Paris, 8 noyabr 1885-ci il
Sevgilim, mənim dəfinəm!
Dərk eləyirəm ki, sənə bütöv bir əbədiyyət yazmamışam. Sənin açıqcanı aldım; orada yazırsan ki, yenidən ananla yaşayırsan və mənim barədə eşitmək istərdin. Budur, mən qələmi ələ götürdüm.
Hər cür xırda şeyin çoxluğuna baxmayaraq, mənim üçün ən önəmlisi odur ki, artıq nəhayət işdə uğur qazanıram, çox tədricən olsa da, yenə də irəli gedirəm və ciddi səy göstərirəm.
Düzdür, dünən sənə niyə yazmadığımın tamam başqa səbəbləri vardı. Dünən mən teatrda oldum və məşhur Sara Bernara heyran oldum. Bir az yorulmuşam. Tamaşa saat səkkizdən gecə saat birin yarısınadək getdi. Üstəlik, dəhşətli isti vardı. Bütün bunlara dözmək lazım idi. Ancaq tamaşa bundan da böyük əziyyətə dəyərdi.
Bu olay barədə hekayətimi haradan başlayım? Teatrda mən rus həmkarımla birlikdə idim. Bizim biletlər hər yer üçün dörd frank idi. Düzdür, yerlər rahatsız idi və ən başlıcası, elə sıx idi ki, yəqin ki, tabutda da daha geniş və rahat olar. Əvəzində isə hər şey əla görünür və eşidilir. Tamaşa, artıq sənə yazdığım kimi, saat səkkizdə başladı. Onun beş pərdəsi və səkkiz səhnəsi vardır. Birinci pərdədən sonra isti elə gücləndi ki, elə bil ətrafdakı hər şey közəribdir.
Tamaşanın sonunda bürkü dözülməz idi. Bu, buradakı yaşamın üslubudur: tamaşanı dörd-beş saatdan az olmayaraq göstərmək və gündə beş-altı dəfə yemək yemək.
Bəs, bunlar xırdalıqdır. Ən başlıcası, tamaşa böyük ləzzət verdi. O, elə sarsıdıcı bir maraqla baxılır ki, yorğunluq öz-özünə yox olur. Fasilədə biz küçəyə çıxdıq. Hava isti idi, ancaq pivə içmək, siqar çəkmək, yaxud bir portağal yemək olardı. Fasilədən sonra teatra çox tez qayıtdıq və buna görə cəhənnəm əzablarını yenidən dadmalı olduq.
“Teodora” tamaşasının qəlbimdə yaratdığı heyranlığı ifadə eləmək üçün söz tapa bilmirəm (düzdür, bəziləri artıq “Dora” deməyə hazırdırlar, yəqin ki, ona görə ki, bu söz termidor, Ekvador və toreadorla həmavazdır). Təmtəraqlı dekorasiyalar, Bizans saraylarının əzəməti, şəhərdə yanğın, silahlı adamların yürüşü – hamısı yadda qalır, hamısı silinməz təəssürat buraxır. Mənə elə gəlir ki, bu tamaşa heç kimi biganə qoymayıbdır.
Teodoranın özü – məşhur imperatriça, Yustinianın arvadı – əvvəlcə baletlə məşğul olub, rəqqasə olubdur. Ancaq onun axtarışlarının tarixi nə qədər maraqlı olsa da, pyesdə o, əsasən sadəcə bir qadın kimi, qadın ləyaqətləri və ehtirasları ilə göstərilibdir. Fransızlar xarakterlərin çoxşaxəliliyinin bu cür sadələşdirilməsini sevirlər; Viktor Hüqonun qəhrəmanlarından birini – donna Solu xatırlamaq kifayətdir. Teodora respublikaçı idealları olan gənc patrisini sevir. Səmimi və ehtirasla sevir, ancaq həmişə qarşılıq görmür. Dramatizm ondadır ki, Teodoranın sevgilisi onun üzünə (düzdür, artıq pyesin sonunda) onun öz ruhuna uyğun olmadığını deyir.
Ancaq Sara Bernar necə oynayır! Onun dərin, köksdən gələn səslə dediyi ilk sözlərdən sonra mənə elə gəldi ki, onu çoxdan tanıyıram. Məni bu qədər sarsıdan bir aktrisanı heç vaxt görməmişdim! O, demək olar ki, bütün tamaşanı aparırdı və ilahi oynayırdı. Birinci səhnədə imperator taxtında uzanaraq qəbul verir, ifadəli, hakim bir jestlə söhbətə dəvət eləyir və pyesin personajlarından biri olan, gözdən düşmüş Belizara səxavətlə yanaşırdı. İkinci səhnədə Teodora öz süd anasını ziyarət eləyir. Üstəlik, indi heyvanxanada gözətçi işləyən qoca dayə-süd ana onu tanımır. Teodora pələngə heyran qalır və ümumiyyətlə, yaşamın sevincini duyur. Sonra o, keçmiş süd anasına soğan təmizləməyə kömək eləyir və onun kasıb naharını bölüşür. Sonra bağda öz sevgilisi ilə görüşür. Bu, üçüncü səhnənin süjetidir. Dördüncüdə mənim xüsusilə yadımda qalan kiçik səhnə odur ki, o, öz ərri-imperatoru – qəddar və qorxaq tiranla birlikdə peyda olur. O, qəzəblə ona belə bir töhmət verir ki, ərri yaşamda ondan da böyük komediantdır.
Səhnə intriqasının kulminasiyası odur ki, pyes qəhrəmanının sevgilisi öz dostu ilə birlikdə gecə qaranlığında, imperatoru öldürmək gizli niyyəti ilə saraya girir. Andreasın dostu kandarın qapısından keçən kimi Teodora qapıları qəflətən örtür. Beləliklə, o, sevdiyini gözətçilər tərəfindən tutulacağı halda qaçılmaz işgəncələrdən xilas eləmək istəyir. O tələb eləyir ki, sevgilisi getsin, əks halda onu sui-qəsdçi kimi mühakimə eləyə bilərlər və o gecə kiminlə olduğunu öyrənmək üçün ona işgəncə verərlər. O, ona öz həyatı üçün qorxduğunu aşılamağa və xilas yolunu göstərməyə çalışır. O, onun qayğısını rədd eləyir və ondan yalnız bir şey tələb eləyir: onu öldürsün, əks halda hər şeyi imperatora danışacağı ilə hədələyir. Sonra hər şey melodram qanunları ilə inkişaf eləyir: Teodoranın sevgilisi olan Andreasın dostu onu imperatriçanın qızıl sancağıyla öz ürəyini deşməyə məcbur eləyir. Beşinci səhnədə o, yenidən sevdiyi ilə görüşür, ancaq faciəli şəraitdə: dostunun dəfnində. Andreas qatildən, yəni Teodoradan amansız qisas alacağına and içir. Növbəti səhnədə o, imperatorla birlikdə sirk lojasında peyda olanda onların yanına gözlənilmədən bir kişi soxulur və imperator cütlüyünü dəhşətli söyüşlərə və lənətlərə tutur. O, dərhal cinayət üstündə tutulur və mühakimə olunmazdan əvvəl onların qarşısında diz çökməlidir. Bu, sözsüz, Andreasdır. Sonra biz Yustinianı görürük – o, öz sarayında qorxudan əsir, axı şəhərdə iğtişaşlar başlayıbdır. Andreas gözətçilərdən qaçır və şəhərdə üsyan qaldırır. Ancaq Belizar qalib gəlir, məhbusları yenidən zindanlara qaytarır. Şəhərdə yanğın alovlanır. Bu arada imperatorun Teodoraya qarşı şübhələri güclənir. Teodora isə öz dayəsindən öyrənir ki, dayə sirkdə yaralanmış Andreası gizlədib və qaçmağına kömək eləyib. Qoca süd anasının köməyilə o, Andreasla görüşür, onun nifrətli töhmətlərinə qulaq asır və ona dayənin hazırladığı sehrli içkini verir. Məlum olur ki, əvvəlcə bu içki Yustinian üçün nəzərdə tutulubmuş ki, imperator güzəştə gedən və yumşaq olsun. Ancaq son anda içkilər təsadüfən qarışdırılıb, Teodoranın əlində zəhər qalıb və o, təbii ki, bundan heç şübhələnməyib. Süd anasının tiran tərəfindən ölüm cəzasına məhkum edilmiş oğlu beləliklə nifrət elədiyi imperatordan qisas almaq istəyirmiş. Andreas ölür. Teodora sevdiyi üçün acı-acı göz yaşı tökür. Bu vaxt bir neçə saray əyanı peyda olur və sükutla baş əyirlər. Teodora gözlərini göyə zilləyib qətiyyətlə deyir: “İndi mən də ölmək istəyirəm”. Saray əyanlarının arasında olan cəllad ona xidmət göstərərək ipək kəndir təklif eləyir və ipi onun boynuna keçirir.
Pyesin süjeti qısaca belədir. Ancaq onda hər şey faciəli deyildir. Orada sadədil yumor və şənliklə dolu parçalar vardır. Mən Sara Bernarın ikinci səhnədə səhnədə elədiklərindən daha komik bir şey heç vaxt görməmişəm. O, tanınmadan öz dayəsini ziyarət eləyəndə sadə, kasıb paltarda oynayırdı. Onda hər şeyin, həqiqətən hər şeyin yaşam və cazibə ilə nəfəs aldığını deyəndə heç bir şeyi artırmıram. Onun xahişləri, hətta dayəsinə qarşı yaltaqlığı zalda xoş təbəssüm və gülüş doğururdu. Öz rolunu oynayanda onun həm səsə, həm də hər bir jestə, əyilməyə, hərəkətə necə virtuozluqla yiyələnməsi sadəcə inanılmazdır. O, gah çarlıq və əzabın təcəssümü, gah da cazibədar zəriflik və incəliyin təcəssümüdür. Düşünürəm ki, o, yaşamda da səhnədəkindən başqa cür ola bilməz. Cazibə və səmimiyyət həmişə onun görkəmində və davranışındadır.
Ləzzətlər üçün həmişə ödəmək lazım gəlir. Mən də ödədim… miqrenlə. Bu, birinci dəfə deyildir. Və indi qərara almışam ki, teatra daha az gedim və bilet beş-altı frankdan baha olmasın. Mən professor Botkinin assistenti, rus həkimi Klikoviçin cəmiyyətində idim. Klikoviç diribaş, bir az bic, mehriban bir cavandır. Praktik baxımdan faydalı olan hər cür biliklərə görə ona borcluyam. Məsələn, o, mənə bir bistro göstərdi; orada kafedə altmış santim verdiyin şeyi otuz santimə almaq olar. Bu da Klikoviçin hesabında daha bir xeyirli işdir. O, məni başqa yerlərdəkindən daha çox yemək seçimi olan bir restorana apardı. Üstəlik, bu restoranda qonşu duvaldan iki dəfə çox yemək və içmək olar, həm də hər naharda və şam yeməyində iyirmi santim qənaət eləmək olar. Pivə yerinə şərab içsəydim, pul qənaətində daha çox uğur qazanardım, o zaman iki frank yerinə yalnız bir frank altmış santim verməli olardım.
Bu gün, bazar günü, Versala ekskursiya planlaşdırılırdı. Ancaq, deyəsən, mən öz başıma, eyni zamanda kisəmə də istirahət verəcəyəm. Bu gün məni bir fincan çaya dəvət eləmiş digər tanışımla – o da rusdur – bir neçə mühazirəyə getmək niyyətindəydim. Cümə günü biz M. Alloponun qonağı olduq – gənc alimdir, onunla amfiteatrda rastlaşıb orada tanış olmuşduq. O zaman mən cənablara özümü təqdim elədim, ancaq qəbul barədə söhbət getmirdi. Ətrafdan teatr tamaşaçılarının nidaları eşidilirdi: “Cazibədar, gözəldir!” – halbuki bu, gerçəkliyə heç uyğun gəlmirdi.
Sonra mən Vyanaya getdim və orada gələcəkdə birlikdə işləmək niyyətində olduğum mütəxəssislərlə tanış oldum. Mən bu əlaqələrin yaranmasına çox can atırdım, bundan başqa, biletlərə bir az da qənaət elədim. Buradakı mənəvi ab-havaya gəlincə, deyə bilərəm ki, burada, Parisdə tanış olduğum o gənc əcnəbilər fransızların sözdə mehribanlığı və qonaqpərvərliyi barədə təxminən mənim kimi düşünürlər.
Bəs, indi, görünür, yaşamımın xronikası kifayətdir. Deməyi yaddan çıxartmışam: mən Dorfidən çox şirin bir məktub aldım. İndi, Fransadakı yaşamımın bütün yeni faktları və hadisələrinin öhdəsindən gəldiyimə görə, yenidən sənə yazmaq, səninlə ünsiyyət eləmək istəyirəm. Səndən ətraflı, geniş bir məktub almağa ümid bəsləyirəm.
Sənə ürəkdən gələn alqışlarımı yetirir, sənin həmişə sadiq Ziqmundun.