28 dekabr 1887 — Bernhaymın tərcüməsi və hipnoz uğurları barədə
Vyana.
Hörmətli dost və həmkar!
Sizin ürəkdən gələn məktubunuz və möhtəşəm hədiyyəniz ən xoş xatirələri oyatdı, hər iki Milad hədiyyəsinin əsasında gördüyüm əhval-ruhiyyə isə məni gələcəkdə canlı və qarşılıqlı zövq gətirən münasibətlər gözləntisi ilə doldurur. Hələ də bilmirəm ki, sizi nə ilə maraqlandırmışam, – spekulyativ beyin anatomiyası üzrə o qısa mətn sizin ciddi elmi diqqətinizi uzun müddət saxlaya bilməzdi. Buna baxmayaraq, mən yenə də xoşbəxtəm. İndiyə qədər bəxtim həmişə gətirib və mən özümə dostları ən yaxşı insanların arasından tapmışam, bu bəxtimlə də həmişə fəxr etmişəm. Beləliklə, sizə təşəkkür edirəm və xahiş edirəm ki, hazırda sizin cazibədar hədiyyələrinizə cavab olaraq təklif edəcək bir şeyim olmadığına təəccüblənməyəsiniz.
Ara-sıra sizdən xəbər tuturam – əlbəttə, əsasən gözəl şeylər eşidirəm. Mənbələrimdən biri xanım A.-dır; onun halı, yeri gəlmişkən, adi serebral nevrasteniya çıxdı. Keçən həftələr ərzində başımı tamamilə hipnoza verdim və hər cür kiçik, ancaq diqqətəlayiq uğurlar qazandım. Bundan başqa, Bernhaymın təlqin haqqında kitabını1 tərcümə etmək niyyətindəyəm. Məni bu işdən çəkindirməyin, mən artıq müqavilə ilə bağlıyam2. İstirahət üçün eyni vaxtda iki araşdırma üzərində işləyirəm: «Beyin anatomiyası» və «İsterik xəstəliklərin ümumi xarakteristikaları»3 – əhvalımın dəyişkənliyi və işim buna nə qədər imkan verirsə.
Mənim balaca qızım gözəl inkişaf edir və gecələr yatır, hər ata bununla fəxr edə bilər.
Ən yaxşı arzularımı göndərirəm, özünüzü işlə çox yükləməyin, istirahət dəqiqələrində və fürsət düşəndə isə düşünün sizə səmimi qəlbdən bağlı olan dr. Ziqmund Freyd barədə.
Arvadım sizin təbrikinizdən çox məmnundur.