Paris, bazar ertəsi, 18 yanvar 1886-cı il, gecə saat on bir
Mənim istəkli şahzadə xanımım!
Dünən iş vaxtım qurtarandan sonra bir analitik araşdırmamın qaralamasını yazıb bitirdim. Bugün isə, sənin çoxdan gözlədiyim dəyərli məktubun gəlib çıxdı. İndi sənə cavab yazmağa tələsirəm, yoxsa, bugünlər başım bərk qarışdığından, sonra sənə məktub yazmağı çatdıra bilmərəm, sən də məndən uzun bir müddətə soraq tuta bilməzsən.
Dünən mən bir saata kimi Şarkonun yanında oldum, onun on vərəqlik əlyazmasını almancaya çevirmək üçün götürdüm. Mən bu böyük alimlə görüşümdən, onunla danışığımdan sənə bir az geniş yazmaq istəyirəm, ola bilsin, sonrakı məktublarımda yazdım. Bir-iki gün öncə o mənimlə Rikettini ikinci gün, işdən sonra öz evinə qonaq çağırıbdır. Mənim bu qonaqlıqla bağlı həyəcanlarımı və orada baş verəcəklərə necə maraq göstərdiyimi yaxşı başa düşərsən.
Gərək ağ əlcəklər geyinim, qalstuk taxım, təzə köynək geyinim, saçımı qırxdırıb artıq tüklərini aldırım, habelə bu kimi xırdalıqları gözləyim. Dilim topuq vurmasın deyə, bir azca kokain də udmalı olacağam. Gərək bu yeniliyin Hamburqda və
Vyanada yayılması qayğısına da qalam, bir az da özümdən artırıb, bu böyük alimin mənim alnımdan öpdüyünü də uyduram.
Görürsən, mənim işlərim pis getmir və sənin gələcək üçün qurduğun planları da bəyənirəm. Məncə, bunları çox yaxşı düşünmüsən.
Sənə ürəkdən gələn alqışlarımı yetirirəm. Çox istərdim, sənin diş həkimin özüm olam.
Sənin Ziqmundun