Ernest Consun 50-ci ad günü münasibətilə
Psixoanalizin ilk vəzifəsi, bu gün yaşayan bütün insanlara, hətta qədim və ibtidai dövr insanlarına ortaq olan həvəs təhriklərini üzə çıxarmaq idi. Buna görə də, yer sakinləri arasında irq, dil və ölkə çoxluğunun yaratdığı fərqliliklərin üstündən keçmək ona heç bir çətinlik yaratmırdı. O, əvvəldən beynəlxalq idi və məlumdur ki, onun tərəfdarları digərlərindən daha tez, böyük müharibənin ayırıcı təsirlərini dəf etməyi bacarıblar.
1908-ci ilin yazında Zalsburqda ilk psixoanalitik konqresdə toplaşan kişilər arasında kiçik bir məqalə – "Gündəlik həyatda rasionalizasiya" – oxumaq üçün çıxış edən gənc bir ingilis həkimi fərqlənirdi. Bu ilk əsərin məzmunu bu gün də qüvvədədir; gənc elmimiz onun sayəsində vacib bir anlayış və əvəzolunmaz bir terminlə zənginləşmişdi.
O vaxtdan Ernest Cons bir də dayanmadı. Əvvəlcə Torontoda professor vəzifəsində, sonra Londonda həkim, yerli qrupun qurucusu və müəllimi, nəşriyyatın rəhbəri, jurnalın redaktoru, tədris institutunun başçısı kimi o, psixoanaliz üçün yorulmadan çalışdı; ictimai mühazirələri ilə onun hər dəfəki nailiyyətlərini ümumi məlumatlığa çatdırdı, parlaq, ciddi, lakin ədalətli tənqidləri ilə onu rəqiblərinin hücumlarından və yanlış anlaşılmalarından müdafiə etdi, İngiltərədəki çətin mövqeyini peşəkarların iddialarına qarşı bacarıq və təmkinlə qorudu və bu xarici fəaliyyətinin bütün bu mərhələlərində kontinental psixoanalizin inkişafına sadiq köməkçilik edərək, elmi nailiyyətlərini – bunların arasında "Psixoanaliz haqqında məqalələr" və "Tətbiqi psixoanaliz üzrə esselər" əsərləri şahidlik edir – həyata keçirdi. İndi, həyatının zirvəsində, o, yalnız ingilisdilli analitiklər arasında şübhəsiz lider kimi deyil, həm də psixoanalizin ən görkəmli nümayəndələrindən biri kimi tanınır; dostlarının dayağı və elmimizin hələ də gələcək ümididir.
Bu jurnalın redaktoru, yaşının ona hökm etdiyi – və ya haqq verdiyi – sükutu, dostunu salamlamaq üçün pozmuşdursa, ona icazə verilsin ki, nəticəni bir arzu ilə – biz düşüncələrin hər şeyə qadirliyinə inanmırıq – yox, Ernest Consu 50. ad günündən sonra da əvvəlkindən fərqli təsəvvür edə bilmədiyi etirafı ilə bitirsin: həvəslə və qətiyyətlə, mübarizəçi və işinə sədaqətlə.