Paris, 19 oktyabr 1885-ci il

19 oktyabr 1885-ci il · Salpetriyer, teatr və Luvr barədə

Mənim sevimli dəfinəm!

Bu gün mən öz tənbəlliyimə son qoymağı qərara aldım. Salpetriyer klinikasında oldum – orada tibbi avadanlıq yaxşı quraşdırılıbdır, Vyanadakı xəstəxanamız kimi çoxsaylı şöbələri vardır. Mən assistentə özümü təqdim eləyib Şarkonun nə vaxt gələcəyini soruşmaq istəyirdim. Ancaq məlum oldu ki, əvvəlki assistent artıq Salpetriyerdə deyildir, onu yenisi əvəz eləyirdi, Şarko isə xəstəxana palatalarında idi. Mən ora girə bilərdim, ancaq xidməti vəsiqəmi evdə unutmuşdum.

Beləliklə, sabah mən çox şeyin asılı olduğu bir addım atmalıyam. Səhər doqquzun yarısında ekstern kimi konsultasiya olacaqdır – həkim kabinetində ayaqüstü gələn xəstələrin qəbulu belə adlanır. Yəqin ki, sabah klinikada mənim birinci iş günüm başlayacaqdır.

Ekol de Medisində mühazirələr yalnız noyabrın beşində başlayacaqdır. Ancaq Şarkonun yanı mənim xoşuma gəlsə, orada nəsə eləyə bilməyəcəyəm, çünki vaxtımı və diqqətimi Salpetriyeri işləri udacaqdır. Ekol de Medisinin birinci mərtəbəsində kitabxana vardır. Orada çoxlu dərgi vardır, o cümlədən almanca və ingiliscə. Mən artıq tibbi elmi dərgiləri oxumaqla çoxlu saat keçirmişəm. Şarkonun kitablarından birini fransızca dörd franka almışam. Onun məzmununu almanca bilirəm və indi özüm almancadan fransızcaya çevirməyi və bundan fayda götürməyi qərara almışam. Mənim tənbəlliyim məni dəhşətli dərəcədə yandırır, son günlərdə elə bir saat keçmir ki, özümü bərk-bərk danlamayım…

Dünən nə elədiyimi güclə xatırlaya bilərəm. On yeddinci günü teatr axşamından sonra məndə güclü miqren başladı. Axı bilirsən, burada tamaşalar axşam saat səkkizdən gecə saat on ikiyəcən gedir, üstəlik, dözülməz bürküdə.

Mən Conla birlikdə idim. Ən ucuz yerlər (yəni qalereyada) bir frankdır, biz isə bir frank əlli santima bilet aldıq – elə ölçüdə rüsvayçı lojalar ki, ancaq göyərçinlər üçün yararlıdır. Bunlar ən yuxarı qatdakı yan yerlərdir; orada elə bir hiss yaranır ki, sanki tamamilə təksən və heç kim yoxdur. Mən kədərlə bizim Hamburq teatr axşamlarımızı xatırladım. Ancaq burada xanımların geyimlərinin nümayiş etdirilməməsi mənim xoşuma gəldi. Varlı, bəzəkli geyinmiş xanımlar bura heç qalxmırlar və görünür, öz zərif geyimlərini opera üçün saxlayırlar.

Bu dəfə heç bir musiqi, heç bir orkestr yox idi. Pərdə arxasında çəkicin üç səslənən zərbəsi tamaşanın başladığını bildirir. Səhnədə Molyer hökm sürürdü: onun “Məcburi nikah”, “Tartüf” və “Gülməli nazlılar”ı. Və fransız dilim elə bir səviyyədədir ki, qadın personajların nitqini heç başa düşmədim, kişi rollarını isə yalnız yarı-yarıya, buna baxmayaraq, parlaq oyundan böyük ləzzət aldım. Axı “Tartüfü” mən əvvəllər də yaxşı bilirdim, sonuncu pyes “Gülməli nazlılar”da isə diqqətəlayiq olan odur ki, orada gözəl komik oyundan çox dialoq azdır. “Tartüf” tamaşasında tamaşaçılar hər uzun dialoqdan sonra vəhşicəsinə alqışlayırdılar.

Güclü miqren mənim teatra mümkün qədər çox getmək kimi qızğın canatımı bir az soyutdu. Mənim üçün tamaşalar təkcə estetik ləzzət deyil, həm də bir növ fransız dili dərsləridir. Axı mənimlə heç kim fransızca danışmır və mənim tələffüzüm arzuolunan səviyyədə deyildir.

Təəssüf ki, yəqin ki, mən heç vaxt güclü ləhcədən qurtula bilməyəcəyəm. Ancaq heç olmasa fransız dilində cümləni düzgün qurmağa nail olmaq istəyirəm.

Sənə danışmaq istədiyim gəzinti üç gün öncə məni bir neçə nazirliyin yerləşdiyi məhəlləyə gətirdi. Sonra mən Əlillər evinin yanından keçib körpü ilə Senanı keçdim və Fransanın paytaxtının ən gözəl yeri olan Yelisey çöllərinə çıxdım. Orada, Yelisey çöllərində, ekipajlar təmkinlə hərəkət eləyir və heç bir dükan yoxdur. Zadəgan xanımlar burada üzlərində təsvir olunmaz bir ifadə ilə ağır-ağır gəzirlər, elə bil göstərmək istəyirlər ki, dünyada yalnız onlar, bir də ərləri vardır.

Yanında park vardır, orada şirin uşaqlar fırlanğıcla oynayır, oyuncaq nizələri idarə eləyir, halqanı nişanlı-nişanlı atır və klounların sirk tamaşalarına ləzzətlə baxırlar.

Skamyələrdə dayələr oturub uşaqları yedirdirlər. Yanlarında isə dayələri ilə dalaşanda şıltaq körpələrin qışqıraraq qaçdıqları müəllimələr vardır.

Mən dərhal yazıq bacım Mitsini xatırladım, axı o, müəllimə işləyir, ürəyim isə qəzəblə və hər cür üsyankar fikirlərlə doldu. Bu, mən Luvsor şəhərindən gətirilmiş qədim heykəl qrupunun ucaldığı Saziş meydanına çatanadək davam elədi.

Bir təsəvvür elə: quş başları, oturmuş adamcıqlar və müxtəlif heroqliflərlə əzəmətli bir heykəldir. Bu, naməlum ustaların yaradıcılığıdır və onun yanından ötüb keçən bugünkü yolçulardan təxminən üç min il yaşlıdır. Heykəl çox az adamın tanıdığı bir çarın şöhrətinə yaradılıbdır. Onun adı bu heykəlin üzərində qorunub saxlanmasaydı, onu büsbütün unudardılar. Saziş meydanına Tüilri bağı birləşir. Sən bu yeri asanlıqla təsəvvür eləyə bilərsən. O, şəhər darvazaları, Folksqarten bağı və iki muzey arasındakı Vyana meydanımıza oxşayır.

Bəli, dünən mən Luvrda oldum, onun antik şöbəsini araşdırdım. Orada çoxlu yunan və Roma heykəlləri, qəbirüstü daşlar, yazılar və qırıqlar vardır. Bəzi eksponatlar sadəcə əzəmətlidir. Qədim tanrılar sayı bilinməyən miqdarda durur. Onların arasında məşhur qolsuz Miloslu Veneraya baxdım və ona hamının dediyi komplimenti elədim. Yadımdadır, tanış ailənin atası qoca Mendelson Parisdən onun – Miloslu Veneranın – barədə sadəcə yeni bir eksponat kimi yazmışdı və bununla xüsusi bir heyranlıq göstərməmişdi. Düşünürəm ki, heykəlin gözəlliyi yalnız sonralar və demək olar ki, hamılıqla layiqincə qiymətləndirildi. Mənim üçün bu şeylər estetik dəyərdən çox, əsasən tarixi dəyərə malikdir. Mənim diqqətimi imperatorların büstləri cəlb elədi, onların çoxu əla xüsusiyyətlərlə verilibdir. Burada kesarların çoxu dəfələrlə təqdim olunubdur və tez-tez onların bir təsviri o birisinə oxşamır. Yəqin ki, çoxlu təqlid və standart iş vardır.

Mənim hələ də Assuriya və Misir zallarına qısaca göz gəzdirməyə vaxtım oldu, onlara mütləq baş çəkəcəyəm. Assuriya çarlarının ağaclar kimi nəhəng heykəllərini gözucu gördüm. Bu hökmdarlar şirləri qarovul itləri kimi qucaqlarında tuturdular. Orada pəyələr üzərində gözəl kəsilmiş saçları olan qanadlı insan-heyvanlar oturmuşdu. Mixi yazı elə görünür ki, sanki dünən hazırlanıbdır. Bir də od rənglərinə boyanmış Misir barelyefləri, əsl Sfinkslər, imperator tacları vardı. Bir az təxəyyül – və elə bil bütün kainat öz tarixi keçmişi ilə burada təqdim olunubdur.

Bu gün mən üç gün öncə getdiyim elə həmin yolla, ancaq əks istiqamətdə getdim və sənin müəyyən elədiyin proqramı srağagün yerinə yetirmədiyim şəhər hissəsində oldum.

Mən məşhur Respublika bulvarını başdan-başa keçənədək Parisin hay-küyünün ən qatı yerinə düşdüm. Bulvarda mən 1789, 1792, 1830, 1849 və 1870-ci illərin hadisələrinin xatirəsinə Respublikanı simvolik təsvir eləyən nəhəng heykəl qrupu gördüm. Yazıq Respublika tez-tez öz varlığını kəsirdi.

Dünən Fransada, xüsusən də Parisdə seçkilərin ikinci turu keçirildi. Respublikaçılar bu dəfə birinci turda radikallarla opportunistlər arasındakı parçalanmaya görə birləşdilər. Demək olar ki, yalnız monarxistlər seçildilər. Qəzet satanlar bu gün elə qışqırırdılar ki, qulaqları tutmaq lazım gəlirdi. Bəzi qəzetlər bu gün dörd-beş dəfə çıxdı, mən özüm də ikisini aldım. Bu dəfə seçkilərdə respublikaçılar qalib gəldilər.

Bəs necə, Parisdən yazdığım məktublar sənin xoşuna gəlirmi? Axı ən ətraflı hesabatlar ürəkdən gələn incə sözləri əvəz eləyə bilməz.

Artıq səkkiz gündür ki, səni görmürəm və hər gün sənin üzünə baxmaq barədə düşünürəm. Yenə də sənin necə göründüyünü heç cür təsəvvür eləyə bilmirəm. Yoxsa Berlinə heç getməsəydim daha yaxşı olardı? Mən hər şənbə axşamlar yola düşüb bazar gününü sənin yanında keçirmək istərdim.

Vandsbekdə keçirdiyim vaxtın xeyirli təsiri, güc təravəti və qəlb rahatlığı hələ keçməyibdir. Ancaq mən buna sevinmirəm. Mən həddindən artıq aşiqəm və üstəlik, həddindən artıq ağırbədənsənəm. Sənə daha hansı xırda xəbərləri çatdırım? Burada qəhvə hər yerdə möcüzəlidir, uşaqlar isə elə sizin San-Fransiskodakı kimi köynəkciklər geyinirlər.

Bir fikirləş, üz qırxma üçün tualet ləvazimatlarına üç yarım frank verdim. Ona görə mən qənaət eləməyə çalışmalıyam.

Mənə hər şeyi ətraflı yaz. Sənin son məktubun imzasız idi, ancaq mən onun səndən olduğunu bilirdim. Axı səndən başqa kim belə mehriban yaza bilər?

Sənin sadiq Ziqmundun.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.