Vyana, bazar günü, 9 sentyabr 1883-cü il, günortadan sonra saat üçdə
Mənim sevimlim!
Sən hər halda bir daha mənə demə ki, soyuqsan və hisslərini ifadə eləmək üçün düzgün söz tapa bilmirsən. Hətta məni nəyəsə görə danıyanda da bunu elə heyrətamiz incəliklə eləyirsən ki, mən ancaq uzun bir öpüşlə və ürəkdən gələn qucaqla cavab verə bilərdim, başqa cür yox. Ümid eləyirəm ki, nə vaxtsa bu, bizim üçün xoş bir xatirə olacaqdır və o zaman mən sənə sənsiz necə darıxdığımı və necə əzab çəkdiyimi danışacağam. Elə bərk əzab çəkmişəm ki, sənin həmişə mənim yanımda olacağına tam inana da bilmirəm. İndi mənim bu barədə çox düşünməyə haqqım yoxdur, əks halda indiki ağır durumuma dözməmişdən səbrim tükənəcəkdir.
Marta, suallarına cavab verərkən, buna baxmayaraq, bir şeyi qeyd eləməyə icazə ver: mən sənin düşündüyün kimi güclü adam deyiləm. Səndən məktub olmayan günlərdə özümü pis hiss eləyirəm, əzizim. Qısa müddətlik işsizlik mənə xeyir verərdi və xoş bir ləzzət gətirərdi. Kurortla heç nə alınmasa belə, mən yenə də kədərlənməyəcəyəm. Artıq bildiyin kimi, Kaşauda istirahətlə heç nə alınmadı. Ancaq mən yalnız ləzzət dalınca düşən tənbəl olmaq istəmirəm. Sən, sözsüz, deyəcəksən ki, birgə yaşamımız üçün zəhmətsevərlik və yaşamdan sevinmək bacarığı lazımdır. Mənə həmişə elə gəlirdi ki, hər bir məqsədə çatmaq üçün qısa və uzun yol vardır. Mən uzun yolla getməyə məcburam və yenə də məqsədimə çatacağıma inamla dolmuşam. Bu halda da elə belə olur.
Sənin bu qədər şöhrətpərəst olmağın, mənim şirin uşağım, həqiqətən də çox cəlbedicidir. Ancaq mən elmdə inadlı, uzunmüddətli zəhmət, axtarışlar və elmi kəşflərin xoşbəxt anları olmadan ağla gəlməyən bir təminat axtarmasaydım, özüm olmazdım. Mən heç vaxt öz baş hərflərinin sahil qayalarına həkk olunduğunu və dəniz dalğalarının onları hökmən yuyub apardığını sakit qarşılamayanlardan olmamışam.
Mənim dəfinəm, səni tapmasaydım, indi kim olacağımı təsəvvür eləmirəm: şöhrətpərəstliksiz, dünyada çoxlu sevincdən və yaşamı bəzəyən ləzzətlərdən məhrum, sənin təkrarsız cazibəndən məhrum halda – orta səviyyəli mənəvi tələblərlə və tamamilə maddi vəsait olmadan. Üstəlik, mən bu acınacaqlı vəsaiti yoxsul, yaxud məhvə məhkum birisi kimi saxlayardım. Sən mənə təkcə məqsəd və istiqamət vermirsən, bundan başqa, elə çoxlu səadət verirsən ki, mən artıq öz kasıb bugünümlə kifayətlənə bilmirəm.
Sən mənə ümid və uğura əminlik verirsən. Sən məni hələ sevməyəndə mən bunu başa düşürdüm, sən məni sevəndə isə daha yaxşı bilirəm. Sənin sayəndə mən özünə inamlı, cəsur bir kişi oldum.
Marta, mənim əziz dəfinəm, bizim səadətimiz bütünlüklə sevgimizdən asılıdır. Mən də səadəti sən istədiyindən az istəmirəm. Bunu qorxaqlıqdan yox, əminliklə deyirəm, çünki həmişə səninlə olmaq kimi qızğın istəklə müqayisədə bütün başqa canatmaların dəyərsizliyini dərk eləyirəm. Sən şirinsən və ürəyimə əzizsən.
Sənə verə biləcəyim xəbər budur: Şenberq hər gün mənim yanıma gəlir və mən onun durumundan tam razıyam. O, qarşıdakı İtaliya səfəri ilə çox məşğuldur, çünki tezliklə qardaşı Alois qayıdır.
Mənim anam dünən xəstələndi, soyuqladı, bunun nəticəsində onun köhnə ağciyər xəstəliyi bir az kəskinləşdi. Ancaq bu gün artıq qızdırması sakitləşdi. Pauli də özünü yaxşı hiss eləmir.
Dünən Dorfi ilə şəhərkənarı Pettsleynsdorfa gəzintiyə getdim. O, mən xəstə qəbulundan azad olanadək məni gözlədi. Qayıdanda yolumuzu Dornbaxdan saldıq.
Dorfi mənim bacılarımın ən sevimlisi və ən yaxşısıdır. Onun çox zəngin daxili dünyası vardır. Ancaq təəssüf ki, o, həddindən artıq incə təbiətli və həddindən artıq təəssüratlıdır. Biz əsasən, sözsüz, səndən danışdıq. O, həmişəlik sənin ürək dostun olacaqdır. Ancaq o, instinktlə duyur ki, onun mühakimələri mənə heç bir təsir göstərmir.
Marta! Belə ola bilərmi ki, o qədər uzun müddət baş sındırdığım istəklərin yerinə yetməsin? Yəqin ki, sən daha nəsə almaq istəyirsən, bunu mənə de. Məktubumu oxuyanda mən sənə yenidən pul göndərəcəyəm. Sənə hədiyyə vermək mənim üçün elə böyük sevincdir ki, hətta mənə elə gəlir, hələ buna layiq deyiləm… Elə deyilmi, sən mənim niyyətimi başa düşürsən?
Mənim tək-tənha sevgilim, bu gün sənə daha çox yazmaq istəyirdim, ancaq günün ikinci yarısı Şenberq və Frantseşini mənim qonağım idilər. Sonra onlarla birlikdə şam yeməyi yedik. İndi isə məni yuxu tutur, sənin şirin dodaqlarını öpmək yerinə məktub yazmalı olduğumdan özümü elə bədbəxt hiss eləyirəm. İcazə ver, sənə gecən xeyrə deyim və bu günlüklə vidalaşım.
Sənin sədaqətlə sevən Ziqmundun