24 noyabr 1887 — xanım A.-nın diaqnozu və elmi işlər barədə
Vyana,
I. Maria Theresienstrasse 8.
Əziz dost və həmkar,
Bugünkü məktubum böyük ölçüdə bir məsələyə aiddir, ancaq əvvəlcə etiraf etməliyəm ki, münasibətlərimizin davam edəcəyinə ümid bəsləyirəm. Siz məndə dərin təəssürat oyatdınız və indi mən heç nəyi gizlətmədən sizə olan münasibətimdən danışa bilərəm.
Siz getdiyinizdən bəri xanım A. məsləhət almaq üçün mənə müraciət etdi və qərar qəbul etməkdə məni xeyli əziyyətə saldı. Nəhayət belə qənaətə gəldim ki, onun halı nevroz deyil; ancaq bu, o qədər də onun ayağının klonusu + — üzündən deyil (hazırda bu nəzərə çarpmır), daha çox ona görədir ki, mən onda nevrasteniyanın ən mühüm xarakterik əlaməti saydığım şeyi tapmıram (söhbət əslində nevrozun başqa növlərindən getmir). İlkin mərhələdə təzahür edən orqanik və nevrastenik pozuntular arasında ayırd etmək çox vaxt çətin olan diaqnoz qoyarkən mən bir xüsusi əlaməti rəhbər tuturdum: nevrasteniyada ipoxondrik dəyişikliklər və həyəcan psikozu həmişə olur, xəstə bunu etiraf etsin, ya da inkar etsin, nevrasteniya özünü çoxsaylı yeni duyğuların, yəni paresteziyaların meydana gəlməsi ilə büruzə verir. Bizim halımızda belə simptomlar demək olar ki, yoxdur. O, birdən yeriyə bilməz oldu, ancaq ayaqlardakı ağırlıqdan başqa heç bir duyğu [yox idi] – məsələn, əzələlərin seyilməsi və ya sıxılması, başqa ağrılar və bədənin digər hissələrində uyğun duyğular və s. Siz bilirsiniz, nəyi nəzərdə tuturam. Bir il öncə başlayan sözdə başgicəllənmə bir növ tutma olduğu ortaya çıxdı, həqiqi [fizioloji] başgicəllənmə deyil, — bunu da onun yeriyərkən nevrastenik yırğalanması ilə bağlaya bilmirəm.
Diaqnozun digər tərəfinə, yəni orqanik xəstəliyin əksi olan tərəfə gəldikdə isə, ağlıma bu gəldi. On yeddi il öncə bu qadında difteritdən sonrakı ayaq iflici olub. Onurğa beyninin belə bir infeksiyası, müalicəsi uğurlu keçsə də, özündən sonra mərkəzi sinir sistemində zəif bir yer, çox ləng inkişaf edən sistem xəstəliyi üçün başlanğıc nöqtəsi qoya bilər. Güman edirəm ki, tabes (onurğa beyninin tabesi — tərc.) ilə sifilis arasındakı qarşılıqlı əlaqədə də buna oxşar bir şey var. Siz, əlbəttə, bilirsiniz ki, Parisdə [Pyer] Mari multipl sklerozu əvvəllər keçirilmiş kəskin infeksiyalara aid edir. Xanım A., görünür, yavaş-yavaş pisləşən alimentar vəziyyətdə idi ki, bu da bizim şəhərli qadınlarımızda bir neçə hamiləlikdən sonra tez-tez olur. Belə şəraitdə onurğa beyninin punctum minimae resistentiae [lat. ən kiçik müqavimət nöqtəsi] üsyan etməyə başlayır.
Əslində onun işləri tam yaxşı gedir, xəstəliyinin başlanğıcından bəri heç vaxt olmadığı qədər yaxşı. Bu, sizin təyin etdiyiniz pəhrizin nəticəsidir, mənə az iş qalır. Mən belənin qalvanik müalicəsinə başladım.
İndi başqa bir şey barədə. Mənim balaca qızım çiçək açır, arvadım yavaş-yavaş sağalır. Eyni vaxtda üç əsər yazmaqla məşğulam, onlardan biri beyin anatomiyası üzrədir. Naşir onu gələn payız çıxarmağa hazırdır.
Ürəkdən gələn təbriklərimlə, sizin dr. Ziqmund Freyd.