Berlin, üçüncü gün, 10 mart 1886-cı il
Mənim qiymətli dəfinəm!
Mənə necə heyrətamiz şeylər danışırsan, necə maraqlı məktublar yazırsan! Sənin şirin hədiyyəni qəbul eləyirəm və gümüş ilançıq üçün ürəkdən təşəkkür eləyirəm. Telegramın necə qarşılandığı barədə qeydlərini isə sadəcə parlaq sayıram.
Bu günü özümə dünənki kimi də sıxıcı keçirməyə icazə verdim. İndiyəcən heç bir macəra, heç bir parıltı olmayıbdır, halbuki bütün bunlar Parisdə olmuşdu. Sakit iş, o qədər. Düzdür, tərcüməyə görə narahatam, çünki onu vaxtında qurtara bilməyəcəyimdən qorxuram. Hərçənd, görünür, narahatlığım əsassızdır.
Bu gün nahardan əvvəl özümü toplayıb Kral muzeyinə getdim və orada antik qırıqlara qısaca göz gəzdirdim, bu sahədə heç bir baş açmadığıma görə isə səmimi təəssüf elədim. Kədərlə Luvru xatırladım, o, qat-qat əzəmətli və məzmunca zəngindir.
Kral muzeyində ən maraqlısı, sözsüz, Perqam xarabalıqları idi – tanrıların titanlarla məşhur mübarizəsinin təsviri. Son dərəcə canlı səhnələrdir. Axı, həmkarım doktor Türheymin adətən dediyi kimi, özünü həmişə yalnız həkim hiss eləmək lazım deyildir.
Ancaq qədim daşlardan qat-qat çox mənə uşaqlar xoş gəlir. Onlar elə balaca və elə təmizdirlər. Və onlar mənə böyük xəstələrdən qat-qat çox xoş gəlir. Bu yazıqlar doğrudan da cəlbedicidirlər, axı onların balaca başları hələ heç nə ilə dumana bürünməyibdir. Onlar əzab çəkəndə isə bu, mənim ürəyimin dərinliyində hiss olunur. Güman eləyirəm ki, xəstə uşaqlara tez öyrəşəcəyəm. Daha bir-iki ay hazırlıq heç nə ifadə eləmir, ancaq bu heç də o demək deyildir ki, mənim dəli cəsarətim artıq tükənibdir. Rəsmi Vyana məsuliyyətdən boyun qaçırır və buna icazə verilə biləcəkdən də artıq boyun qaçırır. Mən ciddi əməl elədiyim öz qaydalarıma zidd hərəkət eləyib, yeni durumu mahiyyətcə anlayanadək onun barədə düşüncələrlə özümü əzablandırmayacağam. Təəssüf ki, mən hələ də keçmişi eşələyirəm. Xeyr, öz gözlərimlə iyrənc Müqəddəs Stefan qülləsini görənədək heç nəyə qayğı göstərməyəcəyəm. Ancaq indi mən bu mövzunu qurtarıram və səndən çox xahiş eləyirəm ki, mənə daha mülayim yanaşasan, axı mən səni uşaq xəstəliklərinin bütün sirlərinə daxil eləyə bilmərəm. Doktor Baginskinı artıq o qədər görkəmli adam saymıram ki, onun barədə ətraflı yazmağa kəskin ehtiyac yaransın.
Gizlicə günləri sayıram, ancaq sən artıq hansı saya çatdığımı bilməməlisən.
Ürəkdən gələn alqışlarla və öpüşlə.
Sənin Ziqmundun.