A. Hegar: „Der Geschlechtstrieb“ (1895)
„Der Geschlechtstrieb“ [Cinsi həvəs]. Sosial-tibbi tədqiqat. Müəllif: A. Hegar. Stuttgart 1894.
Məşhur ginekoloqun bu kiçik kitabı başlığa aldanıb bilicidən qadınların cinsi həyatı barədə mötəbər məlumat gözləyən çoxlarını məyus edəcək. Söhbət Bebelin tanınmış „Die Frau und der Socialismus“ kitabına cavabdan gedir, ancaq bu cavab nə məzmunu, nə də yazılış tərzi ilə rəqibin oxuculara təsirini uğurla onun əlindən almağa qadir deyil. Yeri gəlmişkən, Hegarın kitabı da sosialist liderinin kitabından heç də az təmayüllü deyil. Sonuncu cəmiyyətin bugünkü quruluşunun ödəmədiyi cinsi həvəs tələblərini mümkün qədər önə çəkdiyi halda, həkim bu narahatedici israrçını nisbətən zərərsiz bir məxluq kimi qələmə verməyə çalışır. Hegara görə, belə bir ehtimaldan yaxa qurtarmaq olmur ki, indiki mədəni insanda təbii cinsi həvəs heç də təsvir edildiyi qədər həddən artıq güclü deyil. Kişidə «təbii yatımla süni şəkildə alovlandırılmış atəşi» (s. 5) bir-birindən ayırmaq lazımdır, qadında isə «fiziki sevgiyə təbii meyl ümumiyyətlə, əlbəttə, istisnaları nəzərə almasaq, o qədər də güclü deyil».
Gözlənildiyi kimi, Hegar arabir cinsi həvəsin bu qədər aşağı qiymətləndirilməsi ilə pis uzlaşan faktları da qeyd etməli olur. Məsələn, «nikahdankənar sevgi»dən bəhs edərkən deyilir: «Nikahdankənar sevginin daşıdığı və bu gün belə dəqiq müəyyənləşdirilmiş təhlükələri nəzərə alsaq, kiminsə özünü onlara məruz qoyacağını mümkün saymaq çətin olardı» (s. 51). Hegar bunun izahını onda görür ki, geniş kütlənin nikahdankənar sevginin zərərləri barədə hələ aydın təsəvvürü yoxdur. Hegarın kitabının əldə etdiyim nüsxəsində bu yerə haşiyədə bir qeyd yazılıb: «Cənab Hegar sadəcə unudur — cinsi həvəsi». Bundan başqa, kitabda cinsi həvəslə birbaşa, hər halda, əsaslı surətdə bağlı olmayan mövzulara dair xeyli statistika var: əhali artımı, uşaq ölümü və s.
Bütün problemin özəyi barədə — yəni insanların, sağlamlıqlarına başqa yolla zərər dəyməsin deyə, uşaqlarını təbii bir tələbatın doyumu zamanı istənilməyən yan məhsul kimi dünyaya gətirməyə məcbur olmaları faktı barədə — Hegar demək olar ki, bir kəlmə də demir, mayalanmanı sağlamlığa zərər vermədən koitusdan ayırmağa yönəlmiş səylərin əhəmiyyətini isə heç anlamır!
F.
[«Wiener klinische Rundschau», 1895, № 5, s. 77.]