Vyana, 18 avqust 1882-ci il, gecə
Sənin sevgindən başqa hər şey mənə yad. O mənə sevinc verir, o mənə həyat. Dostum, səadət gəzsən, sevərək yaşa –
Səadət ömrə gəlir sevgiylə qoşa. İstəkli sevgilim!
Mənim, inanclara qarşı qatı sayğısızlıq göstərməsilə seçilən, bir arxadaşım var, biz onunla oturub dünyanın yaradılışındakı əyər-əskiklərdən uzun-uzadı danışırıq, bu gün arxadaşım, gözlənilmədən, kitab dolabından Götenin kitabını götürüb onun bu bənzərsiz şerini oxudu. Bu şeirdəki duyğuların dərinliyi ürəyimi yerindən oynatdı.
Səslənən bu poetik misraların mənim duyğularıma arxadaşımdan qat-qat artıq təsir elədiyini desəm yanılmaram. Ona görə də, məni qaplayan bu həyəcanımı arxadaşım duymasın deyə, ondan tezliklə ayrılmalı oldum. Bu anımda mən özümə qapılmağı, düşüncələrimlə baş-başa qalmağı istəyirdim.
Görməli olduğum iş də, bu gün mənimlə çəkişməyin yersiz olduğunu anlamışdı, ona görə də, günortadan sonra məni özünə sarı çəkməkdən daşınıb, yaxamı buraxdı.
Günortadan sonra, özüm üçün gəzərkən, gözlənilmədən, çoxdankı bir tanışımla qarşılaşdım, biz onunla universitetdə birlikdə oxumuşduq. Yazıqlar olsun, qarşılaşdığı çox ağır uğursuzluqlar onu gənclik illərinin gözəl düşüncələrindən uzaqlaşdırmışdı.
Keçmiş arxadaşlarla dərdləşmək, indi mənə çox çəkici görünür; biz onunla danışanda, ikimizin də artıq, yaşamın biz düşündüyümüzdən qat-qat ağır olduğunu anladığımız bəlli oldu. Gəncliyimizdə bağlandığımız yüksək və əlçatan olduğunu düşündüyümüz ideallar, biz irəlilədikcə, daha da uzaqlara çəkilib getmişdilər. Bu isə onları bizim üçün daha artıq dəyərli eləmişdir. Arxadaşlarımdan bir çoxu, özlərinə qapılaraq, ürəklərində, bugün də, bu yüksək diləklərini qoruyub saxlamaqdadırlar.
Mən indi çox üzgünəm, mənən yorulmuşam və gələcəkdə də yaxşı nəsə olacağına inamım qalmayıb. Ancaq mən öz taleyimi düşünəndə onu başqa bir tale ilə dəyişmək də istəmirəm. Mən özümdən çox, taleyimin mənə bağışladığı Martheni, mənim Marthenimi düşünürəm və onun taleyinin yaxşı olması üçün əlimdən gələni eləməyə çalışıram.
Mənim yoldaşlarımın, demək olar, hamısı çox yoxsuldurlar və gələcəkdə uğur qazanarlarsa, biri-birinə əl tutacaqlarını deyirlər. Onlar yaxşı insanlardır, yoxsa, mən onlarla yoldaşlıq eləməz, onları öz arxadaşlarım sanmazdım. Ancaq nə yazıq, biz biribirimizə çox az kömək eləyə bilirik. Buna baxmayaraq, bizlərdən hər birimizin, kiməsə ümid vermək və yardımçı olmaqdan heç vaxt boyun qaçırmadığı da bəlli bir gerçəklikdir. Mən bu durumu yaradan psixoloji özəlliyin üzərində düşünmüşəm.
Doğrudan da, kiməsə dayaq duranda, başqasına yaxşılıq eləməyi bacardığını duymaq, insanın öz gücünə olan inamını artırır. Başqasına yaxşılıq eləməyə yetəcək bir gücünün olduğunu anlayan insan öz ruhunu da yüksəklərə qaldırmış olur. Bu olayın dərin psixoloji mexanizmi məncə belədir: bu yaxşılıqsevər insan, köksünü dünyada hökm sürən ədalətsizlikdən doğan yamanlıqlara qarşı gərməklə, öz arxadaşını bacardığı qədər onlardan qorumağa çalışır və beləliklə də, ola bilsin qeyri-şüuri, ola bilsin də şüurlu olaraq, özünə qarşı da belə bir münasibətin bəslənəcəyinə inanır.
Özünə ömür-gün yoldaşı olmaq üçün seçdiyin qızın sevimlisi ola bilmək çox böyük səadətdir. Ancaq kişi arxadaşlarımdan bir çoxunun mənə, yaşamımda göstərdiyi yardımlardan boyun qaçırmaq da doğru olmazdı.
... Beləliklə də, mən bizim dolanışıqca belə, çox yoxsul olmağımıza dözümlü yanaşıram. Bir anlığına düşün, sevgilim, birdən hamı öz bacarığına görə uğur qazana bilsəydi, onda insanlar arasındakı mənəvi ilişkilər də, ola bilsin, çox azalardı.
Deyə bilmərəm, sən məni ürəkdənmi sevirsən, yoxsa yalnız elə səni dəlicəsinə sevməyimi bəyəndiyinə görə mənə bağlanmısan. Ancaq buna da inanmıram, birdən başıma bir iş gəlsə, uğursuzluqla üzləşsəm, mənim sevgilim belə deyə bilsin: “Mən daha səni sevmirəm. Sən mənim gözümdə bütün dəyərini itirmisən”. Bu çox qorxunc görünərdi və rəsmi çevrələrdə işlək olan, çinovniklər arasındakı ilişkilərə oxşayardı, axı onlar arasındakı ilişkilərdə başlıca meyar mundirlə, poqonla və döşlərində gəzdirdikləri medallarla ölçülür.
Doğrudanmı, yaşamda baş verənlər hansısa gözlənilməzliklərin doğurduğu şıltaqlardan asılıdır? Varlıları tale ərköyünləşdirir, onları ədalətsizlikdən və uğursuzluqlardan qoruyur. Elə isə, yoxsullara nə qalır? Onların ürəyində alovlanan gerçək sevgi – yaşamda, bu sevginin işığı üstünə düşməyən bütün nəsnələr olduqca solğun və qondarmadır! Varlıların yiyələndiyi bütün bu maddi dəyərlərin yerini verə bilərmi? Sənsiz mən çox düşkün və olduqca yoxsulam, səninlə isə mən varlı və güclü olacağam və insanların öz aralarında yaşatdıqları bu cılız dəyərlər mənim üçün önəmsiz olacaqdır, mən buna ürəkdən inanmaqdayam.
Ah, mənim istəkli Marthenim, biz necə də yoxsuluq. Ancaq bu bizi öz yaxşılığımızdan çəkindirməməlidir: biz bütün doğmalarımıza biri-birimizi sevdiyimizi və birgə yaşamaq istədiyimizi, utanıb-çəkinmədən, deməliyik. Onlar bizdən soruşacaqlar: “Sizin dolanmaq üçün əlinizdə nə qədər pulunuz var?” Biz deyəcəyik:
“Bizim əlimizdə biri-birimizə bəslədiyimiz sonsuz sevgidən başqa heç nə yoxdur”.
Onlar acı-acı qımışıb deyəcəklər: “Doğrudanmı, sizin bundan başqa heç nəyiniz yoxdur?”
Bizə birgə yaşayış üçün nə gərəkdir? Yaşamaq, yemək bişirmək, qonaq qarşılamaq üçün iki-üç otaqlı bir ev. Yemək bişirə bilmək üçün həmişə isti olan bir soba.
Evimizin avadanlığı necə olmalıdır? Stol və stullar, çarpayılar, bizim səadətlə keçən ömrümüzün üzümüzdə buraxdığı izləri görə bilmək üçün güzgü, oturub xoş düşüncələrə dalmaq üçün kreslo, evin xanımının döşəməni kirlənməkdən qoruya bilməsinə yarayan xalça. Paltar dolabının yeşiklərinə qalaqlanmış, bükülü və lentlə bağlanmış döşək ağları; sənin dəbə uyğun gözəl donun və süni çiçəklərlə bəzənmiş şlyapan, divardan asılı şəkil, gündəlik işlətdiyimiz qab-qacaq və bayram günlərində ortaya qoyulacaq qədəhlər, boşqablar və fincanlar, azacıq yemək azuqəmizin qorunduğu dolab. Birdən, acanda, ya da gözlənilmədən qonaq gələndə, orada əlimizin altında bir az yeyəcəklər olsa yaxşıdır. İplə bağlanmış bir topa açarlar. Bu dediklərim sənə önəmsizmi görünür? Ancaq bütün bunlar səninlə yanaşı olanda mənə sevinc və dinclik gətirəcəkdir. Hə, unutmuşdum, ən başlıcası, ev kitabxanamız olacaq, gecə stolu və xəfif işığının mərhəmlik və güvənlik gətirdiyi gecə lampası da öz yerində. Bütün bu avadanlıqların hamısı gərək, yerli-yerində və yaxşı durumda olsunlar, yoxsa evin xanımı onları bəyənməz.
Ev avadanlıqlarından çoxu bu evi dolandırmaq üçün çəkilən gərgin əməyi andıracaqdır. Qalan nəsnələr isə ev yiyələrinin bədii zövqünün simvolları olacaq, dəyərli dostlarını xatırladacaq, ər ilə onun xanımının gəzib bəyəndikləri, yenidən bir də qayıdıb görmək istədikləri şəhərləri onlara andıracaqdır.
Bütün bunlar – yaşadıqları dünyanın onlara bağışladığı kiçik bir səadət payı, yaxşılıqlara sığınıb yaşayan insanlara xas olan kiçik bir dünya olacaqdır. Özü də, bu onların sevdiyi, ayrılmaq istəmədiyi bir dünya olacaqdır. Ancaq bu hələ onların ailə ocaqlarının özülü deyildir. Bu ocağın gecə-gündüz yanması, sönməz olması, burada yaşayan bu iki nəfərin biri-birini sonsuz bir istəklə sevməsindən asılı olacaqdır.
Gündəlik yaşamın məişətlə bağlı bu kiçik detalları bizə hansısa təsirləri göstərə bilərmi? Taleyin qaçılmaz sonucu olan yoxluğa gömülməyənə kimi, sözsüz, bunlarsız keçinmək olmayacaqdır. Ancaq biz gərək hər gün ürəyimizdən gələn bir səslə biribirimizi bərk-bərk sevdiyimizi ucadan deməkdən çəkinməyək. İki sevən ürək bunu biri-birinə anlatmaq üçün gərəkən incə sözləri deməyi bacarmırsa, bundan da qorxunc durum ola bilməz. Onlar ilişkilərindəki bu incəliyi qorumaqla, gözlənilmədən qarşılaşacaqları hansısa bədbəxtliklər, xəstəliklər baş verəndə, yaxud hansısa başqa ağır durumlara düşəndə, bütün bunlara qarşı duruş gətirməyi bacaracaqlar. İlişkilərdə biri-birinə bəslənən bu incə duyğuları gizlətməyə, onları biri-birindən qızırğanmağa dəyməz. Qarşılıqlı ilişkilərdə onları qarşı tərəf üçün nə qədər çox işlədirsənsə, ondan da bir o qədər çox qarşılığını alırsan. İlişkilədəki incəlik unudulanda ruhlar arasındakı bağlar qırılır, ərlə onun xanımı arasındakı ilişkilər pas kəsmiş qıfıla bənzəyir. Baxırsan qıfıldır, ancaq pas atıb, açılası deyil. Sevən ürəklərin sonradan bu duruma düşməsi çox olur.
Səni düşünürəm. Sən məndən çox-çox uzaqlardasan. İradəmi toplayıb bu ayrılığın acılarına dözməyə çalışıram. Mənim üzgün və istəkli körpəm, bu gənc yaşında payına necə də ağır qəm-qüssə yükü düşüb, ancaq bunu açıb-ağartmırsan, çəkdiyin ağrı-acıları ürəyində gizlədirsən. Sənin bu durumdan qurtulmağın asan olmayacaqdır. Axı indi səadətinin səndən üz çevirdiyini düşünürsən. Yox, sakın bu düşkünlüyə qapılmaqdan, biz yaşamın bizə verməyə borclu olduğu sevinc payımızı almaq üçün var gücümüzlə çalışmalıyıq. Sənin mənə böyük bir səadət bağışlayacağına inanıram.
Mənim səadətim sən özünsən, sənsiz mən ruhdan düşürəm, əlim boşda qalır. Səninlə olanda ruhlanıram, sənin üçün dağı dağ üstünə qoymağı bacaracaq qədər güclü olduğumu sanıram, ürəyimdə, sənin üçün çalışmaqdan və səninlə birgə yaşamağın dadını çıxarmaqdan böyük istəyim yoxdur.
Sənə ürəkdən gələn alqışlarımı yetirirəm. Ola bilsin, bu dəqiqələrdə elə sən də məni düşünürsən və daimi görüş yerimiz olan bağçada məni gözlədiyin anları xatırlayırsan.
Sənin Ziqmundun