2 mart 1938 — Tsveyq Freydə

Lenqem 3693

2 mart 1938

49, Helləm küçəsi,

London, B.I

Dərin hörmət bəslədiyim cənab professor, Portuqaliyadan qayıtdıqdan sonra ilk işim Musaya dair tədqiqatınızı oxumaq oldu və Sizin təqdimatınızda tamamilə inandırıcı təəssürat doğuran şeyi bir fərziyyə kimi izah etmək səmimiyyətinizə bütün qəlbdən heyran qalıram. İdeyaların vətəni yoxdur. Onlar xalqlar arasında, insanlar arasında havada uçur və elə bir bilik, inam, din yoxdur ki, özünü ənənəvi olanla qarışdırmasın, həmçinin təbiətdə təmiz formada uydurma ümumiyyətlə mövcud deyil: kəşf edilən hər şey vaxtilə artıq kəşf edilmişdi. Bəlkə də Siz yəhudi millətçiliyi ilə rastlaşacaqsınız, o özünü məhrum edilmiş hiss edir, çünki Siz yəhudi dinini qismən yad və irsi kimi təsvir edirsiniz; lakin yalnız kütbeyinlik özünü bu cür kollektiv lovğalıq vasitəsilə təyin etməyə imkan verə bilər. Əməl başqa birinin onu əvvəl arzulamış olması ilə kiçilmir; real, cismani Musanın hansı qəbiləyə mənsub olmasının əhəmiyyəti yoxdur, bu axı monoteizmi bəşəriyyətə bir problem kimi ötürən yaradıcının simasını kiçiltmir, eyni zamanda öz dili, öz ruhu sayəsində bu ideyanı dünya miqyaslı baxışa qədər yetişdirmiş xalqın obrazını da kiçiltmir. Mənim üçün bu, sanki ikinci dərəcəli əsər, Sizin mahiyyətiniz və yaradıcılığınızla dərindən bağlı qalır, Sizin mənəvi cəsarətinizin, Sizin bəşəri sarsılmazlığınızın ən gözəl təcrübələrindən biri. Məndən sonra daha neçələri Sizə minnətdarlıqlarını bildirəcəklər ki, hətta ən möhkəmlərin, adətən güzəştə getməyənlərin, ən qorxmazların qorxaq olduqları illərdə belə Siz özünüzə mənəvi məskən kimi bütün problemlərin ən çətini və bəlkə də ən işlənməmişi olan dini seçdiniz. Nə misaldır! Siz öz əməllərinizlə bizə yaradıcılığınızdan az kömək etmədiniz, bunu özüm üçün birdəfəlik aydınlaşdırdım. Ruhi həyəcan anlarında fikrən Sizə baxıram və çiyinlərimin iradəm xaricində düzəldiyini hiss edirəm.

Bu kritik günlərdə də tez-tez Sizi düşünmüşəm. İndi guya məmnunluq, hətta istehzalı üstünlük hiss edə bilərəm, çünki bütün pis söhbətlərə baxmayaraq artıq dörd ildir ki, yerimdən köçmüşəm. Lakin mən elə əziyyət çəkirəm ki, sanki bu mənə özümə toxunub, indi Vyanada olan, narahatlıqla dolu hamı ilə birlikdə əziyyət çəkirəm. Yaxşı olardı ki, nəşriyyatınız nəhayət kitablarla birlikdə buraya köçsün, bilirsiniz, mən daim deyirəm ki, Sizin əsərləriniz burada olmalıdır, əlçatan və bu gün oxunan, məhz ona görə ki, onlar gələcəklə bu qədər güclü yoğrulmuşdur. Qoy Sizin fədakar əməyə hazırlığınız daim sağlamlıqla möhkəmlənsin, dərin ehtiramlı məhəbbətimə əmin olun,

Stefan Tsveyq

Kitabın sifarişi

Kitab artıq nəşr olunub və çap nüsxəsi hazırdır. Sifariş etdiyiniz nüsxəni şəxsən imzalayıb, istənilən ünvana poçtla göndərəcəyəm. Təxmini qiymət — 100 $; sizin üçün ağırdırsa, aşağıda endirim sorğusu göndərə bilərsiniz.