Vyana, ikinci gün, 27 iyun 1882-ci il
günortaya yaxın, laboratoriyada
Mənim sevimli adaxlım, apardığım hesablamaları yazdığım dəftərdən bir neçə vərəq qoparıb, keçirdiyim sınağın gedişini izləyərək, sənə məktub yazıram. Peronu professorun yazı stolundan oğurlamışam. İş yoldaşlarım da elə bilirlər başım sınağa qarışıb, onlardan biri bayaq yaxınlaşıb məni sorğuladı, on dəqiqəyəcən vaxtımı əlimdən aldı. Yaxınlığımdakı stolda yoxsulları müalicə eləmək üçün təyin olunmuş həkim yeni tapılmış məlhəmi araşdırır, görsün, onun sağlamlığa ziyanı var, yoxsa yox.
Qarşımdakı aparatdakı məhlul qaynayır, ondan burum-burum qaz çıxır, mən də gərək bu qazı izləyib, məhlul quruyandan sonra yerdə qalan qalığın necə olacağını araşdıram.
Burada hamı özünə qapılıb apardıqları sınaqların hansı sonucları verəcəyini gözləyir. Kimyəvi sınaqlar aparanda vaxtın üçdə ikisi gözləməyə gedir; görünür, elə yaşam da belədir, mən isə bu durumda görə biləcəyim ən gözəl işlə başımı qatmaqdayam.
Sənin sevimli məktubcığazın gözlənilmədən gəldi və bu mənim umacaqlarımı ikiqat ödəmiş oldu. Vurğunluqla oxuduğum dəyərli yazında bir qarmaqarışıqlıq olsa da, mən sevincimdən özümü göyün yeddinci qatında duymağa başladım. Yazanda düşüncələrini topla, gözəl qız, özünün dağınıq düşüncələrinə yön verməyə çalış. ...
Yenə nəsə demək istəyirdim, ancaq bu anlamaz qonşum məni civə duzları ilə bağlı danışığa tutub düşüncələrimi dağıtdı. Tanrı bu yaramazlığına görə onun cəzasını versin.
Sənin məktubcığazın bugünkü bu iyrənc havanı da dəyişdi, elə bil başımın üstündə dayanan buludlu və yağışlı hava öz yerini mavi və günəşli bir günə verdi.
Yazdığın bu sevimli kağız parçası Berlindən keçib gəlib. İstəyirəm sənin adına biribirindən gözəl incə sözlər deyəm, ancaq baxıram, mən belə sözləri deyəsən çox az bilirəm.
Konvertin üstündə Hamburq poçtunun möhürü vurulub, yoxsa sənin düşdüyün Vandbesk Hamburqa çox yaxındır? De görüm, dənizi görə bilmisənmi? Mənim alqışlarımı ona yetir, vaxt gələcək, biz onun sahilinə ikilikdə gedəcəyik. Gərək dənizlə torpaq barış içində yaşasınlar, mənim adaxlım isə onların arasında dayanıb, açılmış çiçək kimi, öz gözəlliyi ilə göz oxşasın. Nə işdir bilmirəm, ayrılıq onu daha da cəlbedici eləyir, ondan uzaqda olduqca onun çəkiciliyi (cazibəsi) daha da artır.
Mən elə coşmuşam, qorxuram birdən sənə olan sevgim vətənə olan sevgimi də üstələsin. Görünür, bu səni öz sevgilim sayacaq qədər aşırılığa varmağımdandır.
Yazıq Minna mənə gileylənib deyir, gərək bacıma beşsəhifəlik uzun bir məktub yazam. Mənim Marhenim ona necə qorxu gəlibsə, qız oturub kağızları necə yazıb doldurmaq üstündə baş sındırır. Çox istərdim, Elinin mənimlə bağlı sənə nə yazdığını biləm. Onun mənimlə bağlı nə düşündüyünü öyrənmək çox maraqlı olardı.
Sən məni poetik kitabları oxumaqdan çəkindirməyə başlamısan, Marthen. Mən bütün günü, var gücümlə işləyirəm, yorğunluqdan, axşamlar öz peşəm üzrə kitab da oxuya bilmirəm. Poetik əsərlər isə məni ilgiləndirmir. Mənim sənin sevginlə yaşamağımın özü elə poeziya deyilmi?
Mənim qulluq eləməyə çalışdığım Böyük Elmə gəlincə, ona ürəkdən gələn bu sözlərimi çatdırmaq istərdim: “Ey Böyük Elm, mən Sizin üzüyola qulluqçunuz olaraq qalıram, Siz mənə çox dərin sevinclər aşılayırsınız, ancaq mənim mənəviyyatsız birisi olduğumu da düşünməyin. Siz, heç vaxt mənimlə dost kimi davranmadınız, məni ovundurmaq üçün bir söz belə demədiniz. Mənim yazılarıma cavab vermirsiniz; mənim dediklərimi eşitmirsiniz; mən bir Xanım da tanıyıram və onu Sizdən qat-qat yüksəkdə tuturam, o mənim ona göstərdiyim qulluğu sizdən yüzqat artıq dəyərləndirə bilir. Mən onun təkbir qulluqçusuyam, Sizin isə qulluqçularınız minlərlədir. Ona görə də, mənim nə üçün öz ömrümü dediyim bu əvəzolunmaz və istiqanlı xanıma qulluqda keçirmək istədiyimi anlayarsınız. Məni yaxşılıqla xatırlayın, mən tezliklə yenə qayıdacağam. İndi isə, üzrlü sayın, mən gərək Martaya məktub yazam”.
Ancaq mənim Marthenim yanımda olanda və mən onu hər gün görə və onunla ürəyim istəyən qədər danışa biləndə, bu durum dəyişəcək və hər şey daha yaxşı olacaqdır.
Hər iki Xanım (Elm ilə Martanı deyirəm), onda, biri-biri ilə anlaşacaq və barış içində yaşayacaqlar, ötkəm və yovuşuqsuz Elm xanım öz yerini istiqanlı və ciddi Xanıma verəcək, sonra yenidən məni yanına çağırıb, doğruluğu axtarmaq yoluna yönəldəcək, qazandığım uğurlara görə ödül də verəcəkdir.
Dünən mən dostluq eləməyə başladığım Ernst fon Fleyşlin4 evində oldum.
İndiyədək mən ona çox şeydə həsəd aparırdım. Ancaq indi bir sıra şeylərdə ondan üstün olduğumu anlayıram. O, on, yoxsa on iki il bundan öncə adaxlanıb, adaxlısı onunla yaşıddır və onunla evlənəcəyini neçə il desən gözləməyə də hazırdır, ancaq mənim bu dostum, bilmirəm nəyə görəsə, onunla savaşıb, sonra da ayrılıbdır.
Ernst çox gözəl insandır, özəllikləri və tərbiyəsilə başqalarından çox seçilən birisidir. Onun çoxlu məşqlərlə yetkinləşdirdiyi fiziki sağlamlığı, olduqca dərin ağlı və çoxçalarlı istedadı ilə uyuşaraq, gözəl bir insani bitkinlik örnəyi yaradır.
Görkəmcə yaraşıqlı və adlı-sanlı soydan olması, habelə, çoxsaylı bacarıqları, çalışqanlığı və istənilən konu üzrə özgün mühakimələri ilə seçilməsi onu mənim idealıma çevirmişdi. Biz onunla dostluq eləməyə başlayanda mən onun bu üstünlüklərini görüb sevinirdim. Budəfəki görüşümüzdə mən onunla, yenicə oxuduğum bir pamfletlə bağlı düşüncələrimi bölüşdüm, o isə yaponların qo deyilən intellektual oyununu mənə öyrətdi. O mənə sanskrit dilini öyrəndiyini deyəndə isə, mən lap sarsılmışdım. Anlaşmamız üzrə mən onun bu dili öyrənməyini kimsəyə deməyəcəyimi boynuma götürsəm də, ancaq mən Martadan nəyisə gizlətməyi özümə sığışdırmadığım üçün, bu önəmli sirri də ona deməkdən özümü saxlaya bilmirəm.
Mən özümü çoxlu yönlərdə üstələyən dostumla bağlı düşünəndə birdən ağlıma gələn bir fikirdən sarsıldım: görəsən, mənim bu dostum Marta kimi gözəl bir qızı görsə nə baş verərdi, onun işığı Marta adlı almaza gözqamaşdıran bir parıltı verə bilərdimi? Axı sən artıq bir dəfə, bizim tanışımız olan yazıq Kalenberqin ağlını başından çıxarmısan. Alplar da, Venesiyanın su yolları da, Romadakı Müqəddəs Pyotr kilsəsinin azmanlığı da, sənin gözəlliyinin yanında çox solğun görünür. Mənə elə gəlir, bu duyğularımda pis heç nə yoxdur: mənim sevgilimin özümdən üstün olduğunu bildiyim bir gənc kişiyə necə təsir edəcəyini görə bilmək arzusu sevgilimin bütün konularla bağlı düşüncələrinin, mənim üçün necə dəyərli olduğunun göstəricisidir.
Məndən doqquz yaş böyük olan Ernestin bu illərdə yaşaya bildiyi xoşbəxtliyini, mənim ömrümdə çatmayan bu doqquz illə tutuşduranda, elə bilirəm, məndən artıq yaşadığı bu illərin ona heç bir üstünlük qazandıra bilmədiyi aydın görünməkdədir.
Ondan fərqli olaraq, mən gözləməyi bacarıram və bu dözümlüyümə görə də, Tanrı mənə Marta kimi bir xəzinə bağışlamışdır. Boynuma alıram, bir anlığına, birdən sənin Ernstlə qarşılaşa biləcəyini gözlərimin önünə gətirəndə duyduğum acını sözlə demək çətindir. Axı o, hər il iki aylığına Münhenə gəlir və orada oxumuş insanların yığıncaqlarında dolaşır. Marta onu öz əmisinin5 yanında görə bilərdi. Sənin onda hansı təəssürat yaradacağını bilmək, mənim üçün, çox ilginc olardı.
Sonra mən başımda dolaşan bu qara-qura düşüncələri bir qırağa tulladım. Bu düşüncələrim mənim üçün büsbütün aydın olan bir sonuca gəlib çıxdı: sevgilimin mənə qarşı hansısa bir yanlış addımı olsa belə, kiminsə onu mənim əlimdən almasına yol vermərəm. Adaxlanandan sonra Martanın könüllü olaraq əl çəkdiyi sərbəstliyini biz çox keçmədən, köməkləşib, birlikdə geri qaytaracağıq. Mənim gözəlim gərək uzun illər boyunca gənc və sağlam qalsın, lap doqquz il keçsə belə, bugünkü kimi, öz gözəlliyi və başqa qadınlardan üstünlüyü ilə baxanları təəccübləndirə bilsin.
İnanmıram, Marta, gecə-gündüz, başı evin iş-gücündən ayılmayan bir ev xanımı olsun, axı Marta Lizetta deyil6.
Elə mən də, gələcəkdə haqqım çatan hansısa bir yaxşılığa yetməli deyiləmmi?
Mənim yalnız bir diləyim var: Marta mənim olsun.
Mənim istəkli sevgilimə, Ziqmundun ürəkdən gələn alqışlarını yetirməklə məktubumu bitirirəm!