Roma, 20 sentyabr 1912-ci il
Mənim sevimli qarıcığım,
Bayaq böyük məmnuniyyətlə sənin Vyanalı ilk məktubunu aldım və xəbərlərə, xüsusən də Matildada baş verən dəyişikliklərə çox sevindim, hərçənd onun üçün heç də narahat deyildim. Ancaq yenə də onu havanın temperaturunu bir az aşağı salmağa razı sal.
Sənin məktubunla birlikdə kitab satan bir ingilis mağazasının “Yuxuların yozumu”nun tərcüməsi barədə təklifi – imtina eləməyə məcbur olduğum artıq üçüncü təklif – və Krakovdan təcili bir xəstəmin bildirişi gəldi. Mən işlədiyim müddətdə dolanmağımız üçün vəsait olacağına şübhə eləmirəm.
Roma mənim çox xoşuma gəldi. Mən əvvəllər heç vaxt olmadığı qədər həzz alıram, bəlkə də ona görə ki, mənim əla yaşayış yerim vardır. Mənim köhnə planım təsdiqləndi: Kottaj yox, Roma. Sənin və Minnanın da xoşuna gələcəkdir.
Gözəl hava, günəş, külək və təmiz hava barədə sənə elə danışa bilərəm ki, səni S. Kristofa yollayım.
Otel rahatlığına görə Klobnştaynla müqayisə oluna bilər. Ferentsi məni tərk eləmədi, əksinə, yenidən faydalı olduğum vaxtdan o, təşəbbüskar və diqqətli bir yoldaş oldu. O, həmişə çox mehribandır.
Mənim durumum hələ tamamilə normallaşmayıbdır, hər ikinci gün yenə də hansısa xoşagəlməz hallar olur, ancaq əvvəlki ilə artıq heç bir müqayisə yoxdur. Dünən qonaqlıq naharından sonra hətta teatrda da olduq, yeni vətənpərvərlik operettasına baxdıq. Mənim üçün bu, bir az artıq idi, üstəlik, görünür, fasilədə boş yerə qəhvə içdim. Ancaq indi – nahardan əvvəl – yenə diribaşam. Mən heç vaxt özümə belə qayğı göstərməmişdim, işdən bu qədər azad olmamışdım, öz istəyimlə və öz ləzzətim üçün yaşamamışdım. Bu gün mən hətta qardeniya tapıb aldım, onun ətri məni əla əhvala gətirdi. Minna bu bitkini tanıyır, o, dəlibəngdən də zərifdir.
Ümid eləyirəm ki, tezliklə yenidən təravətli və işgüzar olacağam, mənim xəstələnmək istedadım yoxdur. Ancaq təəccüblənmə ki, mən Ernst kimi hərəkət eləməyi qərara alıb, tez qayıtmaq barədə düşünmürəm: “Mən burada qalıram!” – pul olduğu müddətdə.
Bizim bütün cavanlara və qocalara ürəkdən gələn alqışlarımı yetir.
Sənin Ziqmin.