Vyana, dördüncü gün, 10 yanvar 1884-cü il

Mənim, dəfinəm!

Mənim indi özüm üçün rahatlıq axtaran çağım deyil, sən mənim qayğıma qalmağı öz üzərinə götürsəydin, mən heç onun yoxluğunu duymazdım da.

Haçansa, bizim adaxlandığımız gündən bəri, başımıza gələn önəmli olayları yazıya almaq istədiyimiz o kitabçanı vərəqləsən, elə bilirəm, orada ürəkaçan nəsə tapa bilməyəcəksən. Ancaq biz bu qanıqaralıqdan da çıxış yolu tapa biləcəyik. Bunun üçün, sənin verdiyin bir sözün üstündə durmağın yetərlidir, unutmamısansa, sən məni heç vaxt yalqız qoymayacağına söz vermisən! Sənin bu sözün mənim ən gərəkli yarağıma çevrilib və mən onunla yaşam sınaqlarına qarşı savaşda özümü çox güclü sanıram.

Sən bu sözünün üstündə sonacan duracaqsanmı, bax mən bunu deyə bilmərəm. Niyə belə düşündüyümü soruşsan, deyim: yadındamı, biz sənin köçüb mənim yanımda yaşamağını götür-qoy eləyəndə sən buna qarşı necə bərk bir dirəniş göstərmişdin?

Sözsüz, sənin iradən və istəyin mənim üçün öz iradə və istəyim qədər önəmlidir. İndi də yazırsan, gərək mən səni buraxmayaydım15, yanılırsan, sevgilim! Mən yalnız özüm üçün yaxşı olacağını düşünüb, sənin bəyənmədiyin, səni incidə biləcək bir iş tuta bilərəmmi? Yox, bu çıxış yolu deyildi və bütün qalan yollar da ürəyimcə olmazdı. İndi isə, istəkli Marthenim, bizi çox uzun bir məsafə ayırmaqdadır, sözün düzü, mən indi sənə öz işimdən danışmaq istəməsəm də, ancaq deyəsən, yalnız elə bununla bağlı danışıqlarımız, bizim üçün, yalqızlığımızı unutduracaq təkbir araca çevrilmişdir.

Dünən küçədə atamla qarşılaşdım. O hələ də düşünüb-daşınmaqda, işlərinin düzələcəyinə inanmaqdadır. Mən qardaşlarım Emanuellə Filipə məktub yazıb onları atamızın işlərini yoluna qoymaq üçün yardım eləməyə çağırmağı düşündüm. Düzdür, atam bunu istəmir, o həmişə öz gücünə arxalanan birisi olduğundan, ən çətin günündə də kimdənsə kömək gözləməyib. Buna baxmayaraq, mən dünən Emanuelə çox sərt bir məktub yazası oldum. Özüm də bilmirəm, nədən bu ağrı-acılarımdan yazıb, sənin qanını qaraldıram!

Bu yaxınlarda mən Hammerşlaqın evində oldum. Onlar məni çox böyük bir sevinclə qarşıladılar. Bu qoca professor məni, özünün xeyriyyəçilik işlərində ona kömək eləməyə çağırdı və bu yöndə ilk iş olaraq, gənc həkim Albertlə səmimi bir danışıq aparıb onun ürəyini almağı mənə tapşırdı. Sonra o mənə yoxsullara pulla yardım eləmək istədiyini bildirdi. Varlı kimsələrdən biri ona çoxlu pul verərək, bunu yoxsulların arasında bölməyi istəyibmiş. O isə mənim də bu işdə ona yardımçı olmağımı istəyir. Professor mənə, dönə-dönə, öz gəncliyində çox ağır bir yoxsulluq içində yaşadığından danışmışdı. Onun düşüncəsinə görə, indiki çağda yoxsulları təkcə dövlətin ümidinə qoymaq doğru deyildir.

Mənim bu işlərə qoşulmağa vaxtım çatmaz. Ancaq mən də bu işə pulla yardım eləmək istərdim, yəni yoxsullara sözdə yox, işdə köməklik eləsəm bu ürəyimcə olardı.

Professor mənə, çox çətin günlərimdə, dönə-dönə maddi yardım göstəribdir.

Universitetdə oxuyanda o məni, habelə, başqa yoxsul tələbələri də pulsuzluqdan korluq çəkməyə qoymazdı. Mən, öncə, onun göstərdiyi bu yardımlara görə, çox sıxılırdım, ancaq sonradan, onun baxışları ilə tanış olanda, professorun çox yaxşı bir insan olduğunu, bu yardımları da ürəkdən və umacaqsız elədiyini anlayıb toxtaqlıq tapdım. Ona güvənmək olar və o elədiklərinə görə səndən nəsə umacaq birisi deyildir.

Mən son çağlar əlimi sıxıb əlli qulden pul toplaya bilmişəm. İstəyirəm bu pulu ata-anama verim.

Mənim işim olduqca ağırdır və başqalarına kömək eləməyə də bilərdim. Mən bununla bağlı düşündüklərimi professora dedim və ona bu işində, gücüm çatan qədər kömək eləyəcəyimə söz də verdim. Bizim bu danışıqlarımız onun evində baş verirdi və mən bu danışığı və professorun bir qıza qarşı göstərdiyi çox istiqanlı ilişkilərini olduğu kimi sənə çatdırmaqda çətinlik çəkirəm. Mən professordan Roza adlı bu qızın da danışığımıza qoşulmasını istədim və biz üçlükdə başqa bir otağa keçən kimi, professor bu qızın bacısından çox ürəklə danışmağa başladı və mən bu danışığın gedişində professorla xanımı arasında duymağa başladığım soyuqluğun nədən yarandığını anladım. Mən insanların biri-birindən ayrılmasının, öz ilişkilərində soyuqluğa gəlib çıxmasının, hansısa insani və psixoloji baxımdan yaxşı sayıla biləcək motivlərinin olduğunu düşünmürəm, ancaq bizim istəyimizdən asılı olmayaraq, belə olaylar baş verir. Mənə elə gəlir, Roza bu durumdan çıxmaq üçün özündə güc tapacaq və professorun xanımı Anna ilə birlikdə bu işləri yoluna qoya biləcəkdir. Ola bilsin, onlar necəsə frau N.-nin onlara yardım eləməsinə yol tapacaqlar və onun işə qarışması mənim onlar üçün eləyə biləcəklərimdən daha yararlı olacaqdır. Məncə, frau N.-nin bu işlərə qatılması yardıma gərək duyan daha iki qızın işlərinin yoluna qoyulması üçün də çox yaxşı olardı. Sənin nədən söz getdiyini daha yaxşı anlamağın üçün deyim biləsən, bu qızlar olduqca yoxsuldurlar və ailənin böyük uşaqlarıdırlar. Bu ailədə oğlanlardan biri kiminsə evində lakey işləyir, qızlar isə xalq məktəblərində müəllimlik eləməklə qəpik-quruş qazanırlar.

Professorun kömək eləyib işə düzəltdiyi yoxsullardan biri olan Albert isə həkimdir, professor Lyüdviqin16 laboratoriyasında kimyaçı işləyir, dolanışığına yetəcək təqaüd alır. Mən bu Professor Lyüdviqi çoxdan tanıyıram, o, görünüşcə çox yaraşıqlıdır və görkəmindən Şavab bölgəsinin varlı almanlarına oxşayır. Bu qoca yəhudi müəllimimə, mənə gimnaziyada dərs dediyi dönəmdə ürəkdən bağlanmışam.

Görürsən, səndən heç nəyi gizlətmədiyim üçün, mənim iş-gücümlə bağlı nə varsa hamısını öyrənə bildin. Ancaq mənim birdənəm, bilsən, mən səninlə bağlı necə də az şey bilirəm.

... Elmi işlərimdəki irəliləyişlər heç də ürəyimcə deyildir. Ara vermədən, heç nəyi gözdən qaçırmadan, xəstələr üzərində apardığım maraqlı müşahidələrimi ümumiləşdirirəm, çoxlu oxuyuram, dayanmadan, təkbaşına çalışıram. Umarım, yaxın çağlarda araşdırmalarımla bağlı yazılarım elmi dərgilərdə çap olunmağa başlayacaqdır. Sənə demişdim, mən indi yazıq Natanın yerinə müalicə şöbəsinin müdiri işləyirəm, onun yarım il ərzində gecələdiyi otağı da mənə veriblər, gecələr onun ruhunun hələ də burada dolaşdığını duyuram. Ancaq mənim belə şeylərdən qorxum yoxdur deyə, gecələr çox dərin bir yuxuya dalıram.

Sənin xanımları başına toplayıb, kitab oxusu gecələri keçirməyini çox bəyəndim, bu işinə uğurlar diləyirəm. Gərək bizim buradakı xanımlara da sənin gördüyün bu yararlı işdən danışıb onları da yerindən tərpətməyə çalışım. Kişilər üçün də belə oxu gecələri keçirmək istəyirsənmi?

Mənə elə gəlir, Dikkensin əsərindəki Çayms çox ürəyəyatımlı və gözəldir, ancaq bu əsərin başlanğıcı çox ağır oxunur. Düşünürəm, Dikkensin “Battle of live (Yaşam sınaqları)” əsərindən başlasaydınız, sizin oxunuz üçün, daha asan və daha yararlı olardı, bu sözlərim deyəsən artıq oldu, axı bu işlərdən sən özün də yaxşı baş açırsan.

İndi mənim başım, elmi jurnal üçün yazdığım yazılara və xəstəxanadakı işlərimlə bərk qarışıqdır.

Ancaq, sevgilim, darıxma, bizim birlikdə, sevinc içində yaşayacağımız günlər də gələcək. İndi sən də gərək, bu məktubu oxuduqca nə düşünmüsənsə, hamısını mənə yazasan.

Gecən xeyrə qalsın.

Sənin Ziqmundun

15

Froud ilə Martanın evlənməzdən öncə də birlikdə yaşamalarının qarşısını Martanın anası almışdı.

16

Ernst Lyüdviq (1842-1915 ) – Vyana universitetində kimya üzrə professor olmuşdur.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.