Vyana, dördüncü gün, 6 avqust 1885-ci il

6 avqust 1885-ci il · Şenberqin xəstəliyi və Minne barədə

Canım, ürəyim mənim!

Mən artıq kurortdan qayıtmışam.

Sən Şenberqi bu yaxınlarda görmüşdün, ancaq onun indi necə olduğunu təsvir eləməyə gücüm çatmır: qansız, arıq, sakit və demək olar ki, nəfəssiz. Ağciyərinin bir yarısı büsbütün dağılıbdır, o biri ağciyəri isə xəstəliyin öhdəsindən güclə gəlir və onun tələsik təzyiqinə dözmür. Mən onu məhvə məhkum sayıram, hərçənd günlərinin qalığının nə qədər tez, yoxsa nə qədər yavaş tükənəcəyini dəqiq bilmirəm. Üç aydan sonra o, Vyanada olacaqdır. Görək, daha yumşaq iqlim, yaxşı qulluq və dinclik sayəsində nəyə nail olmaq olar.

Hər halda o, dostlar üçün itirilmişdir. Onun yazıq ruhu yaşamdan yorulubdur. Yüksək məqsədlə ruhlanma, ehtiras, sevgililərinin onun öz seçimi ilə ətrafında yaratdığı halə – bütün bunlar onun sağlam olduğu keçmişdə qalmışdır. Nəfəs qısaldıqca maraqlar dairəsi də daralır, ürək bütün istəklərdən əl çəkir. Yorğun, taleyə boyun əymiş bir filosof qalır – o filosof ki, vaxtilə utanc gətirən ailəsi ilə barışıbdır, heç nədən inciyə bilmir və qohumlarının, dostlarının göstərdiyi hər bir diqqətə minnətdardır. Xəstədir və ilk növbədə dincliyə, istirahətə, sükuta ehtiyacı vardır.

Biz onunla sənin bacından danışdıq:

Razısan ki, mən bu ilişkini qırmaqla, Minneylə münasibətləri kəsməklə düzgün elədim?

Mən dedim ki, bu barədə Minneyə yazmışam. Ancaq imtina heç nə ifadə eləmir, o mənada ki, onun hissləri əvvəlki kimi qalmışdır. Düzdür, o, həmişə heç bir gücü çatmadığı ilişkilərdən asılı olubdur. Ancaq o, qətiyyətlə etiraz elədi: “Xeyr!” Və birdən mənə aydın oldu ki, o, haqsızdır, onun sevgisi özündən əvvəl ölübdür.

Buna onu nə gətirib çıxardıb, niyə hər şeydən imtina eləyib, bilmirəm. Ancaq o, əminliklə belə bir fikir söylədi ki, onun üçün ən başlıcası iş və vəzifədir, qardaşlardan asılı olmamaq və öz iradəsidir.

Bu nədir – uzun, ağır mübarizənin sonu, yoxsa pozulmuş psixikanın əlamətidir? Sözləri az idi, ancaq o, mənə elə bir önəmli şey dedi ki, bu, qohumlarına qarşı qəzəbimi saxladı.

Sabah, yaxud ikinci gün doktor Müllerlə birlikdə onun yanına gedəcəyəm. Mən özümə elə gəlirdim ki, mən heç kim deyiləm, ancaq Şenberqin dostuyam, buna baxmayaraq, Şenberqin qardaşı Gezaya sərt həqiqəti dedim. Düzdür, o oğlan həddindən artıq təkəbbürlü və axmaq çıxdı. Bu arada, Şenberqin qohumları, görünür, başa düşürlər ki, xəstə qulluğa möhtacdır və hamı ilə yenidən əlaqə saxlamağa hazırdırlar, axmaqlar.

Şenberqin ağzından çıxan bir kəlmə mənə böyük inciklik gətirdi. O, Martanın onun üçün çoxlu yaxşılıq elədiyindən, zahiri görkəminin də gözəl olduğundan danışdı, ancaq dedi ki, onun “gözlərinin altında mavi kölgələr” vardır. Niyə onun mənim qızımın “gözlərinin altında mavi kölgələr” olduğunu dediyini heç ağlıma sığışdıra bilmirəm. Buna görə əhvalım pozuldu.

Mən insan psixologiyası barədə, xüsusən də onun haqqında düşündüm ki, sənin “gözlərinin altında mavi kölgələr” məni yazıq Şenberqin kədərli durumundan daha çox sarsıtdı.

Gələndə səni doyunca öpəcəyəm. Ümid eləyirəm ki, oktyabrın birində məni qovub salmayacaqsan.

Sənin Ziqmundun.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.