Məktublar və aforizmlər

Məktub 10 — 12 iyul 1883, Vyana

Vyana,

gecə saat 2

Bağban Büntsov xoşbəxt adamdır, çünki sevgilimə sığınacaq vermək imkanına malikdir. Niyə həkimlik kimi prozaik peşə əvəzinə bağban və ya şair olmadım? Əgər sənə bağ işlərində köməkçi lazım olarsa, xidmətlərimi təklif etməyə hazıram ki, şahzadəciyə sabahın xeyir deyim və, bəlkə də, bir dəfə buketə görə öpücük istəyim. Ancaq mən məktubu bağban Büntsova yox, sənə göndərdim, mənim əzizim, Kordeliya-Martacanım. Niyə bu qədər gec yazdığımı izah edim. Axı bu, səni maraqlandırır, sevgilim?

Anginan artıq keçib və sən, əlbəttə, bu məktubu mərhəmətlə qarşılayacaqsan. Bu, sənin tərəfindən çox mehribanlıq olardı. Ümid edirəm, bunu mənə yazacaqsan. Əks halda düşünəcəyəm ki, mənim məktublarım sənə xoş gəlmir.

Lakin boğazcığını şərf və sairə ilə həddindən artıq əzizləmə. Həddini aşma, bir az çiniqmaq sağlamlığı möhkəmləndirə bilər.

Xəbərlərinə sevinirəm və ümid edirəm ki, indi yaxşı qidalanırsan və istirahət edirsən. Əgər pul lazımdırsa, yaz mənə, əzizim. Tezliklə pulum olacaq.

Bu gün çox isti, son dövrlərin ən əzablı günü oldu. Halsızlıqdan uşaqlığa qayıtmış kimi oldum. Sonra yorğunluqdan yıxıldığımı hiss edib Breyerin yanına getdim; gec qayıtdım.

Onun başı ağrıyırdı və o, yazıq, salisil turşusu duzunu qəbul etdi. İlk işi məni vanna otağına göndərmək oldu, oradan gəncləşmiş çıxdım. Onun qonaqpərvərliyindən istifadə etdikdən sonra ilk düşüncəm sənin haqqında oldu: Martacanım burada olsaydı, səfərimi təsdiqləyərdi.

Əlbəttə, qızım, hələ uzun illər ehtiyac içində olacağam və heç bir gözlənilməz möcüzəyə ümid etmirəm — yalnız həmişə, bütün ömür boyu səninlə, sevgilim, bir yerdə olmaq imkanına ümid edirəm. Sonra biz, pencəksiz, yuxarıya qalxdıq (ev donunda yazıram), şam yeməyinə oturduq və kənaraçıxmalar, intim münasibətlərin əxlaqı, sinir xəstəlikləri haqqında uzun tibbi söhbət başlandı, və yenidən söhbət sənin rəfiqən Berta Pappenheym haqqında oldu. Biz bir-birimizə çox səmimi və dərin etimad bəsləyirik və o, mənə indi sənə deməli olduğum şeyi söylədi: Marta ilə evlənəcəyəm, o, arvad olacaq, uşaqlar dünyaya gələcək... Və burada mən açılıram və əlavə edirəm: elə o Marta ilə ki, indi Düsternbrokda yüngül anginası var. Marta əslində həqiqi Kordeliyadır və indi, ən dərin daxili etimad yarananda, artıq heç nə lazım deyil.

Onda o, birdən, tamamilə gözlənilmədən etiraf etdi ki, arvadını məhz belə, Kordeliya adlandırır, çünki o, incə hisslərini qoruyub saxlayıb və xırdalıqlara qapılmayıb, atasına qarşı çıxmayıb.

Hər iki Kordeliyanın — otuz yeddi yaşlı və iyirmi iki yaşlı — qulaqları cingildəməli idi, çünki biz onları ciddi bir incəliklə xatırlayırdıq.

Bəs indi — ürəkdən salam, çünki hələ tam oyanmamışam.

Sənin Ziqmundun.