Vyana, üçüncü gün, 29 avqust 1883-cü il, günortadan sonra
Mənim sevimli Martam!
Sənin cazibədar və ağıllı məktubun, Valdebkerdəki yarmarkanın belə dəqiq təsviri məni çox sevindirdi. Bu da mənim sağlamlığımın yaxşılaşmasına çox kömək eləyir. Katar olmasaydı, özümü yaxşı hiss elədiyimi deyə bilərdim.
Sən, “Faust”dakı Vaqner kimi, gözəl gəzinti vaxtı demək olar ki, elə düşünürsən, mən isə doktor Faustun düşünülmüş yumşaqlığı ilə hərəkət eləməliyəm: mən insanam və insana aid heç nə mənə yad deyildir.
Sevgilim, sən büsbütün haqlısan. Yarmarkadakı izdiham və sıxlıq xalqa xoş gəlsə də, düşünən adamı yüksək fikirlərə hazırlamır. Mənim üçün gözlənilən və artıq əldə olan ləzzətlər, ilk növbədə, sevdiyim, nazlı qızla söhbət saatlarıdır. Bundan başqa da, böyük bir ləzzət oxumaqdır – oxumaq bizə nə düşündüyümüzü və nə hiss elədiyimizi aydın təsəvvür elədir, yaşamın çətin məsələlərini, ümumiyyətlə, insan varlığının mənasını başa düşməyə kömək eləyir.
Bağışla ki, özümdən sitat gətirirəm, ancaq birdən taleyə dair düşündüklərim yadıma düşdü: qaranlıq, inkişaf eləməmiş, komplekssiz adamlara yaşamaq daha asandır, biz isə həmişə nəyinsə çatışmazlığını duyuruq. Şəxsiyyətin bütövlüyünü qorumaq üçün biz tez-tez sağlamlığı və qabiliyyətlərimizin inkişafını yox, ləzzəti, həyəcanı, nigarançılığı üstün tuturuq. Narahatlıq içində olub gücümüzü nəyəsə qorumağı arzulayırıq, ancaq nə üçün olduğunu özümüz də bilmirik. Təbii istəkləri sıxışdırmaq vərdişi isə bizə bir növ incəlik xarakteri verir.
Biz dünyanı daha dərindən qavrayırıq və buna görə özümüzü dərin duyğulara qadir saya bilərik. Niyə biz içib əyyaş olmuruq? Bəlkə də ona görə ki, sərxoşların küçələrdə dinləməyə məcbur olduğu pişik nəriltisini xoşlamırıq. Niyə hər ay yenidən aşiq olmuruq? Əgər hər ayrılıqda ürəyimizdən bir tikə qopursa, bəs niyə bəzən belə qəlbisərt oluruq? Ona görə ki, bədbəxtlik və yoxsulluq bizə daha ağır gəlir.
Biz şüurlu surətdə yaşamdan az əzab çəkməyə və ondan çox ləzzət almağa can atırıq. Bütün insanlar, bizim ikimiz kimi, yaşamla və ölümlə bağlıdır, illərlə sevincdən məhrumdur. Onlar başa düşürlər ki, birlikdə taleyin bəzən ən əzizini əlindən alan ağır zərbələrinə qarşı durmaq daha asandır. Dərin duyğuya qadir olan insanlar yalnız bir dəfə sevə bilərlər. Mən buna əminəm.
Adi insanın bütün yaşam yolu özünün vacib şərti kimi onu nəzərdə tutur ki, o, gündəlik ağır yoxsulluqla var gücü ilə mübarizə aparacaqdır. Hərçənd yoxsullar, ola bilsin, ictimai yaşamın çoxsaylı şərtiliklərindən daha azaddırlar. Yoxsullar istər-istəməz qalınürəkli və incə duyğulardan məhrum olmalıdırlar, əks halda yaşamın bütün məşəqqətlərinə dözməyəcəklər. Onlar öz sağlam instinktlərinə uyurlar və yadda saxlayırlar ki, təbiət və cəmiyyət onların sevgisinə qarşıdır. Belə olduqda, əgər başqa heç nə gözləmək olmursa, bəs niyə anlıq ləzzəti saymayaq?
Yoxsullar elə gücsüz, elə müdafiəsizdirlər ki, onlara təqlid eləmək həvəsi bizdə yarana bilməz. Əgər hər bir ehtiyatlılığa nifrətlə yanaşan bir xalq görsəm, həmişə düşünürəm ki, bu, bütün məşəqqətlərə, epidemiya, xəstəlik və yoxsulluğa görə özünəməxsus bir kompensasiyadır. Təəssüflər olsun ki, onlar bütün bu bəlalarla ictimai qurumların himayəsindən məhrum halda üzləşirlər.
Bu fikirləri daha da davam elətməyəcəyəm, ancaq təsəvvür eləmək olar ki, xalq büsbütün başqa cür sevir, düşünür və çalışır, bizim kimi deyil. Adi insanın psixologiyası vardır və o, bizimkindən çox fərqlənir. Yoxsullarda təbii duyğular bizdəkindən qat-qat çoxdur. Və yalnız onlarda hələ də ehtiraslar ölməyibdir, o ehtiraslar ki, varlığı dəyişməyi davam elədir, hər birimiz üçün ölümlə, yəni yoxluqla tamamlanan yaşamı dəyişməyi davam elədir.
Sevgilim, əgər bu söhbətlər sənə xoş gəlmirsə, məndən incimə. Sənin mənə təsirinin nə həcmdə olduğunu bilmirsən. Başa düşürəm ki, sən müəyyən hallarda mənim kimi hərəkət eləyə bilməzsən. Bu, bizim yaşantılarımızdan, hisslərimizdən asılıdır. Qalan şeylər barədə qəti susuram. Büsbütün razıyam ki, tamamilə öz şahzadəmin himayəsi altındayam. Sevdiyinə tabe olmaq nə qədər xoşdur, kaş ki biz bir-birimizdən bu qədər uzaq olmayaydıq, mənim Marthenim.
Taleyində fəal iştirak elədiyim o yazıq qız bir neçə gün məni narahat eləməyi dayandırdı. Bununla yanaşı, iki ağırlaşma oldu ki, onların bizim ilişkilərimizlə heç bir oxşarlığı yoxdur. Həkimdə insan bəlasına qarşı duyğu tamamilə kütləşmir. Ancaq səadətin, ailən varsa, bu duyğu daha da itiləşir.
Mənim Pfunqe ilə işlə bağlı fikir ayrılığım oldu, professor Meynertin yanında ona etiraz elədim. Sonda mən haqlı çıxdım, hərçənd Pfunqe mübahisədə özünün bütün hödəkbazlığını və dəli fikirlərini işə salmışdı. Ancaq sənə etiraf eləmək qərarına gəldim ki, mənim xasiyyətimdə despotluq meyli vardır və özümü idarə eləmək mənə son dərəcə ağır gəlir. Sən bunu, sözsüz, artıq bilirsən və buna baxmayaraq məni sevirsənsə, onda mən daha çox xoşbəxtəm.
Hər boş saatımı işə həsr eləyirəm, onun başlanğıcından isə razı deyiləm. Bəlkə də sən haqlısan, Marthen, uğurlara və uğursuzluqlara həddindən artıq kəskin reaksiya verdiyimi yazanda. Mənim metodumla bağlı hələ hər şey tam aydın deyildir, ancaq mən onun üzərində düşünürəm. Təəssüf ki, o, həmişə yaxşı nəticə əldə eləməyə kömək eləmir.
Gecən xeyrə qalsın, mənim şirinim, sevgilim, mənim əziz şahzadəm. Sənin məktubun mənə elə qeyri-adi qanadlar verdi. Səni sevən olaraq qalıram.
Sənin Ziqmundun.