Vyana, şənbə günü, 20 iyun 1885-ci il, axşam
Mənim bambalaca şahzadə xanımım!
Gün gələcək, hər şey çox gözəl olacaq – mən varlanacağam, əlim-qolum açılacaq və sənə çox gözəl sovqatlar gətirəcəyəm, sonra Parisə gedib orada böyük alim olub, başımda müqəddəslərin nimbası (xristian ruhanilərinin rəsmlərində, onların başlarının üstündə görünən işıqlı çevrə) ilə Vyanaya qayıdacağam və biz evlənəcəyik.
Mən bütün sağalmaz əsəb xəstəliklərini sağaldacağam, səni öz alovlu öpüşlərimlə xəstələnməyə qoymayacağam, həmişə sağlam olacağıq, sevinclər və gülüşlər içində keçən bir ömür sürəcəyik. İşimiz ancaq yaşamaq olacaq –ölməyəcəyik.
Öncə istədim sənə teleqram vurub, elmi şurada, səkkiz səsə qarşı on üç səs almaqla dosent seçilməyimi sənə çatdıram. Ancaq sən onda bu seçkidə baş verənlərlə bağlı bilgisiz qalardın deyə, bunu eləmədim, bir də mənim xəttimlə yazılmış bu açıqcanın da sənin üçün dəyərli olduğunu bildiyimdən, məktub yazmağa üstünlük verdim.
Sənin ürəyinə daman o beş yüz marka, üstəgəl altı yüz səkkiz qulden pulumuzun olması deyəsən çin olacaqdır. Əlimdə bir iş var, onun baş tutmasından çox şey gözləyirəm. Mənə elə gəlir, iş yoldaşlarım olan professorlar mənim onlarla bir sırada olmağımı çox da bəyənmirlər. Bu məni pisikdirə bilməz. İyun mənim üçün ayların gözəli olduğundan, bu ayın mənə illər öncəsi gətirdiyi sevinc ilə yetinirəm.
Elmi şuradakı səsvermədən keçəndən sonra, ümumi yığıncaqdakı səsvermədə üç səsə qarşı doxsan səs qazanmaqla dosent vəzifəsinə təyin olundum. Öncə mənə qarşı bir səs verilmişdi, bir az sonra məni istəməyən daha iki nəfər gəlib çıxdı.
Səkkiz gündən sonra, elmi araşdırmalarımla bağlı: “Baş-beynin anatomiyası” adlı sınaq mühazirəm olacaqdır.
Sənə ürəkdən gələn alqışlarımı göndərirəm, üstündən uzun bir müddət keçsə də, çatdığım bu səadətə alışa bilmirəm. Mənim üçün ən böyük səadət, üç il öncə, 17
iyunda səninlə adaxlanmağımdır!
Sənə yüz min öpüş göndərirəm.
Sənin Ziqmundun