28 dekabr 1887 — Bernhaymın tərcüməsi və hipnoz uğurları barədə
Sizin ürəkdən gələn məktubunuz və möhtəşəm hədiyyəniz məndə ən xoş xatirələri oyatdı, hər iki Milad hədiyyəsindən duyduğum əhval-ruhiyyə isə məni gələcəkdə aramızda canlı və həvəsli münasibət ümidi ilə doldurur. Hələ də bilmirəm ki, sizi nə ilə qazanmışam; spekulyativ beyin anatomiyasına dair o azacıq yazı sizin sərt mühakimənizə çox da təsir etməmişdir yəqin. Amma buna çox sevinirəm. İndiyə qədər bəxtim həmişə gətirib ki, dostlarımı ən yaxşıların arasında tapmışam və bu bəxtimlə həmişə xüsusilə fəxr etmişəm. Beləliklə, sizə təşəkkür edirəm və xahiş edirəm ki, hazırda sizin cazibədar hədiyyənizə cavab olaraq heç nə təklif edə bilmədiyimə təəccüblənməyəsiniz.
Ara-sıra sizdən xəbər tuturam – əlbəttə, əsasən gözəl şeylər eşidirəm. Mənbələrimdən biri A. xanımdır; onun halı, yeri gəlmişkən, adi serebral nevrasteniya çıxdı. Keçən həftələr ərzində başımı tamamilə hipnoza verdim və hər cür kiçik, ancaq diqqətəlayiq uğurlar qazandım. Bundan başqa, Bernhaymın təlqin haqqında kitabını tərcümə etmək niyyətindəyəm. Məni bu işdən çəkindirməyin, mən artıq müqavilə ilə bağlıyam. İstirahət üçün eyni vaxtda iki araşdırma üzərində işləyirəm: «Beyin anatomiyası» və «Histerik xəstəliklərin ümumi xarakteristikaları»3 – əhvalımın dəyişkənliyi və işim buna nə qədər imkan verirsə. Mənim balaca qızım gözəl inkişaf edir və gecələr yatır, hər ata bununla fəxr edə bilər.
Ən yaxşı arzularımı göndərirəm, özünüzü işlə çox yükləməyin, istirahət dəqiqələrində və fürsət düşəndə isə düşünün sizə səmimi qəlbdən bağlı olan dr. Ziqmund Freyd barədə. Arvadım sizin təbrikinizdən çox məmnundur.