Məktub 9 — 5 oktyabr 1882, Vyana
Vyana,
cümə axşamı
Qızğın sevdiyim, səmimi qəlbdən hörmət etdiyim Martamdan başqa kimə professor Notnagelin yanına getməyimin nəticəsini xəbər verməliyəm? Qızma, cazibədar qızım. Bu gün günorta sənin qarşında sadəcə utanmış və sənə valeh olmuşdum və buna görə səni özümün «günəş altında yerim» uğrunda mübarizədə düşdüyüm şəraitə daxil edə bilmədim. Ancaq məni təkcə mübarizəm və bir-biri ilə daxili əlaqədə olan elmi maraqlarım narahat etmir. Hər şeydən artıq ifadə olunmaz dərəcədə xoşbəxtəm ki, sən mənə diqqət göstərdin. Mənimlə bağlı hər şeydə sənin iştirakına ehtiyacım var. Bütün ideyalarım yalnız o halda böyük dəyərə malik olacaq ki, sən onların hazırlanmasında mənimlə birlikdə iştirak edəsən. Professorun yanına getməyimin nəticəsi istədiyim kimi olmasa da, sən, mənim əziz mələyim, bütün çətinliklərə mənimlə birlikdə dözəcəksənsə, daha yaxşı gələcəyə ümidi itirməyə heç bir əsas görmürəm.
Deməli, bütün əsərlərim və Meynertin təqdimat məktubu ilə N.-in yanında oldum. Yeni bina — demək olar ki, hazır, mənzil hələ lak qoxur, gözləmə otağı isə sadəcə möhtəşəmdir. Divarda — möcüzəli bir tablo. Onun üzərində dörd uşaq təsvir olunub: onlardan biri iyirmi il sonra tibbdə aparıcı mövqe tutacaq görkəmli gəncdir; kiçik bir qız isə elə gözəlliyin şübhəsiz əlamətlərinə malikdir ki, cəmi on il sonra tələbə ballarında gənclər onun üstündə dalaşacaq. Hər ikisi qarasaçlıdır; mən fərz etdim ki — sonradan məlum olduğu kimi, tamamilə doğru olaraq — onların anası qarasaçlı imiş. Onlardan əlavə — daha yaşlı, çirkin sarışın qadın; üz cizgiləri atasınkılarına bənzəyir. Qucağında, şübhəsiz ki, ona bənzəyən bir körpə tutub.
Sonra divarlar boyu düzülmüş çoxlu kitaba, molbert önündə təsvir olunmuş ciddi, qarasaçlı bir qadının — ailənin banisinin — böyük portretinə baxdım; yanında isə taleyimizi həll edəcək kişi dayanmışdı. Bu adamın mənim haqqımda hər şeyi bildiyini, mənim isə özümə heç cür kömək edə bilmədiyimi dərk etmək dəhşətlidir. Məndə elə təəssürat yarandı ki, o başqa nəslə mənsubdur. Qədim-german vəhşisi. Tamamilə açıq rəngli saçları dəri rəngindən çətin seçilir. Baş, boyun, yanaqlar, qaşlar sıx tüklə örtülüdür. Yanaqlarında və burnunun üstündə iki nəhəng ziyil. Heç bir gözəllik əlaməti yoxdur, ancaq ümumilikdə çox mühüm nəsə təəssüratı yaranır.
Zahirən narahat görünürdüm, ancaq daxilən həmişəki kimi ideyalarım uğrunda mübarizəyə hazır idim.
— Mənə professor Meynertin təqdimat məktubunu çatdırmaq və onun bu günlərdə Sizi evdə tapmadığına görə peşmançılığını bildirmək tapşırılıb. Onun açıqcasını da Sizə təqdim etməyə cəsarət edirəm, çünki bu, mənim öz maraqlarıma uyğundur.
O, məktubu oxuyarkən çöməldim və orada nə yazıldığını gördüm:
«Hörmətli həmkar! Sizə cənab doktor Ziqmund Freydi təqdim edirəm. Onun histologiya sahəsində bir neçə dəyərli əsəri var. Onun arzularına və meyllərinə diqqət yetirməyinizi xahiş edirəm.»
«Ümid edirəm, tezliklə sizi görəcəyəm. Sizin Teodor Meynert».
— Həmkarım Meynertin təqdimatı mənim üçün çox əhəmiyyətlidir. Deməli, nə istəyirsiniz, cənab doktor?
O, mənə müraciət edəndə çox xoş təəssürat yaranırdı. O, həqiqətən düşünən adam kimi danışırdı və sözlərində təmkinli, lakin inam oyadan bir fikir gizlənirdi.
— Hər halda, arzularınızı təxmin etmək çətin deyil. Bilinir ki, indi assistent vəzifəsini tutmaq istəyirsiniz. Onu da fərz etmək olar ki, müəyyən vaxt — qısa və ya uzun — keçdikdən sonra daha yüksək vəzifə tutacaqsınız. Elmi əsərləriniz müəyyən maraq doğurur. Tibbi tədqiqatlarınızı davam etdirmək üçün kifayət qədər imkanınız olacaq. Sözlərin qısası, sizi assistent vəzifəsinə namizəd kimi təqdim etmək fikrindəyəm. Özünüzlə əsərləriniz var, cənab doktor?
Mən cibimdən məqalələrimi çıxardım və o, mətnlərə baxarkən mən onları şərh edirdim.
— Əvvəl zooloq idim, sonra fizioloq, indi histologiya ilə məşğulam.
Bitirdim və artıq professorun dəyərli vaxtını almamaq üçün getməyə hazırlaşırdım — vaxtilə onun yanında assistent kimi başlamış Brükkenin mənə məsləhət gördüyü kimi. Ancaq bu anda o danışmağa başladı:
— Sizdən gizlətməyəcəyəm, burada boş vəzifəyə iddialı olan çoxlu cənablar olub. Sizə heç bir ümid aşılamaq istəmirəm. Bu mənim üçün vicdansızlıq olardı. Ancaq boş vəzifəyə iddialı olanlar sırasında adınızı çəkmək niyyətindəyəm və bu məsələdə sizə kömək etməyə çalışacağam. Digər namizədlər azad qalacaq. Dediyim kimi, heç bir vəd vermirəm, siz də onları gözləmirsiniz. Yaşayacağıq — görəcəyik. Əsərlərinizi yanımda saxlamaq istərdim.
Bu, tamamilə dostcasına səsləndi. Əsərlərimi ona verəndə o, artıq mənə əvvəlki qədər sərt görünmürdü.
İş ondadır ki, birinci yer onsuz da bir namizədə (rəvayətə görə, Praqa professorunun oğluna) vəd olunub və söhbət taleyi hələ həll olunmamış ikinci boş vəzifədən gedə bilər. Ancaq professor özünə hərəkət azadlığını saxlamaq niyyətindədir, baxmayaraq ki, mənim namizədliyimi ciddi qəbul edib.
— Bir xahişim daha, cənab professor. İndi mən geniş profilli xəstəxanada ordinator aspirantıram və əgər mənə heç bir ümid aşılaya bilmirsinizsə, perspektiv aça bilmirsinizsə, bəlkə də digərləri kimi öz yanınızda ordinator aspirantura keçməyə icazə verəcəksiniz?
— Bu nə deməkdir — ordinator aspirant? Mən bundan yaxşı baş çıxarmıram.
Ona qısaca izah etdim (sevgilim bu geniş danışığa dözməli olacaq) ki, xəstəxanamız iki hissədən ibarətdir: klinikadan və şöbələrdən. Klinikalarda professor ordinator aspirantlar və tələbələrlə məşğələ aparır, şöbələrdə isə baş həkim kiçik həkimlərlə (tələbəsiz) xəstələri müalicə edir. Professor ordinator aspirantlardan hansını işə götürəcəyini seçmək hüququna malikdir, baş həkim isə kiçik həmkarlarını diqqətlə seçmək imkanından məhrumdur. Hər həkim mənim kimi ordinator aspirant ola bilər, ancaq bununla yanaşı, xəstəxanada kiçik həkim vəzifəsinin boşalması mümkünlüyünə ümid edir və gözləyir. Başa düşdün, Martacan?
Professor N. görünür heç nə başa düşmədi, çünki o, belə xülasə verdi:
— Əgər cərrah vəzifəsini tutmaq perspektiviniz varsa və şans yaranarsa, onu qaçırmayın. Elm sahəsində çalışmağa davam edin, vaxt çatdıqda assistent vəzifəsi haqqında müraciətinizi araşdıracağıq. Bunu nəzərə alacağam.
— Ancaq indi özümü tamamilə elmə həsr etmək imkanım yoxdur. Tibbin bütün cəhətlərini son dərəcə geniş və tez mənimsəməliyəm. Elmi müstəqilliyə nail olmaq üçün, ehtimal ki, qohumlarım olan İngiltərəyə gedəcəyəm. Artıq çoxdan bəri pulsuz, bir «sağ ol» müqabilində çalışıram.
Tibbdə kimya ilə bağlı başladığım bir əsəri yarımçıq qoymaqdan başqa çarə yoxdur.
— Düşünmürəm ki, mütləq bir əsər dərc etməlisiniz, — o cavabında dedi, — yalnız elm planında çalışmağa davam edin. Axı elmi tədqiqatlarla məşğul olmaq olar.
— Bunu bilirəm, əlavə olaraq fizioloqun iş üsulları elmi işçinin rejimindən çox fərqlənmir.
— Məhz elədir, — o sözümü tamamladı.
— Yaxında praktiklərə lazım olacaq bir işə başlamaq istərdim.
— Lazım bilirsinizsə, edin. Mənim fikrimcə, sizə heç nə zərər verə bilməz və uyğun vəziyyət yaranarsa, xəbər verəcəyəm.
— Deməli, sizi doğru başa düşmüşəmsə, sanki sizinlə heç söhbət olmayıbmış kimi hərəkət etməliyəm.
— Bəli, — dedi o, — özünüzü hər hal üçün təmin edin. Heç nə vəd edə bilmərəm. Bu, mənim tərəfimdən əxlaqsızlıq olardı. Bununla belə, akademik karyeranı, yoxsa praktik karyeranı üstün tutursunuz?
— Meyllərim və keçmiş həyatım sübut edir ki, birinci yaxşıdır, ancaq mən...
— Bəli, siz yaşamalı və hazırda dolanışığınızı qazanmalısınız. Bunu başa düşürəm. Yenə təkrar edirəm: yaşayacağıq — görəcəyik.
Bu sözlərdən sonra ayağa qalxdı.
— Hər halda sizə təşəkkür edirəm. Bir müddətdən sonra əsərlərimi geri ala bilərəm? Bunlar son nüsxələrdir.
— Onları oxuyan kimi, xahiş edirəm, üç-dörd həftədən sonra yanıma gəlin, hamısını qaytaracağam. İndi çox məşğulam.
— İcazə verin təşəkkür edim, cənab professor. Yeri gəlmişkən, ən vacib məzmun illik hesabatda və professor Şvalbenin «Nevrologiya» dərsliyində də var.
Bir daha baş əydim və getdim.
Hə, sevgilim, necədir? Yaxın vaxtda heç nə dəyişməyəcək. Birinci yer onsuz da itirilib. İkinci vəzifəyə gəldikdə, əlbəttə, rəqib kimi nəzərə alınacağam, bunu professor açıq söylədi. Bir neçə gün sonra N.-in yanında böyük nüfuza malik olan Meynert şəxsən mənim üçün vasitəçilik edəcək və əgər o, professorlar arasında mənim digər dostlarımla birlikdə bunu etsə, onda şanslarım artacaq. Hələlik heç nə olmamış kimi çalışmağa davam edəcəyəm. Məhz indi nə ilə ciddi məşğul olacağımı hələ fikirləşəcəyəm. Cəlbedici olmayan, ancaq praktik baxımdan çox əhəmiyyətli və maraqlı sahəni — dəri xəstəliklərini düşünürəm.
Sabah Meynertin yanına getmək istəyirəm və ona demək istəyirəm ki, orada boş ordinator aspirant yeri yoxdur. Niyyətlərim belədir.
Sənin yazıq anan, maraqlarımız bir-birinə zidd olmasına baxmayaraq, mehriban adamdır. Ümid edirəm, onun halı artıq yaxşılaşıb. Ümid edirəm ki, səni şənbə günü təxminən səhər saat 10-da görəcəyəm.
Sənin sadiq Ziqmundun.