Mödlinq, 23 iyul 1885-ci il, gecə saat on ikidən on beş dəqiqə keçmiş
Mənim balaca şahzadəm!
Açıqcanı bu gün səhər almışam. Təəssüf ki, sənin Hamburq danışıq tərzində hər şey mənə aydın deyildir. Ancaq necə olursa olsun, sənin beş markan çox yerində oldu.
De görüm, şirinim, biz artıq indidən pis günləri qabaqcadan duymalıyıqmı? Yenə də mənə pul qəbzini göndər.
Axı bilirsən, çamadan və yol çantası artıq məndə vardır, Morits ikisini də burada qoyub.
Bəs, indi durumu izah eləyim. Biz, yəni Dorfi və mən, Zemmerinq aşırımına gəzintiyə getmək qərarına gəldik. Birin yarısında Pauerbaxa gedirik, sonra yolun bir hissəsini piyada gedirik, haradasa gecələyirik və səhər tezdən evə qayıdırıq. Balaca Dorfi sevinəcəkdir.
Zemmerinq aşırımında,
axşam saat on
Hər şey gözəl alınır. Hava möcüzəlidir. Üstəlik, burada ən yaxşı yağ, bal, bir də şərabla qarışdırılmış dörddə bir soda suyu vardır. Bu, çox gözəl idi və mənə böyük ləzzət verdi. Düzdür, yolun başlanğıcında mən yalnız səndən və sənsiz hər bir ləzzətin əzaba çevrilə biləcəyindən düşünürdüm.
Biz Klammdan Adlitsqrebena qədər marşrutu keçdik, sonra Zemmerinq aşırımını aşdıq. Adlitsqrebendə biz qonaqpərvər, balaca qulluqçuları olan gözəl, rahat bir mehmanxana tapdıq. Dorfi orada gecələməyi təklif eləməklə çox düzgün elədi. Mən isə “Ertshersoq İohann” otelinə getmək istəyirdim.
İndi başımıza gələnlərdən danışım. Biz ora, o otele, əvvəlcədən orada gecələmək imkanı olub-olmadığını bilmədən çatdıq. Axşam gec gəlib çıxdıq. Otelin sahiblərindən soruşanda isə boş yer olmadığını eşitdik. Ay işığında dağın o biri yamacına, Turistlər evinə, sonra fermaya getdik. Ancaq heç bir yerdə bizə yer tapılmadı. Yolu öyrənib daha bir mehmanxana tapdıq, ancaq ay işıqlı gecədə yolumuzu azdığımıza inanmadılar. Axırda sahibi təslim oldu və mərhəmət göstərib izah elədi ki, balaca yeməkxanada gecələyə bilərik.
Dorfi özünü əla apardı. O, igid bir əsgər kimi addımlayırdı, qaranlıq meşədən qorxmurdu, diribaş və şən idi. Və ən başlıcası, buna ciddi əsasları olsa da, məni danlamadı. Özümlə kifayət qədər pul götürmədiyim üçün öz qeyri-ciddiliyimin bəhrəsini yığırdım. Bacım isə məni bir neçə dəfə bəladan qurtarmalı oldu.
Güman eləyirəm ki, sən belə bir halda çox əsəbiləşərdin. Mən isə öz növbəmdə səni elə incəliklə öpə bilərdim. Və ən az önəmli olmayan şey, belə bir öpüş haqqını qazanmağa çalışacağam. Doğrudan da, bunu təsəvvür eləmək çox axmaqlıqdır, ancaq mümkün səadət haqqında xəyal qurmaq elə xoşdur, elə gözəldir. Ah, kaş ki sən burada, mənim yanımda olaydın, mənim balaca şahzadəm! Mən gücümü toplamalı və pul qazanmaq üçün on dörd gün ərzində özümü yaşamın düşüncəsiz ləzzətlərindən çox məhdudlaşdırmalıyam.
Axı mən sənin niyə bu günləri saymağımı xoşlamadığını çox yaxşı başa düşürəm. Mənim yazıq balaca qızım, sənin doğum gününün möcüzəli bir bayram olmasını elə istəyirəm. Ancaq indi, səni görənə qədər, bu səadəti həqiqətən qazanmaq üçün ciddi və çox işləməli, hər şeyə qənaət eləməliyəm.
Məktub kağızı cırıldı və mən sənə təsadüfən əlimə keçən bir kağız parçasına yazıram.
Sabah nahardan əvvəl biz artıq evə qayıdacağıq. Sənin doğum gününü özümlə təkbətək düşüncələr içində keçirmək istəyirəm.
Gecən xeyrə qalsın, əzizim.
Sənin Ziqmundun.