Mişelancelonun Musa heykəli haqqında işə əlavə
Mişelancelonun Musa heykəli haqqında, 1914-cü ildə "Imago" jurnalında – mənim adımım qeyd edilmədən – dərc olunan işimin nəşrindən bir neçə il sonra, E. Consun lütfi sayəsində mənim əlimə "Burlington Magazine for Connoisseurs" jurnalının bir nömrəsi keçdi (Nr. CCXVH, Cild. XXXVIL, Aprel 1921), bu da mənim marağımı heykəlin təklif olunan şərhi üzərinə yenidən yönəltməyə məcbur etdi. Bu nömrədə H. P. Mitçellin on ikinci əsrə aid, hazırda Oksforddakı Ashmolean Muzeyində saxlanılan və həmin dövrün görkəmli sənətkarı Nikolaus von Verduna aid edilən iki bürünc heykəlcik haqqında qısa məqaləsi var. Bu adamın Tournay, Arras və Vyana yaxınlığındakı Klosterneuburgda başqa əsərləri də qalıb; onun baş əsəri kimi Kölndəki Müqəddəs Üç Kralın tabutu qəbul edilir.
Mitçellin qiymətləndirdiyi iki heykəlcikdən biri Musadır (23 santimetrdən yüksək), ona verilən qanun lövhələri ilə hər hansı bir şübhəyə yer qoymadan tanınır. Bu Musa da oturmuş vəziyyətdə təsvir olunub, qırışlı bir xırka ilə örtülüb, üzündə ehtirasla hərəkətli, bəlkə də kədərli bir ifadə var və sağ əli uzun çənə saqqalını tutub, onu boş əl və baş barmaq arasında qısqac kimi sıxır, yəni məqaləmdəki 2-ci şəkildə Musa heykəlinin indi donmuş halda gördüyümüz vəziyyətinə hazırlıq mərhələsi kimi fərz edilən eyni hərəkəti edir.24
Yanında verilən şəklə bir nəzər üç əsrdən çox vaxtla ayrılan iki təsvir arasındakı əsas fərqi görməyə imkan verir. Lorrenli sənətkarın Musası lövhələri sol əli ilə yuxarı kənarından tutub dizinə söykəyir; lövhələri digər tərəfə köçürüb sağ qola etibar etsəniz, Mişelancelonun Musası üçün ilkin vəziyyəti yaratmış olarsınız. Əgər saqqalını tutma jestinə dair mənim anlayışım qəbul edilirsə, 1180-ci ildən olan Musa heykəli bizə ehtiras fırtınasının bir anını 'geri qaytarır', S. Pietro in vincolidəki heykəl isə fırtınadan sonrakı sakitliyi təsvir edir.
Mən inanıram ki, burada verilən tapıntı, 1914-cü ildə işimdə cəhd etdiyim yozumun ehtimalını artırır. Bəlkə də sənət mütəxəssisi üçün Nikolaus von Verdunun Musası ilə İtalyan Renessansının ustasının Musası arasındakı zaman boşluğunu, aralıq dövrə aid Musa tiplərinin mövcudluğunu sübut edərək doldurmaq mümkün olar.