Vyana, ikinci gün, 7 fevral 1884-cü il
Mənim balaca şahzadə xanımım!
Sənin sonuncu məktubunu qırmızı lentli ağ poçt göyərçini çox gözəl bir anda gətirib çıxardı. Mən elmi məqalə yazdığım yerdə o uçub gəldi. Sənin məktubun mənə təpər verdiyindən, işimi uğurla bitirə bildim. Bu işi görməyə axşamüstü dördün yarısında başlamışdım, axşam saat doqquzun yarısında onu qurtara bildim. İşi uğurla bitirə bildiyimə görə, sevincimdən atılıb-düşməyə də başladım. Sözün düzü, kefim kök olanda, mən bu atılıb-düşmək idmanı ilə məşğul olmağı çox sevirəm. İşimi qurtaran kimi sənə məktub yazmaq istədim. Ancaq yaxın yoldaşlardan birinin mənə qonaq gəlməsi bu planımı pozdu. Sonra mən də, bir az hava almaq üçün, onu qaldığı qonaq evinə yola saldım, beləliklə də, sənə ancaq bugün məktub yaza bildim.
Gündüz bir rus tanışımın istəyi ilə onun üçün bir kitabdan çıxarışlar yazmalı oldum, sonra almancadan ingiliscəyə çevirmələrimi gözdən keçirib, bu əlyazmalarımı redaktə eləmək üçün amerikalı iş yoldaşıma verdim. Sabah bu çevirmələrimi aparıb Fleyşluya verəcəyəm, bununla da bu işi bütünlüklə bitirəcəyəm. Bundan sonra mənim yenə də oxumaq və xəstələrimlə məşğul olmaq üçün vaxtım olacaqdır. Ancaq bu da çox uzun sürməyəcəkdir. Hər halda bu, ürəyim istəyən qədər uzun bir vaxt olmayacaqdır. Mənə elə gəlir, insanın gərək yaşam barədə düşünməyə də gen-bol vaxtı qalsın.
Zilbertşeyn bu gün də mənə dəyməyə gəlmişdi, öncələrdəki kimi, yenə də mənə çox istiqanlı yanaşır. Məktəb illərində biz onunla ayrılmaz arxadaşlar idik. Bizim biribirimizlə doğmalaşmağımızda nə idmanın, nə də başqa bir qarşılıqlı qazanc güdməyin rolu olmamışdı, bizi biri-birimizə bağlayan yalnız düşüncələrimizin yaxınlığı idi. Dərslərimizi hazırlayandan sonra boş qalan bütün vaxtımızı birlikdə keçirərdik.
Birlikdə ispan dilini öyrənər, böyük Servantesin əsərlərindən yararlanaraq çoxlu macəralar quraşdırar, qəribə adlar düşünərdik.
Bizim “İspan ədəbiyyatından seçmə oxular” kitabımızda Servantesin bir hekayəsini oxumuşduq, burada o iki itin danışığını yazıya almışdı. Hospitalın qarşısında dayanmış bu iki itin arasında fəlsəfi-yumoristik bir dialoq gedirdi. Bu itlərin adını bəyəndiyimizdən, onların adlarını özümüzə götürmüşdük. Biz danışanda da, yazışanda da, biri-birimizi bu adlarla çağırardıq, mənim dostum özünə buradakı itlərdən Barqanzanın, mən isə Sipionun adını götürmüşdük. Mən çox vaxt ona kiçik bir məktub yazıb qoyardım və bu məktublar: “İstəkli, Barqanza” ilə başlayar,
“Dönməz arxadaşın Sipion Sevilyadakı hospitalın qarşısında səni gözləyir” deyə bitərdi. Biz ikilikdə bir elmi dərnək yaradıb onu, zarafatla, “akademiya”
adlandırmışdıq, çox vaxt ikimiz də pul qoyub, birlikdə şam eləyərdik, birdən, hansı birimizsə, nədənsə, başqa uşaqlarla birlikdə gəzməyə gedəndə, biri-birimizdən ötrü bərk darıxardıq. Düzdür, aradabir, o öz düşüncələrini mənimlə bölüşməkdən qaçardı, ancaq onda həmişə bir insanlığın, özgür düşüncəliyin, geniş bilik çevrəsinin, özünəməxsus yumorun olması, bütün aydınlığı ilə gözə çarpardı. Ancaq bu özəlliklərinin hamısında onun “şəhərliliyi” və yaşından böyük danışması da duyulardı.
Həkim diplomu alandan sonra, onu mən müalicə eləyirdim. Günlərin birində o bizi, bütün keçmiş yoldaşlarını, Vyananın ucqarında yerləşən evinə, vida görüşünə çağırmışdı. Qonaqlığın gedişində o, bizim qədəhlərimizə özü pivə tökür, bərk kövrəlsə də, bunu bizdən gizlətməyə çalışırdı. Sonra biz birlikdə yığışıb kafeyə getdik və orada cərrah Rozane mənim dostumun bu sentimentallığını gözə çarpdırıb gülüş yaratmaq üçün, çox şit bir zarafat elədi. Bu yerdə mənim ona yazığım gəldi və aramızda çoxdan yaranmış soyuqluq öz-özünə yoxa çıxdı. Mən vida sözü olaraq ona üz tutub dedim: sən buradan getməklə mənim gənclik xatirələrimi də özünlə aparırsan. Sözün düzü, mən bu sözü gəlişigözəllik üçün demişdim, ancaq çox sonralar bu dediklərimin gerçək olduğu bəlli oldu.
O çıxıb gedəndən sonra biz ilk çağlar məktublaşırdıq, o, yazılarında tez-tez başı pozulmuş atasından və yaşamının anlamsızlığından danışırdı. Mən isə onun kütləşmiş romantik instinktlərini oyatmağa, ovqatını yaxşılaşdırmağa çalışırdım, ancaq bu çalışmalarımın hamısı boşuna gedirdi. Sonra o, toplumda özünə yaraşan üstün bir yer tutmaq umudu ilə, Buxarestə köçdü. Gəncliyində o hindularla çox maraqlanardı.
Kuperin “dəri corablısını”, dənizdə baş verən macəralarla bağlı kitabları çox bəyənərdi və onlara ürəkdən bağlanmışdı. Son illər o, Dunayda üzmək üçün böyük bir qayıq almışdı və tez-tez dostlarını qayıq gəzintisinə çağırardı. Mənim üçün ən ilginc olan, onun qayığı sürmək üçün muzdlu avarçəkənlər tutması idi.
Biz tez-tez olmasa da, ara-sıra görüşüb danışardıq. Sonra mənim ömrümə sən gəldin və düşüncələrim bütünlüklə sənə bağlanıb qaldı. Sən mənim üçün yeni, sevimli bir dost oldun, bütün duyğu və düşüncələrim isə yalnız sənə sarı yönəldi...
Mən Zilberşteynə səndən danışanda, bizim aramızda öncədən də olan düşüncə ayrılığı bir az da qabarıq üzə çıxdı. O mənim duyğularımı anlaya bilmədi. Özü isə, ürəyiyanan yaxınlarının ona göstərdiyi, çox varlı, ancaq anlamaz bir qızla evlənmişdi.
İndi o, evləndiyi bu “pul kisəsinə” öyrəşib yaşayır, ancaq əldə elədiyi bu pullar da ona yetik olmadı, o nə yönlü bir tacir ola bildi, nə də özünü dolandıracaq bir iş yiyəsi oldu.
Mənim səni sevməklə nələr qazandığımı isə özün çox gözəl bilirsən.
Bax indi, üstündən neçə illər keçəndən sonra, biz yenidən Zilberşteynlə görüşdük, oturub uzun-uzadı, ötüb keçən ömrümüzlə bağlı danışdıq, yaşamın bizim ötkəm istəklərimizi necə cilovladığından söz açdıq, düzdür, bütün bunlar kiminsə lap tez, kiminsə çox sonralar başına gəlsə də, ancaq qaçılmaz bir gerçəklikdir. O, gəncliyində, ilk olaraq, Annanı sevmişdi, sonra Fanniyə vuruldu. Sonra onun yaşamında, qarşılaşdığı bütün qızların hamısına, heç bir fərq qoymadan, vurulduğu bir dönəm başladı, indi isə artıq o, heç kimi sevmir.
Məndə isə, büsbütün tərsinədir. Mən qabaqlar heç kimi sevməmişdim, indi isə yalnız səni, mənim birdənəmi sevirəm. Bax, beləliklə də, mən sənə dostum Zilberşteynin başına gələnləri danışdım. İndi o bankir olub, bundan öncə qoşulduğu yurisprundensiyanı bəyənmədiyi üçün indi də bu yolu seçib. O bugünlərdə yenə də keçmiş yoldaşlarını bir yerə toplayıb, Vyananın qırağındakı evində qonaqlamaq istəyir, ancaq mənim işim başımdan aşdığı üçün onun bu qonaqlığına getməyəcəyəm, bir də, artıq mənim üçün keçmişdə olanlar deyil, gələcəkdə olacaqlar daha önəmlidir.
Sağlıqla qal, mənim dəyərli dəfinəm. Mənim poçt qutum hələlik boşdur.
Düşünürəm, sənin məktubun sabah gəlib çıxar.
Sənin Ziqmundun
Vyana, ikinci gün, 20 mart 1884-cü il, səhər erkən Öz aramızdır, sən çox lovğa adam imişsən!
Fotoşəklini bəyənməyib özünü darıxdırmağın, məncə, çox yersiz görünür. Demək artıqdır, bu şəklini səni sevən birisinin bəyənməsi yetərlidir, başqaları qoy heç bəyənməsinlər. Mənim çoxdan anladığım belə bir gerçəklik var: başqalarının sayğısını qazanmaq istəyirsənsə, çalış onları ağır sınağa çəkmə.
Bu yaxınlarda baş tutan, dağa dırmanmaqla bağlı qorxulu gəzintimin təsiri hələ də özünü göstərməkdədir. Ancaq sağlamlığım yerindədir, heç yerim ağrımır, yalnız baldırlarımda bərk yorğunluq vardır. Bir də təkrarlanmayacaq bu gəzintini uğurla başa vurduğumu sanmaq olar.
Bugün tibbi avadanlıqlar düzəldən ustanın yanına getmək istəyirəm, düzəltdirmək istədiyim elektron alətlə bağlı hesablamalarımı dəqiqləşdirməliyəm.
Görürsənmi, mən qabaqlar belə işlərə barmaqarası baxardım, indi isə kiçik bir alverə başlayıb ayda heç olmasa əlli qulden pul qazanmağa çalışıram. İş burasındadır, mən indi öz laboratoriyamda beş-altı nəfəri müalicə eləmək istəyirəm. Gündüzlər bu işlə, axşamlar isə oxuyub öyrənməklə məşğul olacağam. Bugün Breyer gəlib çıxmasa mən axşam ona yaxşı bir sürpriz hazırlayacağam. O dünən axşam mənə belə demişdi: istəyirsən, gəl, qoşul mənim xəstələrimə, səni də müalicə eləyim. İndi mən onu laboratoriyamda müalicə olunmağa çağıracağam.
Mənim şahzadə xanımımın sağlamlığı yerindədirmi? Tez yorulduğunu deyirsən, bunun niyəsi nədir görəsən? Mənim, indi xəstə olduğum üçün, sənin sağlamlığının qayğısına qalmadığımı düşünürsənsə, yanılırsan. Axı xəstənin bir üstünlüyü də var, onun durumu yaxşı olmadığı üçün, sevgilisi onunla daha çox maraqlanır, deməli, mən indi xəstələndiyim üçün, səndən daha çox məktub almalıyam, ona görə də, indi gedib xəstəlik yatağıma uzanacağam.
Mənim sənə belə qara-qorxu gəlməyim könlünə yatırmı?
Ürəkdən gələn alqışlarımla, sənin Ziqmundun