Məktublar və aforizmlər

4 may 1936 — Tsveyq Freydə

4 may 1936.

Çox hörmətli cənab professor!

Bilirəm, siz bayram gününüzün qeyd edilməsini sevmirsiniz, amma sizin o qədər yaxşı tanıdığınız insan təbiətinin eqoizmi öz haqqını tələb edir. Axı bunun yalnız sizin bayramınız olduğunu düşünmək nə böyük səhvdir! Bu, hər şeydən əvvəl bizim bayramımızdır, bu dünyanın ziyalılarının minnətdarlıq günüdür. Prinsipcə «rəhbərləri» xoş bir şey saymayan biz, bizi ruhi və zehni idraka aparanları sevgi və minnətdarlıqla yad etməsəydik, ən nankor insanlar olardıq. Hörmətli cənab professor, bu gün sərt olmayın və bizə bütün qəlbimizlə və bütün sevgimizlə sizinlə sevinmək şadlığını bəxş edin.

Tomas Mann iki gün sonra sizə imzalı bir vərəq təqdim edəcək. Bu kiçik imza toplanışının təşəbbüskarları olan biz bütün bu insanların heç olmasa bir imza ilə sizə ehtiramlarını göstərmək fürsətindən necə minnətdarlıqla yapışdıqlarını görüb səmimi məmnunluq duyduq. Bəli, onlar hətta onlara bu imkanı verdiyimiz üçün bizə təşəkkür etdilər. Xeyli ad hələ sonradan əlavə olunacaq, çünki biz dəhşətli diasporada yaşayırıq və əhəmiyyətli insanların böyük hissəsi daim səyahətdədir və yalnız gecikmə ilə tapıla bilir. Mənim özüm yazdığım və Amerikada, Fransada və başqa bir sıra qəzetlərdə çıxan kiçik ad günü təbrikini güzəştlə qəbul edin. O, daha geniş oxucu dairələrinə ünvanlanıb və əslində yalnız bunu hələ özləri dərk edə bilməyənlərə başa salmaq istəyirdi ki, siz bizim üçün kimsiniz və daha ədalətli gələcək üçün kim olacaqsınız.

Hörmətli və əziz cənab professor, bu gündə sizə nə arzu edim? Hər şeydən əvvəl sağlamlıq və sarsılan və çökən bir dünyanın ortasında daimi və ölməz bir şey yaratdığınızın şüuru və milyonlarla insan üçün köməkçi olmusunuz. Bu gün bunu eyni haqla özü haqqında deyə biləcək başqa heç kimi tanımıram, hamımızın bu qədər dərin borclu olduğu başqa heç kimi də tanımıram.

Dəfələrlə sınanmış xeyirxahlığınızı xatırlayaraq və dərin hörmətlə

Sizin

Stefan Tsveyq