Məktublar və aforizmlər

4 iyul 1908 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 4 iyul 1908

Hörmətli cənab doktor!

«Balzak»a görə ən gözəl təşəkkürlərimi bildirirəm; onu bir nəfəsə oxuyub qurtardım. Təsvir etmək istədiyiniz burulğan adamı elə öz içinə çəkir. Bu adam sizə yaraşır — Napoleonunuzun kim olduğunu bilmirəm, amma o ikisinin hakim olmaq həvəsindən siz də yaxşıca pay almısınız və indi onu dil üzərində sınayırsınız. Oxuduğum müddətdə gözümün önündən əsil ata minmiş cəsur süvari obrazı getmirdi. Fikirlərinizə asanlıqla daxil oluram, sanki onlar mənim yaxşı tanışlarımdır.

«Tersit» çox gözəl idi, yer-yer məstedici idi, amma nə üçün bu və ya o biri xarakter belə ifrata aparılıb, baş qəhrəman belə karikaturaya çevrilib? Mənim kimi ayıq adam üçün cürbəcür suallar vermək asandır.

Əsərlərinizi mənə göndərməyi adət etməyiniz çox gözəldir və soruşuram: öz yazılarımla — əlbəttə, tamamilə başqa cür yazılarla — sizə hansısa həzz verə bilərəmmi?

Sizin səmimi sadiqiniz

Freyd