Vyana, 13 iyul 1883-cü il, gecə saat ikidə

13 iyul 1883-cü il · gecə yuxusuzluğu, Breyer və Kordeliya barədə

Bağban Bünzov xoşbəxt adamdır, axı onun mənim sevgilimi öz evində qonaq eləmək imkanı vardır. Niyə mən həkimlik kimi prozaik bir peşə yerinə bağban, yaxud şair olmadım? Əgər bağda işləmək üçün sənə köməkçi gərəksə, öz xidmətimi təklif eləməyə hazıram – balaca şahzadəyə günaydın demək və bəlkə də nə vaxtsa bir buketə görə öpüş istəmək üçün. Ancaq mən məktubu bağban Bünzova yox, sənə göndərmişəm, mənim əzizim, mənim Kordeliya-Marthenim. Niyə bu qədər gec yazdığımı izah eləyim. Axı sənə maraqlıdır, sevgilim?

Sənin boğaz xəstəliyin artıq keçibdir və sən, sözsüz, bu məktubu xoş münasibətlə qarşılayacaqsan. Bu, sənin tərəfindən çox mehribanlıq olacaqdır. Ümid eləyirəm ki, bu barədə mənə yazacaqsan. Əks halda, mən elə düşünəcəyəm ki, sənə mənim məktublarım xoş gəlmir.

Ancaq elə olmasın ki, boğazını şərflərlə həddindən artıq əzizləyəsən. İfrata varma, bir az bərkimə sağlamlığı möhkəmlədə bilər.

Sənin xəbərlərinə sevinirəm və ümid eləyirəm ki, indi yaxşı yeyib-içir və dincəlirsən. Əgər sənə pul gərəksə, mənə yaz, əzizim. Tezliklə məndə də pul olacaqdır.

Bu gün çox isti, son vaxtların ən əzabverici günü idi. Əldən düşdüyümdən elə bil uşaqlığa qayıtdım. Sonra gördüm ki, yorğunluqdan yerə yıxılıram və Breyerin yanına getdim; evə isə gec qayıtdım.

Onun başı ağrıyırdı və o, yazıq, salisil turşusunun duzunu içdi. İlk elədiyi iş məni hamama göndərmək oldu, oradan cavanlaşmış kimi çıxdım. Onun qonaqpərvərliyindən istifadə elədikdən sonra ilk fikrim sənin haqqında oldu: mənim Marthenim burada olsaydı, o, bu səfərimi bəyənərdi.

Sözsüz, mənim qızım, mən hələ uzun illər ehtiyac içində olacağam və gözlənilməz bir möcüzəyə ümid bəsləmirəm – təkcə həmişəlik, bütün ömrüm boyu səninlə birlikdə olmaq imkanından başqa, sevgilim. Sonra biz pencəksiz yuxarı qalxdıq (mən ev xalatında yazıram), şam yeməyinə oturduq və sapmalar, intim ilişkilərin əxlaqı və sinir xəstəlikləri barədə uzun bir tibbi söhbət başladı; söhbətin mövzusu yenə də sənin rəfiqən Berta Pappenheym oldu. Biz bir-birimizə çox səmimi və dərin etimadla yanaşırıq və o, mənə indi sənə deməli olduğum şeyi danışdı: Martaya evlənirəm, o, arvadım olacaqdır, uşaqlarımız dünyaya gələcəkdir… Və bu yerdə mən açılıb əlavə eləyirəm: elə indi Düstenbrokda balaca boğaz xəstəliyi olan o Martanın özünə. Əslində, Marta elə həqiqi Kordeliyadır və indi, ən dərin içdən etimad yarandığı vaxtdan, artıq heç nə lazım deyildir.

O zaman o, gözlənilmədən etiraf elədi ki, arvadını elə belə, Kordeliya adlandırır, çünki o, incəliyini qoruyub saxlayıbdır, xırda şeylər üstündə dəyişməyibdir və öz atasının əleyhinə getməyibdir.

Otuz yeddi və iyirmi iki yaşlı hər iki Kordeliyanın qulaqları cingildəməli olacaqdır, çünki biz onları ciddi bir incəliklə xatırladıq.

Bəs, indi sənə ürəkdən gələn alqışlarımı yetirirəm, axı mən hələ tam oyanmamışam.

Sənin Ziqmundun.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.