Vyana, 25 sentyabr 1882-ci il

Mənim sevimli Marthenim!

Göndərdiyim məktuba yazacağın cavabı gözləməkdən bezib, yenidən sənə öz işlərimin gedişindən yazmaq istəyirəm. Sözün düzü, səninlə üz-üzə oturub danışa bilməmək məni çox üzür. İstəyirəm, bu məktubda heç nəyi gizlətmədən, düşüncələrimi, necə varsa eləcə də yazam, məncə, biri-birinə əllərini və ürəklərini etibar eləmiş, talelərini ömürlük biri-birilə bağlamış insanlar elə belə də etməlidirlər.

Boynuma alıram: cavab almadan bir də yenidən sənə məktub yazmaq çox da elə ürəkaçan deyildir. Sən mənim məktublarımı cavabsız qoymağa başlasan, görünür, mən də aramızdakı yazışmaya son qoymalı olacağam. Haçandandır, bizim yazışmamız, yalnız, mənim sevgilimə göndərdiyim, ayrılıqdan nələr çəkdiyimi anlatdığım, monoloqlar üzərində qurulubdur. Bu monoloqlar belə uzun bir sürədə cavabsız qaldıqca tükənə bilər, bu isə bizim ilişkilərimizin yalan üzərində qurulduğu düşüncəsinə gətirib çıxarardı. Bizim sevgimizi və arxadaşlığımızı yaşadan, qarşılıqlı anlaşmadır. Mən bütün durumlarda yovuşuqlu ola bilmirəm, çox vaxt ciddi olmağa, sözü üzə deməyə üstünlük verirəm, məncə, dostlar arasındakı ilişkilər belə də olmalıdır. İlişkilərdə hansısa üzgörənlik və örtülülük varsa orada dostluqdan söz gedə bilməz. Sənin indi öz yan-yörəndəki adamların içində mənim yoxluğumu duyduğuna inanmaq istəyirəm. Yanında görmədiyin o adam üçün sən bu dünyanın ən böyük dəyərisən. İnan mənə, sənin bunca dəyərli olmağın mənim əməyim deyildir. Ancaq mənim öz qavramımda sənin kimliyinə verdiyim dəyər, sənə belə yanaşmağım, sənə sevimli bir oyuncaq kimi yanaşmaq istəyənlərin davranışlarından çox-çox seçilir.

Onlar üçün bu seçim çox asandır və bütün bunlar, onların, sənə yiyələnmək istəklərini doğrultmağa hesablanmışdır.

Mənim istəklim, gözəlim, səni qınamaqdan hansısa bir həzz aldığımı düşünməyəsən. Yox, mən bizim aramızda, azacıq da olsa belə, hansısa soyuqluğun və incikliyin olmasını istəmirəm. Mənə elə gəlir, sən bunu çox gözəl anlayırsan: biz taleyimizi biri-birimizlə bağlayıb, iki taleyi bir taleyə çevirən gündən, ikimiz də, bundan öncəki kimliyimizdən ayrılıb, büsbütün başqa insanlara çevrilməliyik, daha doğrusunu desək, o andan başlayaraq biz yalnız biri-birimizin maraqları və qayğıları ilə köklənib yaşamağa çalışmalıyıq. Bu sözləri, indidən, çəkinmədən deyə bilərəm: qarşıda bizi gözləyən qocalıq da, mənim sevgilimin gözəl obrazını korlaya biləcək, gözdən sala biləcək gücdə deyildir.

Birdən, bu sözlərimi oxuyub qüssələnsən, ağlasan, mənim qanımı bərk qaraltmış olarsan. Yox, sən bir anlığına özünü mənim yerimə qoy. İndi mən durub incidildiyim üçün hönkürməyə başlasam, onda necə olsun, səncə, bu durumumda məni kim ovutmalıdır?

Evlilik – olduqca çətin bir məsələdir. Bu məsələni həll eləyə bilmək üçün biz gərək biri-birimizə kömək eləyək, gərək olanda isə, bir-birimizin yanlışını düzəldək.

Təkcə elə biri-birinə öz sevgisini açıqlayan odlu-alovlu sözlər deməklə iş düzəlmir.

Mənim düşüncəmə görə, ərlə arvaddan hansısa biri o birisində bəyənmədiyi hansısa özəlliyi üzə vurmursa, onda onlar arasındakı ilişkilər dəyərdən düşür və burada evlilik də öz anlamını itirməyə başlayır. Birgə yaşamaq – bütün durumlarda biri-birinin hayında-harayında olmaq, sevinci də bədbəxtliyi də biri-biri ilə bölüşmək deməkdir.

Mənə elə gəlir, qızların çoxu kişilərlə dostluqlarına, yalnız öz könüllərini əyləndirəcək bir iş kimi baxır, çox vaxt, kişilərdən bunu lap tələb də eləyirlər. Siz qızlar, çox vaxt, kiminsə ürəkdən gəlməyən, yalnız üzdə olan basmaqəlib nəzakəti ilə yetinirsiniz və belə durumlarda sizlərin dilindən sıx-sıx belə sözlər çıxır: “Ah, bilsəniz o, bugün necə istiqanlı və ürəyiaçıq idi”.

Mən burada, avqust ayında, xəstələnəndə qardaşın Eli məni yoluxmağa gəlmişdi, birdən o qayıdıb qınaqla dolu belə bir söz dedi: sən, belə ağır xəstəsənsə, niyə gedib xəstəxanada uzanmırsan, sənə doğma olan adamlara yük olursan? Bax, səninlə mənim aramda gərək, biri-birimizə belə bir yanaşma olmasın. Heç bir durumda biz biri-birimiz üçün ağır yükə çevrilə bilmərik. Mənim diləyim gələcəkdə səninlə uzun illər boyunca sakit və işıqlı günlər yaşamaq, səni diqqət və qayğı ilə bürüməkdir, sənin də mənə qarşı belə davranacağına inanıram. Mən, bizim, bütün ömrümüz boyu, biribirimizə tükənməz bir sevgi bəsləyərək yaşamağımızı istəyirəm, habelə, doğma insanlar olaraq biri-birimizin öyrəncə və zövq ayrılıqlarına da sayğı ilə yanaşacağımızı gözləyirəm. Mən özümün bunu bacaracağıma arxayınam.

Gizlətməyəcəym, sən bir dəfə artıq öz davranışınla məni bərk sarsıda bilmisən.

Xatırlayırsanmı, ilk tanış olduğumuz çağlarda, bir dəfə sən Fritslə dostluğa başlayıb məni gözdən salmışdın. Mən sənin bu davranışına sonacan dözüb gözlədim, sonra sən mənə qarşı yanış davrandığını özün başa düşdün. Düzdür, mən onda sənin bütün bunları öz bağımsızlığını göstərmək üçün elədiyini anlamamışdım. Sən sonradan özün bunu mənə açıb dedin və bundan sonra mən sənin öz davranışlarını götür-qoy eləyib onlara düzəliş verə bilmək bacarığına inandım.

Qarşılıqlı olaraq biri-birimizə güvənməyimiz bizi birləşdirən ən qırılmaz doğmalıq tellərindəndir. Sevgilin üstəlik səninlə dost da olursa, bu onu sənin gözündə daha da yüksəklərə qaldırır. Mən sənə yalnız sevgilim kimi yanaşıb, səndə dostluğa yaraşan özəlliklər tapa bilməsəydim bu, bizim üçün çox böyük bir itki olardı. Onda bizim ilişkilərimizin məzmunu da çox yoxsul görünərdi. İnsan ilişkiləri bəzək-düzəksiz və umacaqsız olanda ən gözəl olur.

Bax, mən əllərimi inamla və ürəkdən gələn bir istəklə sənə uzatmışam, səndən də bunu gözləyirəm.

Açıqlama: Bu məktubun sonunda Froud öz ad və soyadını yazmamışdır, “Sevgi məktubları” kitabının tərtibatçısı Ernst Froud bu məktubu atasının Martaya şəxsən özünün verdiyini düşünür.

Sevimli Martam!

Sənin vurğunluqla oxuduğum gözəl məktubc - ığazın, burada Valdebeker sərgisindən verdiyin geniş bilgi, məni çox sevindirdi. Bu sevincin isə mənim indilikdə c korlanmış sağlamlığımın düzəlməsi üçün yaxşı bir arac olduğunu deyə bilərəm. Bu ü zökəm olmasaydı, özümü çox yaxşı hiss elədiyimi də deyə bilərdim.

Sənin bu düşüncələrin “Faustdakı” Vaqnerin, öz gözəl gəzintisi boyu daldığı, düşüncələrinə çox oxşayır, mən də bu yerdə doktor Faustun dediyi bu sözləri anmaya i bilmirəm: mən insanam, insana xas olan şeylərdən heç biri mənə yad deyildir.

Sevgilim, sən düz deyirsən, xalq belə yarmarkalara ax l ışıb basabas salmağı bəyənsə də, ancaq dərin düşüncəli insanlar üçün bu yarmarkalar çox dar , ıxdırıcıdır. Mənim üçün ən gözəl əyləncə sevgilimlə baş-başa verib danışmaqdır, bunun belə olduğunu mən artıq dönə-dönə yoxlamışam. Bundan başqa, kitab oxumaq da belə gözəl əyləncələrdən biridir, bu durumda bizim oxudu h ğumuz kitablar duyğu və düşüncələrimizə bir aydınlıq gətirir, insanın varl ə ığının və bütövlükdə yaşamın, anlamını gözüaçıqlıqla qavramağımıza yardımçı olur. t Məni özümdən sitat gətirməkdə qınama, ancaq burada insan taleyi ilə bağlı düşüncələrimi səninlə bölüşməkdən özümü saxlaya bilmirəm: dayaz dü ə şüncəli, geridəqalmış adamlar heç bir sıxıntı çəkmədən, çox asanlıqla yaşaya bilirlər, biz isə, daima, ömrümüzdə nələrinsə çatışmadığını duyaraq yaşamaqdayıq. Öz kimliyimizi bölünüb kiçilməkdən qorumaq, onun bütünlüyünü saxlamaq üçün biz özümüzün bacarıqlarımızı sağlam bir özül üzərində qurmaqdansa, çox vaxt, əyləncələrə, hayküyə və yersiz duyğulanmalara qapılmaqla ömrümüzü yelə veririk.

Biz, özümüz də niyəsini bilmədən, gerçəkləşməyə çalışan gücümüzü sıxışdırır, onu gərəkli işlərə qoşulmaqdan çəkindiririk. Bu öyrəncəmiz təbii istəklərimizi basıb əzir və biz bununla şəxsiyyətimizi incələşdirdiyimizi sanırıq.

Biz dünyanı dərinliklərinədək qavraya bildikcə, özümüzü də çox dərin duyğular yiyəsi olan kimsələr saya bilərik. Biz nə üçün içki düşkünlüyünə qapılmırıq? Yoxsa, içkili adamların yiyəsiz küçələrdə, öz doğma və yaxınlarının yardımlarından uzaq düşüb qaldığı anlarda, eşitməli olduqları it hürüşmələrinin, pişik miyovultularının yaratdığı yadlıq bizi bundan çəkindirir? Görəsən, biz nə üçün, hər ay özümüzə yeni bir sevgi axtarmırıq? Hər dəfə qapıldığımız sevgidən ayrılanda, ürəyimizin bir parçası da qopub ayrılırsa, onda biz nədən, çox vaxt, belə duyğusuz yaşamağı özümüzə sığışdırırıq? Görünür, bizləri buna sürükləyən, bədbəxtlik və fəlakətlərin ağırlığından qorxmağımızdır.

Biz, bilərəkdən, yaşamda bacardıqca az ağrı-açılar çəkməyə, ondan bacardıqca daha çox həzz almağa çalışırıq. Bizim kimi, bütün insanların da ömrü, yaşamla ölümün asılılığındadır və insanlar, uzun illər boyunca, sevincin nə olduğunu duymadan yaşamalı olurlar. Onlar yalnız birlikdə olanda, özlərinə könülcə doğma olan birisi ilə əl-ələ verib yaşayanda, əllərindəki ən dəyərli nəsnələri dartıb alan taleyin ağır zərbələrinə qarşı daha asan duruş gətirə bildiklərini anlayırlar. Ona görə də, dərin duyğular yiyəsi olan insanlar öz ömürlərində yalnız bir dəfə sevməyi bacarırlar. Bu, mənim ürəkdən inandığım bir gerçəklikdir, kimsə məni bunun belə olmadığına inandıra bilməz.

Adi bir insanın bütün ömrü, gündəlik yaşamında üzləşdiyi yoxsulluq yükünün ağırlığını az da olsa yüngülləşdirmək uğrunda apardığı savaşlarda keçir. Bəlli olduğu kimi, yoxsullar, toplumun daha yüksək təbəqədən olan insanların çiyninə qoyduğu ictimai vəzifə yüklərindən azaddırlar, ancaq onlar, istər-istəməz, özlərindən asılı olmayaraq, gönüqalın və incə duyğulardan uzaq insanlar olurlar, yoxsa, onlar yaşadıqları ömrün necə də miskin olduğunu anlaya bilsəydilər, onun ağırlığına dözə bilməzdilər. Onlar öz sağlam instinktlərinin səsinə qulaq asır, onun çağırdığı yönə üz tuturlar və təbiətin də, toplumun da, onları sevmədiyini anlayırlar. Ona görə də, bu adamların əlinə ötəri və yüngül əyləncələr keçən kimi, bundan artığının olmayacağını bildiklərindən, özlərini onlara qapılmaqdan çəkindirmirlər.

Yoxsullar çox gücsüz və düşkünlüyə qapılmağa yönəlik olduqlarından, biz onları yamsılamaqdan uzaq qaçmalıyıq. Mən hansısa xalqın yaxşılıqsevərlikdən uzaqlaşdığını görəndə, bunun niyəsinin onun sıx-sıx üzləşdiyi epidemiyalar, xəstəliklər, yoxsulluqlarla bağlı olduğunu düşünürəm, xalqlar, elə bil, başlarına gələn bu bədbəxtlikləri unutmaq üçün, yaxşılıqlardan uzaqlaşır, yamanlığa qapılmaqla üzləşdikləri bu fəlakətlərə “dözməyə” çalışırlar. Yazıqlar olsun, bütün bu bədbəxtliklərlə üzləşən xalqların hamısının yaşadığı dövlətlərdəki ictimai qurumlar tərəfindən qorunmadığı göz önündədir.

Mən bu düşüncələrimin ardını danışmaq istəmirəm, ancaq mənə elə gəlir, xalqın sevgisi də, mühakiməsi də, işi-gücü də bizimkinə bənzəmir. Sadə insan deyilən varlığın psixologiyası var və onun bu psixoloji durumu bizimkindən büsbütün seçilir.

Yoxsulların təbii hissləri bizimkindən güclüdür. Ancaq onlarda, hələ də, bizim hər birimizi sonucda ölümə, daha doğrusu, yoxluğa gətirib çıxaran bu özəllik: gerçəkliyi və yaşamı dəyişməyə can atan ehtiras öz yaşarılığını saxlayır.

Sevgilim, birdən, bu düşüncələrimi bəyənməsən məndən incimə. Sənin mənim üzərimdə necə güclü təsirinin olduğunu bilirsən. Sənin bəlli durumlara uyğun olan qavram və davranışların mənimki kimi deyildir. Bütün bunlar, bizim keçdiyimiz ömür yolunda qazandığımız təcrübələrdən və duyğularımızdan asılıdır. Bu konu ilə bağlı bundan artıq danışmağa gərək duymuram. Mənim şahzadə xanımımdan bütünlüklə asılı olmağım isə ürəyimcədir. Öz sevgilisinin buyuruğunda olmaq çox gözəldir, ancaq neyləyəsən, indilikdə biz biri-birimizdən çox uzaqda yaşamalı oluruq, mənim Marthenim!

Sözün düzü, taleyində dönüş yaratdığım o köməksiz qızı, bu yaxınlarda, bir-neçə günlüyünə unutmalı olmuşdum, bu anlarda onunla bağlı düşüncələr daha mənim ürəyimi yerindən oynatmırdı. Bunun niyəsi, mənim başıma gələn, ancaq bizim ilişkilərimizə qarışacağı olmayan iki qarışıq-dolaşıq olaydan yana idi. Çoxları, həkimlərin insan ağrılarını duymaq özəlliyini itirdiyini düşünür, ancaq mənim düşüncəmə görə, onların bu duyğuları sonacan kütləşmir. Ailə xoşbəxtliyi olan həkimdə isə bu duyğu, bütün ömrü boyunca, güclü olaraq qalır.

Mənim, bu yaxınlarda, doktor Pfunqe ilə bir qarşıdurmam oldu, mən professor Meynertin yanında onun gördüyü işləri tənqid eləmişdim, o isə bundan bərk acıqlanıb mənimlə çəkişməyə başlamışdı. Pfunqe bu çəkişmədə özünün, ilk baxışdan insanı çaşdıran, sarsaq ideyalarını bütün gücü ilə işə salsa da, bu dartışmanın gedişində mənim doğru yolda olduğum bəlli oldu. Ancaq sənin qarşında bunu da boynuma almalıyam, mənim kimliyimdə despotçuluq var və mən coşanda, özümü çox çətin ələ ala bilirəm. Sən, sözsüz, bunu bilirsən, ancaq buna baxmayaraq məni sevirsənsə, mən buna görə özümü ikiqat xoşbəxt sayıram.

Bütün vaxtımı, başlanğıcı çox da uğurlu alınmayan, yeni başladığım işimə verməyə çalışıram. Ola bilsin, sən düz deyirsən, mən doğrudan da, öz işimdəki uğur və uğursuzluqlara çox kəskin reaksiya verirəm. Mənim qurduğum yeni metodla bağlı hələ çox qaranlıq yerlər qalmaqdadır, ancaq mən onu bitkinləşdirmək üzərində dayanmadan çalışıram. Yazıqlar olsun, o hələ də, məni ardıcıl olan uğurlara gətirib çıxara bilmir.

Gecən xeyrə qalsın, mənim istəkli, sevimli şahzadə xanımım. Son məktubun məni çox qanadlandırdı. Sən də, mənim səni ömrümün sonunacan sevəcəyimə inana bilərsən.

Sənin Ziqmundun saat keçmiş

Sevgilim!

Yaxşısı, sən bir də heç vaxt, özünün soyuqqanlı olmağından və elə buna görə də, öz duyğularını yetərincə açıqlaya bilmədiyindən mənə yazma. Sən məni nədəsə qınayanda da, bunu çox böyük incəliklə eləməyi bacardığından, mənim buna ancaq səni bağrıma basıb uzun-uzadı öpməklə cavab verəsim gəlir. Gün gələcək, səndən ayrılıqda necə bərk darıxdığımı və ağrı-acılar çəkdiyimi sənə danışacağam və bütün bunlar bizim üçün çox dəyərli xatirələrə çevriləcəkdir. Bu ağrı-acılar məni elə sarsıdır, elə üzür, mən birdən, haçansa səninlə həmişəlik bir yerdə olacağıma da inamımı itirməyə başlayıram. Ancaq bütün bunlarla bağlı ara vermədən düşünməyi özümdən uzaqlaşdırmalı oluram, axı bu düşüncələrə qapılmaq, mənim dözümümü tükədə bilər, mən isə gərək bizim birlikdə yaşaya bilməyimiz üçün, habelə, düşdüyüm ağır maddi sıxıntılardan çıxış yolu tapa bilmək üçün gecə-gündüz çalışam.

Marta, sənin sorularını cavablarkən yalan danışmağı bacarmadığımdan, heç də sənin düşündüyün qədər güclü bir insan olmadığımı boynuma almaqdan özümü saxlaya bilmirəm. Gözəlim, səndən məktub almayanda isə mən ən gücsüz olduğum çağlarımı yaşayıram. Heç olmasa, qısa bir zaman üçün, bu gərgin işlərdən ayrıla bilsəydim, bu mənim ürəyimcə olardı. Bunun üçün bir az pul tapıb, bir neçə günlüyünə kurorta getmək istəyirəm, ancaq bu istəyim alınmasa da, bunu özümə dərd eləyəsi deyiləm. Bildiyin kimi, Kaşauda dincəlməyə getməyim alınmadı. Sözün düzü, belə düşüncələrə qapılıb, əyləncə axtaran ərincək birisinə çevrilmək də istəmirəm. Bizim gələcəkdəki birgəyaşayışımız üçün, mənim indidən özümü əməksevərliyə və yaşamda aza qane olaraq sevinclə ömür sürməyə alışdırmağım, elə bilirəm, sənin də ürəyincə olar. Mənim düşüncəmə görə, insanın öz məqsədinə çata bilməsi üçün biri uzun, o birisi qısa olan iki yol vardır. Mən bu gün məqsədə aparan uzun yolu tutmalı olmuşam, ancaq bu yolun məni istəklərimə yetirəcəyinə ürəkdən inanıram. Mən bunun addım-addım doğrulduğunu duyuram.

Sənin özünə belə güvənməyini çox bəyənirəm. Mən isə özümü elmdə qazanacağım uğurlarda tapmaq istəyirəm, bu uğurlar isə, dayanıqlı və uzun çəkən əməksevərliklə aparılan elmi axtarışlarla qazanılır və onun gətirdiyi sevinclər ölçüyəgəlməz dərəcədə böyük olur. Mən, öz ad-soyadının baş hərflərini dəniz qırağındakı qayalara çapıb, ləpədöyənin haçansa onu silib itirəcəyinə soyuqqanlıqla yanaşa bilən insanlardan deyiləm.

Mənim incim, birdən yaşamda səni tapmasaydım, kim bilir, mənim sonum nə olacaqdı, çox ola bilsin, bu durumda mən: özünə güvənməyən, sənin sevgini qazana bilmədiyi üçün, insan yaşamının bəzəyi olan çoxlu həzlərə və əyləncələrə əli çatmayan, ölçü-biçili kiçik duyğularla və ağır maddi sıxıntılarla ömrünü çürüdən birisi olacaqdım. Habelə, mən sıxıntılarımın və düşkünlüklərimin dustaqlığından çıxış yolu da tapa bilməyəcəkdim. Sən məni böyük məqsədlərə yönəltməklə yanaşı, dəyəri ölçüyəgəlməz olan bir səadətlə varlandırdın, bunacan yaşamalı olduğum mənəvi yoxsulluqdan qurtardın.

Sən mənə uğur qazanmaq üçün ümid və inam verirsən. Mən bunu sən hələ məni sevmədiyin vaxtlardan bilirəm, indi sənin məni sevdiyini bildiyim üçün bunu ucadan deyirəm. Sənin yardımınla mən özünə güvənən qoçaq bir kişiyə çevrildim.

Marta, mənim gözəl incim, bizim ağgünlü gələcəyimiz bütünlüklə biri-birimizi sevməyimizdən asılıdır. Mən sənə özünün istədiyindən heç də az olmayan səadət arzulayıram. Mən bunu çəkinmədən, ürəkdən gələn bir inamla deyirəm: səninlə birlikdə olmağa yönələn istəklərimin yanında bütün yerdə qalan istəklərim bir heçdir.

Sənin yerin mənim ürəyimin başındadır.

Sənə çatdırmaq istədiyim bir yenilik də vardır: Şenberq hər gün mənim yanıma gəlir, onun işlərinin gedişi mənim ürəyimcədir. Tezliklə qardaşı Alois qayıdacağından, indi onun başı qarşıdakı İtaliya səfərinə hazırlaşmağa bərk qarışıbdır.

Dünən anam xəstələndi, ona bərk soyuq dəyib, ona görə də, keçmişdən qalma ağciyər xəstəliyi də baş qaldırıbdır. Ancaq bugün anamın qızması düşüb. Pauli də xəstədir.

Dünən Dolfi ilə birlikdə şəhərin qırağındakı Petsleyndorfa gəzməyə getmişdik. O mənim xəstələrimi qəbul eləyib qurtarmağımı gözləmiş, sonra gəzməyə çıxmışdıq.

Qayıdanda yolumuzu Dornbaxdan saldıq.

Dorfi bacılarımdan ən sevimlisi və ən yaxşısıdır. Onun çox zəngin daxili dünyası vardır. Ancaq yazıqlar olsun, o təbiətcə çox incədir və tez hissə qapılandır. Bizim onunla danışıqlarımızın başlıca konusu, sözsüz, sən idin. O sənin daimilik könül yoldaşın olacaqdır. Ancaq indi o da, instinktiv olaraq, onun səninlə bağlı dediklərinin mənə təsir göstərmədiyini anlayır.

Marthen! Sənin ürəyinin açılması üçün hansı istəyini yerinə yetirim deyə düşünürkən, sən özün istəklərindən birini dilə gətirdin və onu yerinə yetirmək mənim üçün ən böyük xoşbəxtlikdir. Elə bilirəm, sən mənə yazdığından başqa da, nələrisə almaq istərdin, çəkinmədən onları da mənə yaz. Sən bu məktubu oxuyanda mən sənə yenə də pul göndərəcəyəm. Sənə nəyisə hədiyyə eləmək mənim üçün çox böyük sevinc qaynağı olduğundan, çox vaxt özümün hələ də buna layiq olmadığımı düşünürəm... Sənin mənim niyyətimi düzgün anlayacağına arxayınam.

Mənim birdənəm, sevgilim, sənə çox şeylərdən yazmaq istəyirdim, ancaq bugün günortadan sonra Şenberqlə Frantseşini bizə gəlib, qaranlıq düşənəcən başımı qatdılar. Sonra biz onlarla birlikdə şam elədik. İndi isə yuxu gözlərimi tutub, mən indi sənin dadlı dodaqlarını öpə bilmək yerinə, oturub bu uzaqlıqdan sənə məktub yazmağıma görə özümü çox qaragünlü birisi sayıram. Ona görə də, icazənlə, xeyirli gecələr arzulayaraq, səninlə sağollaşıb ayrılmaq istəyirəm.

Səni sarsılmaz bir vurğunluqla sevən Ziqmundun

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.