28 noyabr 1931 — Freyd Tsveyqə
Vyana, IX, Bergqasse, 19
Hörmətli cənab doktor!
50-ci ad günü mənə xoş təsir bağışlaya bilməz. Ümumiyyətlə, ad günü münasibətilə keçirilən təntənələrə öz təcrübəmə görə nifrət edirəm. Əgər buna baxmayaraq bu gün sizin əllinci illiyiniz münasibətilə sizə yazıramsa, bu, zaman keçdikcə artan bir ehtiyacdan irəli gəlir; əks halda bu ehtiyac fürsət gözləyəcək, bəlkə də mənim yaşımda olduğum halda onu tamamilə əldən verəcəkdi. Bu ehtiyac sizə nə vaxtsa xoş, mehriban bir söz deməkdən ibarətdir; yalnız rəssamın portretini o qədər də uğurlu çəkmədiyini düşünən sifarişçi kimi təqsirləndirmələr yağdırmaqdan deyil. Yəni sizə demək istəyirəm ki, yaradıcılığınızın mənim sevimlilərim sırasına daxil olan əsərlərindən — İyeremiyadan [1], "Hisslər qarışıqlığı"ndan, şeytani xarakterlərin ruhi həyatına dalmalarınızdan necə zövq alıram, fikirləri şəffaf bir tunikanın antik heykəllərin fiqurlarını bürüdüyü kimi bürüyən məharətli dilinizə necə heyran qalıram, bu əlaqəsiz zamanlarda ruhun ən qüdrətli və ən nəcib korifeylərinin birliyini qoruyub saxlamaq yolundakı canatmalarınızı necə də məmnuniyyətlə izləyirəm. Amma kifayətdir, əsas olan təbrik edənlərə qoşulduğum ürək əhvalıdır.
Sadiq
Ziqm. Freyd
Qeydlər:
[1] "İyeremiya. Doqquz mənzərədə dram" (1917) nəzərdə tutulur.