan sonra sönmüş ehtiyacının yenidən oyanacağını bildiyinə görə də, seksual obyektin dustaqlığında qalmaqda davam edir və ehtirasları soyuyandan sonra da, gələcəkdə yararlana bilməsi üçün gərəkən, bu seksual obyekti “sevir”.
Feministlərin cinslərlə bağlı olan oturuşmuş düşüncələrə qarşı çıxaraq, onların büsbütün bərabərhüquqlu və eyni cür dəyərləndirilməli olması ilə bağlı dedikləri gərək bizləri çaşdırmasın, ona qalsa, kişilərin çoxu kişilik ideallarından çox uzaqdırlar, irsi özəlliklərin kəsişməsi və insanlarda özünü göstərən ikili seksual meyllər (biseksuallıq) onlarda qadın və kişi özəlliklərinin birlikdə olmasına gətirib çıxarır, beləliklə də, ayrıca götürülmüş kişilik və qadınlıq deyilən dəyərlər özlüyündə gerçəklikdə yoxdur, onlar ancaq nəzəri baxımdan, özü də sonacan aydınlaşmayan bir anlamda qavranıla bilərlər.
Çoxunu sevən, qadınları tanıyır. Birini sevən, sevgini anlayır Ər – demək olar həmişə, qadınının ürəyində, yalnız sevimli kişinin boş qalan yerini tutur, ancaq o kişinin özü ola bilmir.
İnsanlar evlənəndən sonra, çox vaxt, artıq biri-birini sevdikləri çağlardakı kimi, biri-biri üçün yaşamırlar. Onlar daha çox üçüncü birisinin varlığı üçün birlikdə yaşayırlar və çox keçmədən, kişinin çox qorxulu iyəşkənləri (rəqibləri) ortaya çıxır, onların adı: dolanışıq və uşaqdır.
Qadın kişini gücsüzləşdirməli deyil, yumşaltmalıdır.
Qadının döşü, sevgi ilə aclığın qoşalaşdığı bir yerdir.
Yalnız seksual gücsüzlüyü seksual çatışmazlıq saymaq olar, seksual istəklərin ödənməsinin bütün başqa formaları isə zövq məsələsidir.
İnsanlar, az qala hamılıqla, sekslə bağlı sorularda ikiüzlüdürlər. Onlar öz seksual istəklərini açıq-aydın sərgiləməkdən çəkinir, onu “yalan” adlanan qalın materialdan tikilmiş paltonun altında gizlədirlər, elə biləsən, seksual ilişkilərin olduğu yerdə havalar çox pis keçir.
Seksual istəklərini sıxışdıran insan, öz yaşamında, bəlli qorxaqlıq və çəkingənliklə əl-ələ verib addımlayır, qorxmazlıq və igidlik isə, öz seksual istəklərini ürəyincə, çəkinmədən yerinə yetirməklə bağlıdır.
İnsan özünün seksual istəklərinə azadlıq verəndə xəstəlikdən sağalır.
Yeniyetmələrdən seksin yaşamda oynadığı önəmli rolu gizlətməyə çalışmaq çağdaş tərbiyənin çatışmazlıqlarından yalnız biridir. Bu tərbiyənin başlıca suçu isə, gəncləri gələcək yaşamlarında üzləşə biləcəkləri yaramazlıqlara qarşı dirəniş göstərməyə hazırlaya bilməməsi və beləliklə də, onları belə durumların qurbanlarına çevirməsidir. Bu tərbiyənin gəncliyi düzgün olmayan psixi yönətməsini: qütb ekspedisiyasına gedənlərə yay geyimləri geyindirib, onların əlinə İtaliya göllərinin xəritəsinin verilməsinə bənzətmək olardı.
Qızların böyüyüb analarının kimliyində öz seksual özgürlüyünü əngəlləyən birisi ilə qarşılaşması, onlar arasında konflikt yaradır, qızının ərgənləşməsi isə anaya öz seksual istəklərindən əl çəkmək zamanı gəldiyini xatırlatmağa başlayır.
Cinsi münasibətlərdən açıq danışmağa utananlar və bu konudan danışanda nəsnələri öz adı ilə çağırmağı insanlığa yaraşdırmayanlar, bu durumda yaxşı səsləndiyini düşündükləri eros və erotika sözlərindən yararlanırlar. Mən də onlar kimi eləyə bilər, bununla da mənə qarşı yönələn söyüşlərin çoxundan qurtula bilərdim; ancaq mən bu “utancaqlığı” dardüşüncəliyə qapılmaq sandığımdan, onlar kimi eləməyi özümə sığışdırmıram. Bunun nəyə gətirib çıxaracağını demək də çətindir; insanlara gəlincə onlar, nəyisə sözdə güzəştə getdilərmi, bir azdan elə işdə də yavaşyavaş geriyə çəkilməyə başlayırlar.
Bizim bütün davranışlarımızın iki qaynağı vardır: daha böyük olmaq diləyi və cinsi istək.
Masturbasiya (onanizm) – insanın qapıldığı ilk düşkünlükdür. Bütün qalan düşkünlüklər – içkidən, tütündən, narkotikdən olan asılılıqlar onun əvəzediciləridir.
Sevdiyiniz qadınla yataqda elədiklərinizin hamısı – çox gözəldir və büsbütün düzgündür. Ən başlıcası, bu elədiklərinizi ikinizin də bəyənməsidir. Belə bir qarşılıqlı anlaşma və uyarlıq varsa, siz bütün durumlarda doğru yoldasınız, sizi qınayanlar isə pozğundurlar.
Haçansa qarımış qız it saxlamağa başlayırsa, qoca və subay kişi gözəl fiqurlar toplayırsa, birincisi, yaşaya bilmədiyi evlilik boşluğunu doldurmağa çalışır, ikinci isə, özünün çoxsaylı keçmiş sevgiləri olduğu illüziyasını yaratmağa çalışır. Bütün kolleksionerlərdə bir Don Juanlıq vardır.
Homoseksuallıq, sözsüz, insanın üstünlüyü sayıla bilməz, ancaq onda heç bir insani əskiklik də yoxdur, bu, nə yaramazlıq, nə də alçaqlıq deyildir; onu xəstəlik də saymaq olmaz; biz tibbi baxımdan onu, seksual inkişafın dayanması ilə bağlı yaranan bir seksual özəllik növü sayırıq. Keçmişlərdə və elə indi də, çoxlu sayda sayğılı insanlar homoseksual olmuşlar, onların arasında çoxlu böyük və adlı-sanlı insanlar da olmuşdur. Homoseksuallığı cinayət sayaraq, buna görə onun daşıyıcıları olan adamları izləyib sıxışdırmaq – böyük ədalətsizlikdir, habelə amansızlıqdır.
Apardığım sınaqlardan öyrəndiklərimə görə, inamla deyə bilərəm: ən güclü homoseksuallar, onların da içində öz homoseksual duyğularını boğmağa çalışmayanlar, insanlığın xoşbəxtliyi üçün ən çox çalışan kimsələr olur.
İncildə deyilən: “öz doğmalarınızı sevin” öyüdü insanı aqressivliyə yönəldir və burada mədəni “Üstün Mənin” psixologiyaya zidd davranışının açıq-aydın üzə çıxması görünməkdədir. Bu, yerinə yetiriləsi bir öyüd deyildir, yoxsa, sevgini belə ucuzlaşdırmaq onun dəyərini heçə endirərdi, beləliklə də, sevgi insanların ona olan ehtiyaclarını ödəyə bilmək gücünü itirərdi.
Əyləncəyə məhdudiyyət qoyulması onun dəyərini artırır.
Bütün insanların başqalarından gizlətdikləri istəkləri vardır, eləcə də, hamının özünün belə baş açmadığı istəkləri vardır.
Nevroz – qeyri-müəyyənliyə dözə bilməməkdən yaranır.
İstənilən normal sayılan insan ancaq qismən normal olur.
Çox-çox əski çağlarda başqasına daş atmaqla yanaşı, onu söyməyə də başlayan birinci insan sivilizasiyanın yaradıcısı oldu.
İnsanı ağgünlü eləmək dünyanın yaradılması planına daxil olmamışdır.
İtiağıllıq – insanın içində alovlanan yağılıq duyğusunun başqa yolla söndürülə bilməməsindən yaranır.
İnsanların çoxu, doğrudan da, özgür olmaq istəmirlər, axı özgürlük onlardan sorumlu (məsuliyyətli) olmağı tələb eləyir, elə bu sorumlu olmaq da insanların çoxunu qorxudur.
Başqasında görüb güldüyümüz yanlışlıqlar, çox vaxt, elə bizim özümüzdə də olur.
İnsan, əli çatmayan nəsnələrə olduğundan qat-qat artıq dəyər verir və onu gərək olduğundan çox istəyir.
İnsanlar düşündüklərindən daha çox əxlaqlıdırlar, ancaq təsəvvür elədiklərindən də qat-qat əxlaqsızdırlar.
Bir insan başqasında aradan qaldırılmalı olan hansısa bir yanlışlıq tapa bilməzsə, onda onların birlikdə yaşaması dözülməz bir darıxdırıcılıq yaradardı.
Nevrotik (əsəb xəstəsi) konfliktlə üz-üzə gələndə xəstəliyin yanına qaçıb ona sığınır.
Yuxugörmələrimizdə biz həmişə bir ayağımızla uşaqlıqda oluruq.
Yaşama dözümlü yanaşmaq bütün canlı varlıqların ilkin vəzifəsi olaraq qalır.
Fərdin yaşlandıqca keçdiyi psixi inkişaf yolu, insanlığın öz tarixi boyu keçdiyi bütün inkişaf yolunun qısaldılmış təkrarıdır.
Qanmazlığın ilkin əlaməti utanmazlığın heç olmamasıdır.
Din insanlığın hamılıqla yoluxduğu nevrozdur.
Gerçək mazoxist həmişə öz üzünü yumruq yeyə biləcəyi yönə tutur.
İstənilən mədəniyyət məcburilik və ehtirasların cilovlanması üzərində qurulur.
İnsan yaşamın anlamının, yaxud dəyərinin nə olması üzərində baş sındırmağa başlayırsa, bu onun xəstələnməsindən soraq verir.
İnsanlar gerçəklikdə öz umacaqlarına çata bilmədikləri üçün fantaziyalar aləmində yaşamağa başlayır, bununla da, öz diləklərini yerinə yetirdiklərini təsəvvür eləyirlər. Güclü kimsələr öz diləklərini yaşamın içində gerçəkləşdirirlər. Gücsüzlər isə, özlərinin bu uydurma dünyasında yaşamaqda davam eləyirlər və onların fantaziyaları getdikcə müxtəlif xəstəliklərin əlamətləri kimi üzə çıxmağa başlayır.
Orta yüzilliklərdə məni tonqalda yandırardılar, indisə yalnızca kitablarımı yandırırlar.
Bütün məstedici içkilər, qanımızı coşduran alkoqol, indiyədək sirri açılmamış həmən o, sevgi doğuran toksinin zəif təzahürlərindən başqa bir şey deyildir.
Körpə əxlaqın nə demək olduğunu bilmir, onun daxilində öz istəklərini yerinə yetirməkdən saxlayan əyləc yoxdur.
Biz özlüyündə ləzzət almağa yox, ağrı-acılarımızdan can qurtarmağa çalışırıq.
İnsanların hamısı şüurdışında (qeyri-şüurluqda) özlərinin ölümsüzlüyünə inanırlar.
İntellektin səsi çox yavaşdır, ancaq o, dediklərini təkrarlamaqdan yorulmur və onun dinləyiciləri də həmişə tapılır.
İnsanın bütün çalışmalırının məqsədi – özünü ovundurmaqdır.
Yaşamın ağırlığı içində çox tez-tez kimsə bizim yolumuzu kəsir, işlərimizi korlayır, bunlar baş verən kimi, yuxugörmə yardımımıza gəlib bizi bu kimsəni öldürməyə yönəldir, o kimsənin kimliyi isə önəmli olmur, bu, bizim atamız, anamız, qardaşımız, bacımız, habelə arvadımız da ola bilər.
Depressiya – donmuş qorxudur.
Düşdüyünüz depressiyanın niyəsini və dəyərlərinizin nədən ucuzlaşdığını öyrənmək istəyəndə, birinci yan-yörənizə baxın: görün, siz qanmaz adamların çevrəsində deyilsiniz?
Sən kiməsə onun elədiyi bütün yamanlıqları bağışlayırsansa, deməli, o insan sənin üçün artıq yoxdur.
Özünüzü tutuşdurmalı olduğunuz təkbir insan varsa, o da sizin keçmişdə qalan mənliyinizdir. Sizin daha yaxşı olmalı olduğunuz insan isə sizin bugünkü kimliyinizdir.
Bədbəxtlikdən, bizim sıxışdırılan duyğularımız ölmür. Biz onları yalnız susmağa məcbur eləmişik. Ancaq onlar, onsuz da, daxildən bizə təsir eləməkdə davam eləyirlər.
Söz gəlib özünü doğrultmağa çıxanda biz hamımız dahi oluruq.
Zarafat, öcəşdiyimiz kimsəyə açıq-aydın deməyə ürək eləmədiyimiz, yaxud da ona qarşı bəslədiyimiz duyğudan baş açmadığımız durumlarda, bu kimsədə gülüş doğuran özəlliklər axtarmağa çalışmaqdır. Zarafat, eşidənləri əyləndirməklə yoldan çıxarır, onların düşüncələrini danışdığımız konunun dərinliklərinə varmaqdan yayındırır və onları biz dediyimiz baxışlara bağlayır.
İnsan üzdən nə qədər çox qüsursuz görünürsə, onun içində bir o qədər çox şeytan gizlənir.
İnsan könlünün gizlinləri onun uşaqlıqda yaşadığı psixi dramın içindədir. O dramacan gedib çata bilsəniz, sınıq könülləri sağalda da biləcəksiniz.
Kütlənin bəlli adı yoxdur (anonimdir) və o öz üzərinə heç bir sorumluluq götürmür. Ayrılıqda götürülmüş hər bir fərddə olan sorumluluq duyğusu, bu fərd kütləyə qarışanda yoxa çıxır.
Olduqca çoxlu sayda mədəni sayılan kimsələr insan öldürməkdən, yaxud da insentdən22 sarsılardılar, ancaq elə bu mədəni kimsələr də, özlərini acgözlükdən, aqressivlikdən, aşırı seksual çılğınlıqdan həzz almaqdan çəkindirmir, cəzasız qalacaqlarına arxayın olduqca, başqalarının yaşamını yalanla, fırıldaqla, qarayaxmaqla ağuya döndərməyə yönəlik olurlar və bütün bunlar neçə min illər boyunca sürən mədəniyyət dönəmlərinin hamısında dəyişilməz olaraq qalmaqdadır.
Məni söyəndə özümü qorumağa gücüm çatır, ancaq məni öyməyə başlayanda buna qarşı çıxmağa gücüm çatmır.
Bizim sivilizasiya, instinktlərin sıxışdırılıb əzilməsi üzərində qurulmuşdur.
İnsanın ictimai varlıq olaraq yaşaya bilməsi üçün gərəkən və qaçılmaz olan özünüqorumanın yaratdığı güc, onun instinktlərini sıxışdırır və onların enerjisini ictimai baxımdan yararlı olan işlərə yönəldir. Bax elə insanın bu bacarığı da, onun yüksək psixi fəaliyyətinə yol açır.
İctimai həyat – insanın instinkti ilə əxlaqı və bioloji tələbatı ilə cəmiyyətin tələbləri arasında baş verən arasıkəsilməz, dayanmaq bilməyən bir savaşdır.
Gerçəkləşmək istəyən instinktlərin güclü basqısı altında olan insanın qarşısında cəmiyyət üç yol qoyur. İnsanın daxili istəkləri ölçü-biçi gözləmədən birbaşa özünü gerçəkləşdirmək istəyəndə o, cinayətkara çevrilir; insan bu istəklərini sıxıb öz içində saxlayırsa o, nevrotik olur; insan bu istəklərini ictimai baxımdan yararlı sayılan işlərə qoşa biləndə isə dinclik içində yaşaya bilir.
Tale insanın özünü doğrultmasını saya salmır.
Biz dünyaya yalqız gəlib, ondan yalqız olaraq da gedirik.
Biz öz diləklərimizdən yaranmışıq.
Ən yaxşı nəsnələr sonsuzluğun içində gizlənmişdir.
Bizim çoxumuz əl çəkmək istəmədiyimiz belə bir inanca bərk-bərk bağlanıb qalmışıq: “İnsanın daxilində yetkinləşməyə doğru arasıkəsilməz bir canatma vardır, elə bu canatma da, bizi bugünkü yüksək mənəvi yüksəlişə və əxlaqi ucalığa gətirib çıxarmışdır, ona görə də, bu inkişafın sonucu insanı aparıb üstün insana çatdıracaqdır”. Mənə qalsa, insanın daxilində belə bir canatmanın olduğuna inanmıram və bu çox dadlı illüziyaya qapılmağı da böyük bir yanlışlıq sayıram. İnsanın bugünədək olan inkişafını mən təbiətdə yer alan başqa heyvan soylarının inkişafından ayırmıram və burada başqa bir yozumun ola biləcəyinə də inanmıram, insanların kiçik bir kəsimində özünü göstərən daha artıq yetkinləşməyə doğru arasıkəsilməz canatmaya gəlincə, bu olsa-olsa, insan mədəniyyətinin ən dəyərli örnəklərini yarada bilmək üçün sıxışdırılmış ehtirasların üzə çıxmaq istəyindən doğulur.
Mənim dünyam – biganəlik okeanında üzən, ağrılardan qurulmuş kiçik bir adadır.
İnsanın bəyənmədiyi nəsnələri doğru saymamaq özəlliyi vardır, bu, onları danmaq üçün arqument tapmağı asanlaşdırır.
Kütlədə heç vaxt həqiqəti öyrənmək yanğısı olmur. Ona illüziya gərəkdir, o, bunsuz yaşaya bilmir.
Biz yaşlılar artıq öz uşaqlığımızı unutduğumuzdan, uşaqları anlaya bilmirik.
Çalışqan insanın yanına işsiz-gücsüz qonaqlar çox az gəlir – qaynayan bardağın üstündə çibinlər uçuşmaz.
Öz kimliyini yaxşılığa doğru dəyişdirməyə çalışmaq “narsizmdən” qaynaqlanır, daha doğrusunu desək bu, özünü böyüdərək, başqalarından üstün olmaq istəyidir.
Yuxularda gerçəkliklər, gerçəklikdə isə yuxular əks olunur.
Problemin olduğunu boynuna almaq – onun uğurla aradan qaldırılmasının yarısını bacarmaq deməkdir.
Özünə qarşı mütləq səviyyədə vicdanlı davranmaq – özünü insanlığa alışdırmaq üçün ən yaxşı yoldur.
Azlığın kütlə üzərində ağalığı olmadan keçinmək olmaz, kütlə qaba olduğu, uzağı görmədiyi üçün özünün gərəksiz ehtiraslarından əl çəkmək istəmir, bununla bağlı çağırışları qulaqardına vurur və kütlənin içindəki ayrı-ayrı fərdlər onu özbaşınalığa və əxlaqsızlığa şirnikləndirir.
İnsan yaşamının hansı anlam daşıdığı ilə bağlı soru dönə-dönə ortaya çıxmışdır; bu sorunun ağlabatan cavabı indiyədək tapılmayıb və çox ola bilsin də heç tapılmasın.
Bu sorunu verənlərin biriləri, ona belə bir qoşma da artırmışlar: yaşamın heç bir anlamı yoxsa, onda onun bizim üçün heç bir dəyəri də yoxdur. Ancaq insanlığa belə bir qara-qorxu gəlmək də, burada nəyisə dəyişmək gücündə deyildir. Görünür, bu sorudan yayınmağımız daha düzgün sayılmalıdır. Bu sorunun ortaya çıxmasının niyəsi, bizim addımbaşı qarşılaşdığımız insan şübhələri ilə bağlıdır. Elə isə buna nə deyirsiniz: insanın işinə yarayanları çıxmaqla, yerdə qalan heyların nə üçün yaşadıqları ilə bağlı sorulara niyə cavab axtarmırıq?
Yaşama dözmək istəyirsinizsə, ölməyə hazırlaşın.
Həqiqət sizi özgürlüyə çatdırır.
Din, sanasan, insanı suça batmaqdan çəkindirmək üçündür, ancaq söz gəlib dini sorulara çıxanda, insanlar ürəklərindən keçənləri gizlətməklə, düzgün saydıqlarını deməkdən çəkinməklə, elə ən böyük suça batırlar.
Biz yaşamaq istəyirik və yox olmaqdan qorxuruq, ona görə də, bütün diləklərimizin çin olacağı gözəl nağıllar uydurmağa başlayırıq. Bizi irəlidə gözləyən bəlli olmayan məqsədlər, ruhun bədəndən çıxıb göyə uçması, cənnət xülyası, ölümsüzlük, tanrı, ruhun başqa canlılara keçməsi – bütün bu illüziyalar ölüm acısına az da olsa şirinlik qatmaq üçündür.
Elmdə illüziya yoxdur. İllüziya ən çox bizim inamlarımızdadır, inam – gerçəklikdə əlimiz çatmayan umacaqlarımızı illüziyalar şəklinə salıb bizə verir.
İnsanın MƏNİ onu amansızlıqla tapdalayıb yox eləmək istəyən gerçəkliyin əlindən qaçıb öz körpəsinə sığınır, bununla da ölümsüzlüyünü qoruyub saxlayır.
Mazoxistin istəyi, başqalarının onunla köməksiz, asılı bir körpə kimi davranmasıdır, ancaq o, bu körpənin çox yaramaz olmasını da istəyir.
İstənilən filosof, yazıçı və memuarçı özünün fərdi psixoloji baxışlarını yaradır, insanın psixoloji fəaliyyəti ilə bağlı qanunauyğunluqlar üçün özünün hipotezlərini qurur. Psixoloji baxışlarla bağlı olan oblastda heç kim bütünlüklə sayğılı və yetkili (mötəbər) sayıla biləcək qaynaqlar tanımır. Bu, elə bir ovlaqdır, burada kim istəsə, öz istəyinə uyğun olaraq, oğurluqca ovçuluq (brakonyerlik) eləyə bilər.
Elmdə heç vaxt mütləq doğru sayıla biləcək ilahi vəhylər olmur, elm insan düşüncəsinin, çılğın bir istəklə, onda görmək istədiyi açıq-aydınlığı, dəyişməzliyi, yanlışsızlığı ortaya qoya bilmir.
Şüurdışılıq “yox” sözünü tanımır. Şüurdışılıq diləməkdən başqa bir şey bacarmır.
Yuxugörmə – yuxunu pozan çağırılmamış qonaq deyil, o, yuxunun keşikçisidir.
Bir insanın şüurdışısı, şüurun iştirakı olmadan, başqa bir insanın şüurdışısını duya bilər. Hər bir insanın şüurdışında başqa bir insanın öz şüurdışı ilə göndərdiyi informasiyanı yoza bilmək imkanları vardır.
Bədii yaradıcılıq, xülyalar üzərində qurulan uşaq oyunlarının davamıdır. Öz uşaq oyunlarını oynayan istənilən balaca, bu zaman özünün fərdi dünyasını yaratmaqla, özünü şair kimi aparır, bir az da doğrusu, o, əlinin altında olan predmetlərdən özünün bəyəndiyi kimi bir dünya qurur.
Mədəniyyətin inkişafının gedişində seksuallıqdan olduqca çoxlu ilahi və müqəddəs dəyərlər atıldığından, seksin bugünə gəlib çatan qalığı çox yarımçıq görünür.
İnsanın psixi yaşamı ilə dərindən tanış olanlar bunu yaxşı bilirlər, insan ən azı bir dəfə həzz aldığı nəsnələri çox çətinliklə unudur, onlardan çox böyük ağrılar yaşamaqla ayrılır.
Nevrozlar – incəsənət, din və fəlsəfə kimi böyük sosial məhsulların karikaturası kimi yaranır. Burada isteriya – incəsənət əsərlərinin karikaturası, düşkünlüyə qapılmaq – dinin karikaturası, öz-özünə sayıqlama isə (paranoid), fəlsəfi sistemlərin karikaturasıdır.
Milli özəllik – xalqın keçmiş tarixindən qalan qatılaşmış qalıqlardır.
Hamı öz düşüncəsində tanrını doğma atasına oxşar olaraq yaradır.
İstənilən uşaq, öz ata-anasının gözündə çox böyük bir insan olmaq üçün doğulmuş varlıqdır: oğlan uşağı gərək atasının istəyib ola bilmədiyi çox böyük bir kimlik, adlı-sanlı bir igid olsun, qız isə, kral oğluna ərə gedib anasının əli yetməyən bu diləyini, heç olmasa belə bir qayınanalığa çata bilməklə, ovuda bilsin.
Yumoristin üstünlüyü onun yaşlı birisinin roluna girməsindədir, o haradasa özünü atalıq ucalığına qaldırır, qarşısındakı izləyicilərini isə öz uşaqları yerinə qoyur.
Fərdlərin çoxusu qazandığı üstünlükləri, öz içərilərindəki aqressiv və öcəşkən duyğuları üzərində ağalıq eləyə bilməklə qazanmışlar; toplanan bu üstünlüklərdən isə, maddi və ideal baxımdan yararlı sayılan dəyərlər yaranmışdır. Öz ehtiraslarını cilovlaya bilməyərək toplumla uyuşmayanlar isə, birdən, toplumun yüksək qatında doğulmayıblarsa və özlərinin hansısa üstün bacarıqları ilə “qəhrəman” kimi tanınmayıblarsa, onda topluma qarşı olduqları üçün onları “cinayətkar”, yaxud da
“dönük” saymışlar.
İnsanların heç biri həzzə qapılmaqdan boyun qaçırmağı bacarmır; görün iş nə yerdədir, din də bu dünyadakı həzlərdən əl çəksələr, o dünyada qat-qat böyük həzlər alacaqları, ölçüyəgəlməz sevinc duyacaqları ilə insanların başını tovlamağa çalışır.
Mən heç vaxt yararsız və yarımçıq baxışlarımı yararlı və bütöv adı ilə ortaya çıxarmağa çalışmıram, habelə, indiyədək doğru saydıqlarımdan nələrsə məndə inamsızlıq doğurmağa başlayan kimi onları yenisi ilə dəyişirəm.
Doğrusuna qalsa, mən alim, araşdırıcı və düşünər (mütəfəkkir) deyiləm.
Temperamentimə görə mən, olsa-olsa, konkistadoram – macəra axtaranam, arasanız, bu sayaq adamlarda olan bütün özəllikləri: öyrənməyə canatmanı, utanmazlığı və tərsliyi, məndə də görə bilərsiniz.
İstənilən texniki qurğuya uyğunlaşmaq insan fərdiyyətinin hansısa kəsiminin ölümü deməkdir.
İnsanın texniki araclara arxalanaraq özgürlüyə çatmağa çalışması, sadizmin işəyarar mədəni formalar almasıdır.
Hər şeyin çox yüksək ağlabatanlığı belə, bizi yanlışa qapılmaqdan qoruya bilmir; baş sındırmaqla hansısa problemin bütün kəsimlərinin aydınlaşdırıb bir yerə toplandığını sandıqda belə, doğruya oxşayanın həmişə gerçəkdən doğru ola bilməyəcəyini də unutmaq olmaz, doğru olan şeylər isə çox vaxt ağlabatan olmur.
İnsanlar arasında maraqların toqquşmasını aradan qaldırmaq gücə arxalanaraq yoluna qoyulur. Elə heyvanlar arasında da bu belədir, ona görə də, insan gərək özünün heyvanlardan bütünlüklə ayrıldığını sanmasın; düzdür, insanlar arasında yeni tipli bir qarşıdurma da vardır, burada, çox yüksək abstraktlığacan gedib çıxan, rəylərin toqquşması baş verir və bu qarşıdurma artıq gücə arxalanaraq həll edilməli deyildir.
Ancaq bu mürəkkəbləşmə insanın yaşamında çox-çox sonralar ortaya çıxmışdır.
Məncə, insanlığın qarşısında belə bir ölüm-dirim sorusu dayanır: mədəniyyətin inkişaf yolunda gəlib çıxdığı aqressiya və özünüyoxetmə ehtiraslarını cilovlamaq olacaqmı, olacaqsa, haracan və necə olacaqdır? Bugünümüzdə bu ən önəmli bir soru kimi önümüzdə dayanmaqdadır. İnsanlar təbiətin gücləri üzərində ağalıq eləyə bilməkdə çox uzaqlara gedib çıxdıqlarından, indi onlardan yararlanmaqla bütün insanlığı yer üzündən silib atmaq olar. İnsanlar artıq bunu anlayırlar və onların ruhunda yer alan çaşqınlıqlar, bədbəxtliklər və qarğaşaların yaranmasında bu durumun çox böyük rolu da gözə çarpmaqdadır.
Mədəniyyətin insanlığın ən böyük uğuru olması və mədəniyyət yolunu tutanların görünməmiş bir ucalığa çatacaqları ilə bağlı yürüdülən məntiqsiz düşüncələri bölüşmürəm. Mən mədəniyyətin məqsədi və ona çatmaq araclarına baxıb onu bəyənməyən və belə bir sonuca gələn kimsələrin dedikləri bu sözləri azacıq da olsa acıqlanmadan dinləyirəm: mədəniyyətin qazandıqları onun üçün çəkilən əməyə dəymir, sonucda o, fərdləri olduqca dözülməz bir duruma salacaqdır.
Hər bir fərdin daxilində iki istək biri-biri ilə toqquşur, bunlar: öz xoşbəxtliyinə canatmaq ilə başqa insanlarla doğmalaşmağın qarşıdurmasıdır; elə bunun kimi də, toplumda fərdi inkişaf ilə mədəni inkişafın qarşıdurması yaranır.
Vicdan öz ehtiraslarından əl çəkməklə yaranır; bizə qıraqdan aşılanan ehtiraslardan özümüzü çəkindirməyimizdən yaranan vicdan, bundan sonra da, daha yeni-yeni ehtiraslardan çəkinməyi tələb eləməyə başlayır.
İnsanlar heç də həmişə, ürəklərinə yatan yamanlıqlara qapılmaqdan çəkinmirlər, onlar üçün ən başlıcası bunun başqalarından gizlin qalmasıdır.
Təbiət insanlara bədəncə və ruhca çox qeyri-bərabər bacarıqlar vermiş və bununla da, heç bir üsulla aradan qaldırıla bilməyən bir ayrı seçkilik yaratmışdır.
Bizə verilmiş ömrü yaşamaq çox ağırdır, o bizlərə çoxlu ağrı-acılar, sıxıntılar, çıxılmaz problemlər gətirir. Ömrün bu ağırlığına dözmək üçün hansısa yüngülləşdirici araclar olmadan keçinmək olmur. Belə araclar, göründüyü kimi, üç yerə bölünür: bizim düşüncələrimizi öz qaragünlüyümüzdən yayındıra bilən güclü təsiri olan əyləncələr; gerçək həzlərimizə oxşayan ötəri sevinclərə qapılmaq; bir də bizə öz bədbəxtliyimizi unutduran narkotik.
Saya insanların dini – ehkamlardan və şirnikdirici vədlərdən qurulmuş bir sistemdir, bütün bunlar isə bu saya insanlara, gözüaçıq insanların həsəd apara biləcəyi, bir toxtaqlıq gətirir, onlar bu bayağı inancları ilə yaşadıqları dünyanın bütün anlaşılmaz tapmacalarına cavab tapırlar, başqa yandan da, bu inancları onlara, ilahi bir varlığın onların talelərinin keşiyində dayandığını, habelə bu dünyada çəkdikləri ağrı-acıların qarşılığını o dünyada sonsuzlaradək sürəcək gözəl bir yaşamla ödəyəcəyini aşılayır.
Hansısa sayda canlı varlıqlar bir yerə yığışanda – bunun heyvan sürüsü, yaxud insan kütləsi olması önəmli deyil – onlar instinktiv olaraq kiminsə böyüklüyünə boyun əyməyə yönəlik olurlar. Kütlə – kiminsə ağalığı olmadan yaşaya bilməyən üzüyola sürüdür. Kütlə, kiməsə boyun əyməyə çox qatı bir şəkildə yönəlik olduğundan, kimsə özünü ağa elan eləyən kimi, instinktiv olaraq ona boyun əyir.
Çoxlu sayda insanları sevgi telləri ilə biri-birinə bağlamaq asandır, ancaq bunun üçün gərək onların ayrıldığı və aqressiyalarının yönələcəyi başqa insanlar da olsunlar.
Dini sorulardan söz düşüncə, insanların çoxu, bilərəkdən, iki suça batmaqdan çəkinmirlər, bunlar: iyrənc bir şəkildə ikiüzlülük eləmək və özünü anlamaz yerinə qoymaqdır.
Özünü yetkinləşdirmək istəyi “narsizmdən” qaynaqlanır, daha doğrusu, belə çalışmaların özülündə özünü yetkinləşdirməklə başqalarından üstün olmaq istəyi dayanır.
Biz, çox vaxt, özümüzü uzun bir müddət üçün çəkindirməli olduğumuz, hansısa həzlərə çatmağa səadət deyirik.
Utancaqlığın nə demək olduğunu bilmədiyimiz körpəlik çağlarımızı cənnət sanırıq, elə kütlənin qapıldığı cənnət fantaziyası da, insanlığın çox-çox keçmişlərdə yaşadığı körpəlik çağlarının örnəyi üzrə yaranmışdır.
Fərdlərin psixi inkişafı, insanlığın keçdiyi psixi inkişaf yolunun qısa təkrarıdır.
Narkotiklə səadətə çatmağı və ağrı-acılardan qurtulmağı çox yüksək dəyərləndirdiklərinə görə, çoxlu fərdlər, habelə, bir sıra xalqlar öz həzzləri ilə bağlı sferada ona olduqca sayğılı bir yer ayırmışlar. Narkotik ondan yararlananlar üçün təkcə həzzvericiliyinə görə dəyərli deyil, həm də onları dünyadan ayıra bildiyinə görə dəyərlidir. “Qayğı yükündən qurtaran” bu aracın yardımı ilə istənilən vaxt gerçəkliyin sıxıntılarından yayınıb, öz dünyana sığına bilərsən və burada duyduğun həzlər dünyada olanlardan yaxşıdır. Bax elə bu özəlliyinə görə də, narkotik çox qorxulu və ziyanlıdır.
Sosial ədalətin anlamı budur: insan, başqalarının da bunu eləməsi üçün, öz istəyi ilə, çoxlu sayda nələrisə eləməkdən əl çəkir və ya, özünün eləmədiyi nəyisə başqalarının eləməsini tələb eləmir. Sosial vicdanın və borc duyğusunun kökündə bu tələb dayanır.
Bütün dinlərin özülündə öz ətrafında birləşdirdiyi insanlara olan sevgi dayanır; ancaq istənilən din onun buyuruğuna boyun əyməyən və onun ətrafında birləşmək istəməyən bütün yerdə qalan insanlara qarşı qaniçən və dözümsüz bir münasibət göstərir.
Nəyəsə toxunmaq ona yiyələnmək anlamındadır, bu toxunuşda, istər insanı, istərsə də hansısa nəsnəni öz buyuruğuna salmaq istəyi vardır.
Sınaqların göstərdiyi kimi, insanların çoxu, öz yaranışlarına (təbiətlərinə) görə, mədəniyyətin tələblərini ancaq bəlli hədlərə kimi yerinə yetirə bilirlər, daha artıq tələbləri yerinə yetirməkdən isə boyun qaçırırlar. Onları yaxşılığa yönəltmək istəyən, ancaq təbiətlərinin qəbul eləmək istəmədiyi nə varsa, hamısı, onlarda nevroz yaratmağa başlayır; qarşılarında, bacara bildiklərindən artıq mədəni tələblər qoyulmayanda, ürəklərincə olan aşağı səviyyədə qalmağa yol veriləndə, bu adamlar özlərini çox yaxşı hiss eləyirlər.
Əski çağ insanlarının sevişməyə yanaşması ilə bizim yanaşmamız arasındakı önəmli fərq bundadır: onlar burada başlıca vurğunu ehtirasın üstünə salırdılar, biz isə vurğunu ehtirası doğuran obyektin üstünə salırıq. Əski çağ insanları ehtirasa çox böyük dəyər verirdilər və onu doğuran obyektə də, elə buna görə, qayğı ilə yanaşır, ancaq onu az dəyərləndirirdilər, biz isə, tərsinə, ehtirasın yaranmasını özü-özlüyündə az dəyərləndirir, onu yaradan obyekti isə yüksək dəyərləndiririk.
Qadının qulluğunda durmaq da, hərbi qulluqda olmaq kimidir, burada da gərək heç nəyi unutmayasan, hər şeyi yerli-yataqlı və vaxtında eləyəsən.
Belə bir önəmli fakt göz özündədir: insanlar öz bugünkü yaşamlarını çox böyük bir anlamazlıq içində yaşayırlar və onun anlamını dəyərləndirə bilmirlər; onlar gərək bugündən bir az qırağa çəkilsinlər, başqa sözlə desək, gərək bu gün keçmişə çevrilsin, yalnız bundan sonra onu dəyərləndirə və gələcəyə apara biləcək düzgün yönünü aydınlaşdıra bilsinlər.
İnsanın günü yaxşı keçəndə vicdanında bir boşluq yaranır və o, insanın eqoizmini başlı-başına buraxır, onun bütün şıltaqlarına və yanlışlarına dözür; insanın qara günləri başlayan kimi, o özünə qapılır, özünün suçlarını boynuna almağa başlayır, vicdanının tələbləri kəskinləşir, özünü çox şeylərdən çəkindirir və özünü tövbələrlə cəzalandırmağa çalışır. Xalqların bir çoxu da özlərini belə aparmışlar və elə bugün də aparmaqda davam eləyirlər.
Yüzillər keçdikcə, elm insanın sadəlövh özünəvurğunluğunu iki dəfə, çox böyük bir ölçüdə, alçaltmışdır. Elm – yerin dünyanın mərkəzi olmadığını, qalaktikanın ölçüyəgəlməz dərəcədə kiçik bir tozcuğu olduğunu bildirəndə, insan özünü alçaldılmış sandı. Bu alçaldılma Kopenikin adı ilə bağlıdır, ancaq bunu elə çox əski çağlarda İsgəndəriyyədə yaşamış alimlər də bilirdilər. Sonra elm insanı ikinci dəfə, bu sözləri deməklə, alçaltmış oldu: sən demə insan heç də tanrı tərəfindən onun özünə bənzədilərək, üstün bir varlıq kimi yaradılmayıbmış, deməyəsən, insan heyvanat aləminin təkamülündən yaranıbmış və bu gün də o öz təbiəti ilə bu aləmlə qırılmaz tellərlə bağlıdır.
Yoxsul ailədən olan bir qız, illüziyaya qapılaraq, haçansa bir şahzadənin onunla evlənib özü ilə dəbdəbəli saraya aparacağını düşünə bilər. Bu mümkündür, axı az da olsa, belə hallar baş vermişdir. Ancaq qeybdən bir xilaskarın gəlib dünyada qaydaqanun yaradacağı, qızıl çağlara yol açacağını düşünmək bundan qat-qat az inandırıcı və baş tutmayacaq bir illüziyaya qapılmaqdır.
Mədəniləşən insan özünün xoşbəxt olmaq imkanını təhlükəsiz yaşamaq imkanı ilə başa-baş dəyişdi.
Necə acınacaqlı olsa da, bu özəlliyimi boynuma alıram: mən də bir sıra yaramaz adamların sırasındayam və buna görə də, ruhlar mən olduğum yerdə insanlarla danışmaqdan boyun qaçırırlar, habelə, başqalarının yanında göyün yeddinci qatından soraq verən insanların ruhları, məni görüncə, uçub gözdən itirlər, elə buna görə də, haçansa, məni möcüzəyə inandıracaq bir güclə qarşılaşa bilməmişəm.
Sözün qısası, insanların çox geniş yayılmış iki çatışmazlığı mədəniyyətin qorunmasının, bəlli ölçülərdə, zorakılığa arxalanmasına gətirib çıxarmışdır, bunlardan birincisi, insanların könüllü olaraq əməyə qatlanmaq istəməməsidir, ikincisi isə, əqli dəlillərin onların ehtiraslarına üstün gələ bilməməsidir.
Bizə belə bir düşüncə aşılamağa çalışırlar: bu deyilənlərə babalarınız inanıbsa, deməli sizlər də inanmağa borclusunuz. Ancaq babalarımızı bizlə tutuşduranda onların olduqca geridüşüncəli olduğunu da hamı bilir və onların inandığı çoxlu nəsnələrə inanmaq mümkünsüzdür. Bu düşüncələrin sonucu olaraq, elə dini təlimlərin də bu sıradan olduğu şübhəsi yaranır. Dini təlimlə bağlı bilgiləri bizə çatdıran kitablarda yazılanlar, harasına baxırsansa, inandırıcılıqdan çox uzaqdır.
Onlarda çoxsaylı dolaşıq yerlər var, habelə, onların zaman-zaman dəyişdirildiyi və yenidən qondarıldığı da açıq-aydın duyulur.
Dini təlimin illüziyalar üzərində qurulduğunu anlayandan sonra, o andaca belə bir soru da ortaya çıxır: yoxsa, bizim yuxarı başa çıxarıb, yaşamımızı yönətməyi tapşırdığımız mədəniyyətin başqa bölmələri də elə illüziyalardan yaranıbdır?
Görəsən, insanlığın qurduğu dövlət idarəçiliyi də bir illüziyadırmı? Habelə, cinslərarası ilişkilər də, mədəniyyətin uydurduğu erotik bir illüziya, özü də çoxçalarlı bir illüziya ola bilməzmi?
İnsan təklikdə qalanda, həmişə özünə, ya çox şit, ya da çox qanmazcasına yanaşır.
Mədəniyyət anlayışı – bizim yaşamımızı heyvan kökənli ulularımızdan ayıran bütün insani uğurların və sosial quruluşların toplusuna verilən addır, onun iki məqsədi vardır: insanı təbiətin basqılarından qorumaq və insanların biri-biri ilə yola getməsinə çalışmaq.
Rusların psixikası öz inkişafında belə bir sonuca gəlib çıxmışdır: günah işlətmək – tanrının bağışlayan və mərhəmətli olduğunu sınamaq zərurətindən yaranır, ona görə də, günah işlətmək tanrının böyüklüyünü təsdiq eləməklə, onun bəyəndiyi əməllərdəndir.
İllüziyaların gözəlliyi bizi ağrı-acılarımızdan ayırmasında və onların yerinə həzlər verməsindədir. Ona görə də, birdən, illüziyalar gerçəkliyin hansısa kəsimi ilə yaranan kəskin qarşıdurmadan çiliklənəndə bunu ürəyimizə salmamalıyıq.
Yaşasaydı, mənim vaxtsız ölən qızımın bugün otuz altı yaşı olacaqdı... Yaşamda itirdiyimiz doğmamızın ruhumuzdakı yeri həmişəlik qalır. Düzdür, bu ağır itkidən doğulan sarsıdıcı kədər sonradan itib gedir, ancaq biz heç vaxt sonacan ovuna bilmirik və bu itkinin yerini dolduracaq başqa birisi tapılmır. Ruhumuzdakı bu boşluq həmişəlik olur və onun yerini doldurmaq istədiyimiz şeylərdən heç biri itkimizin yerini verə bilmir. Belə də olmalıdır. İtirdiyimiz doğmamıza bəslədiyimiz sevgini yaşatmağın başqa yolu yoxdur.
İnsan mədəniyyəti – təbiət güclərini yenə bilmək, onları özünə qulluq eləməyə qoşmaq üçün, biliklərin qazanılması prosesidir və bu biliklər insanın öz gərəklərini və çoxyönlü yararlarını ödəmək işinə yarayır. Habelə, bu proseslərin, insanların qarşılıqlı ilişkilərini sistemləşdirmək kimi bir özəlliyi də vardır. İnsanlar bu birliklərin yaradılması üçün özlərinin hansısa istəklərindən keçməli, bir sıra ehtiraslarını boğmalı olurlar; ancaq buna baxmayaraq, insanlar, demək olar, təklikdə yaşamağı bacarmasalar da, bu birliklərin yaranması üçün itirdikləri nəsnələrə görə üzülürlər.
Onlar, mədəniyyətin yaratdığı bu insani birliklərin zorakılığına və basqısına düşdüklərini düşünürlər.
İnsan – insanlığı siniflərə bölən və bu bölgünü qoruyan yasaqlara çox pis yanaşır.
Bu bölgüdə üstünlüklərə yiyələnmiş siniflərə qarşı bir gözügötürməzlik duyğusu yaranır və insan, bütün yollara əl ataraq, özünün də bu üstünlüklərə yiyələnə bilməsinə çalışır. İnsan mədəniyyətində özünü göstərən bu çatışmazlıq gec-tez qarşısıalınmaz sonuclara gətirib çıxarır. Toplumda çoxluqda olan və oturuşmuş durumu görməyə gözü olmayan sinif, azlıqda qalan sinfin əldə elədiyi üstünlükləri ona da verməyi bacarmayan mədəniyyəti yaşatmaq üçün işləməkdən boyun qaçırmağa başlayır, bu mədəniyyətin yükünü çəkməyi istəməyərək, onu devirir.
Mədəniyyətin hansısa bir toplumda qoyduğu yasaqların yaratdığı boşluq, çox vaxt, başqa toplumların mədəniyyət ideallarına yağılıq bəsləməklə doldurulur.
Mədəniyyətin əldə elədiyi üstünlükləri, onun daşıyıcıları öz üstünlükləri saymağa başlayırlar. Beləliklə də, mədəni özəlliklər və fərqliliklər bu mədəniyyətin daşıyıcılarını başqa mədəniyyətlərə yuxarıdan aşağı baxmağa gətirib çıxarır.
İnsanlar istənilən biliyi yoxlamadan keçirib sonra onun doğruluğuna inanırlar.
Soruşmaq olar: onda insanın tanrıya, dünyanı yönətən gücə olan inamı nəyə arxalanır? Bu inancın özülündə dayanan ən başlıca nəsnələrdən biri, ulu babalarımızın kimliyinə bəslənən sayğı, onların yalan danışmamasına olan inamdır; daha sonra, keçmişdən bugünə gəlib çıxmış dini inancla bağlı maddi və mədəniyyət abidələri, habelə, toplumda tanrının varlığını sübut eləyən dəlillər axtarmağa qoyulan yasaqlar bizi inancla bağlı deyilənləri yoxlamaqdan çəkindirir.
Sevənlər, bacardıqca, toplumdan ayrılmağa çalışırlar, sevgi duyğuları gücləndikcə onlar daha çox yalqızlığa çəkilməyə can atırlar. Sevgi duyğusu ilə yanaşı olaraq yaranan güclü qısqanclıq duyğusu isə, sevənlərdə, ehtiraslarının yönəldiyi obyekti toplumun qıraqdan ola biləcək basqılarından qorumaq üçündür.
Dinə arxalanmayan insan özünü qoruyan, yaşadan və dolandıran bir yenilməz, gizlin və böyük gücün olduğunu danmağa gəlib çıxır, o özünün dünyanın seçilmiş yaradılışı olmadığını da anlayır. Bu andan başlayaraq, insan özündən uydurduğu – qoruyucu-atası üçün darıxmaqdan əl çəkir, öz körpəliyindən ayrılmağa başlayır, habelə, anlaqca da yaşa dolmağa başlayır.
İnsanlıq insan mədəniyyətini şərtləndirən yasaqların ilahi mənşəli olması inamından əl çəksə, onların yerdə, elə insanların özü tərəfindən yaradıldığına inansa, onda çox ola bilsin, bu yasaqlar həmişəlik qalmaqda olduqları donuqluğundan çıxar, daha əzmək və sıxışdırmaq vasitəsi kimi anlaşılmazdılar və insanlıq onları öz marağına qulluq eləyən vasitə kimi qavramağa başlayardı. Onda hamı da onların gərəkliyini anlayardı.
İnsan ağrı-acılardan qaçmağa çalışır və bu təbiidir. Ağrı-acılara tuş gəlməməyin sınanmış yollarından biri öz istəkləri üzərində nəzarətdir. Doğuda (Şərqdə) bunu eləyə bilmək üçün öz ehtiraslarını öldürmək kimi kəskin bir yola əl atmaq təcrübələri olmuşdur. Ancaq belə kəskin yanaşma insanı dünyadan və yaşam qayğılarından büsbütün ayırır. Belə bir xoşbəxtliyin dəyəri – insan toplumunun yox olması ilə ölçülür.
İnsanın özünü xoşbəxtliyə çatdırmaq metodlarından biri, gerçəklikdə çevriliş eləməyə çalışmasıdır. Çevirilişçi, dünyanı öz istəklərinə uyğun qurmağa çalışır. Belə bir metod, bəlli olduğu kimi, uğur gətirmir. İnsan öz illüziyalarında ağılsızlığa kimi gedib çıxır. Ancaq ən maraqlısı, bizim hamımızda gerçəkliyi öz diləklərimizə uyğun dəyişmək aşırılığının olmasıdır. Belə bir illüziyaya çoxluğun qapılması örnəyi isə, dini icmalardır.
22 İnsent – ata ilə qızının, qardaş ilə bacısının, oğul ilə ananın arasında olan cinsi yaxınlığa deyilir.