Vyana, üçüncü gün, 12 avqust 1885-ci il

12 avqust 1885-ci il · pullar, Vandsbek və fransız dili barədə

Mənim səyyar şahzadəm!

Sənsiz Lübekdə istirahət eləməyinlə barışmaq lazım gəlir. İki tək qız Şimali Almaniyada səyahət eləyir! Axı bu, kişi imtiyazına qarşı üsyan deməkdir. Bu o deməkdir ki, kişilər olmadan da yaşamaq olar və hətta kifayət qədər firavan.

Sizin başınıza heç bir macəra gəlmədi? Belə bir şey olsaydı, səmimi sevinərdim. Sənin Lübekdə özünü yaxşı hiss eləməyinə sevinməkdən başqa mənə heç nə qalmır.

Dünəndən mənim yaşamımda heç bir dəyişiklik olmayıbdır, bütün xəbərləri isə artıq sənə yazmışam. Yalnız bu xəbər yadımdan çıxıbdır: polis idarəsindən çağırış gəlibdir. Qorxma, bu, bəlli məsələdir, mənim dosentliyimlə bağlıdır. Dövlət bilmək istəyir ki, məni belə nəcib bir adla taclandırdıqdan sonra mənim hansısa alçaqlıq eləməyəcəyimə təminat vermək olarmı? Ancaq mən heç kimi satmamışam, heç kimə xəyanət eləməmişəm.

Bundan başqa, qarşımda Eliotun dörd cildlik “Middelmarc”ı durur.

Mənim dəsmallarım artıq tükənmək üzrədir, zökəm isə hələ keçməyibdir.

İndi isə nahar eləmək istəyirəm. Qayıdanda sənə pulla bağlı bədbəxt durumdan yazacağam.

Sənə izah eləməliyəm ki, niyə dərin təəssüfümlə heç nə gətirə bilməyəcəyəm.

Hərçənd sənə hədiyyə eləməyi çox istəyirdim. Bu, sənə olduğundan çox mənə böyük sevinc gətirərdi. Ancaq qulaq as. Mən Paketə üç yüz qulden göndərməkdən imtina eləyəcəyəm, sonra Breyerdən doxsan qulden borc alacağam; sonda borcum beş yüz quldenə çatacaqdır. İndi bu məbləği belə bölək. Yüz quldeni dülgər alacaqdır. Bu, uzun bir müddətə hesablanmış birinci və yeganə ödəniş olacaqdır. İki yüz quldeni sentyabra, Vandsbek səfəri də daxil olmaqla ayıraq. Bu, daha çox azdır, nəinki çox. Keçən il biz daha çox xərcləmişdik, hərçənd son günlərdə çox qənaət eləyirdik. Səfər üçün yalnız yüz yetmiş qulden qalır. İndi doxsan quldeni bölüşdürək: ondan kitab satan adama əlli yeddi qulden, ayaqqabıçıya yeddi, fransız dili müəlliminə beş qulden vermək lazımdır (mən beş dərsdən çox götürməməyi qərara aldım); çamadan, yeşik, qablaşdıran adam – bütün bunlar üçün daha otuz qulden ayıraq. Çox baha deyilmi? Şlyapa almaq? Yenə də yox. Hamburq çağını gözləyək.

Mənim xidmətçimə beşdən səkkiz quldenəcən vermək lazımdır. Bir sözlə, görürəm ki, əgər evdə nəsə qoymalı olduğum daha iyirmi qulden qalacaqsa, mən xoşbəxt olacağam. Belə ki, bizim səfərimiz şübhə altına düşür.

Mən özümlə tam iki yüz qulden gətirəcəyəm və əslində, mənim bütün vəsaitim budur. Düşünürəm ki, oktyabrın birinəcən artıq heç nə almayacağam.

Beləliklə, sənə hədiyyə üçün heç nə qalmır, mənim dəfinəm. Mənə pul çatışmazlığını bir az da olsa kompensasiya eləmək üçün son xəstələrdən qoparmağımı məsləhət gördükləri qırx qulden də çatmır. Belə alınır ki, mən, güman elədiyim kimi, sənə heç nə gətirə bilməyəcəyəm. Bu, sözsüz, məni ruhdan salır. Axı sənə sevinc bəxş eləməyi elə istəyirdim.

Beləliklə, əmin ola bilərikmi ki, otuzunda gələndə daha on səkkiz gün dözəcəyik? Gərgin işlərin uzun və çətin çağıdır, ancaq məni daha təminatlı eləyə biləcək yeganə şey budur.

Axı biz Vandsbekdə fransız dili ilə məşğul olmaq istəyirdik.

Sən vicdanlı və səliqəli, dərsləri də çox baha olmayan bir müəllim tapa biləcəksənmi? Axı yaşamda xırda qayğılar həddindən artıq çoxdur.

Sənə ürəkdən gələn alqışlarımı yetirirəm.

Sənin Ziqmundun.

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.