Məktub 27 — 30 iyun 1884, Vyana
Vyana,
bazar ertəsi
Mənim sevimli nişanlım!
Tək qalacağımız üçün çox şadam və əgər məni həqiqətən gözləyirsənsə, artıq özünü heç nədə qınaya bilməzsən. Birlikdə keçirəcəyimiz gözəl günləri gözləyərkən çox xoşbəxtəm. Bilirəm, sözümü kəsmək istəyirsən: guya məyus olmamaq üçün heç nə gözləmək lazım deyil. Amma, Martacan, bu günlərin necə möcüzəli olacağı yalnız bizdən asılıdır... Havadan, başqalarının əhval-ruhiyyəsindən, gələ biləcək pis və ya yaxşı xəbərlərdən deyil.
Bu səyahətdən sənin tamamilə mənim olduğuna əminlikdən və münasibətlərimizdə məhəbbətin özünün onun qiymətləndirilmələrindən çox olduğuna inamdan başqa heç nə götürmək istəmirəm.
Sənə xas olan geriyə baxış tam haqlıdır. Doğrudan da, mən həmişə səni sənin məni sevdiyindən xeyli artıq sevmişəm. Yaxud daha doğrusu, hər birimiz ayrılıqda məhəbbətimizi, onun mahiyyətini dərk edənədək — məntiqçinin deyəcəyi kimi, «primum falsum» — mən sanki özümü sənə qəbul etdirirəm, sən isə xüsusi bir meyl və simpatiya olmadan məni qəbul edirsən. Amma bunların hamısı aşılacaq.
Əminəm ki, nəhayət hər şey yaxşılığa doğru dəyişəcək. Bilirsən, mənə deyirlər ki, mənim səndə hər dəfə qıcıqlanma yaratmaq sənəti var. Deyirlər ki, aramızda hər zaman — döyüş, mübarizə var və sən mənim üçün heç nə etməyəcəksən. Deyirlər ki, biz çox fərqliyik və sevmək istəyini məhəbbət sayırıq. Deyirlər ki, biz həyat şəraiti fərqli olsa da, sevmək və sevilmək istəyən adamlarıq. Amma eşitdiyim bütün sərt sözlərdən sonra özümə etiraf etməliyəm: səni sevirəm. Az saylı tərəfdarlarımdan heç biri sənin mahiyyətini anlamadı — mahiyyət ondadır ki, sən mənim üçün tale tərəfindən nəsib edilmişsən.
Sən deyirsən ki, mən sənə heç bir təsir göstərmirəm. Mən səni inkişaf etmiş, ahəngdar bir insan hesab edirəm. Amma sən mənlə sərt və çəkinən olursan, mənim isə sənə heç bir hakimiyyətim yoxdur. Sən itaətsizliyinə baxmayaraq mənə daha da əziz oldun. Əgər səninlə yenə on üç aylığa ayrılsaydıq — o vaxt Alser küçəsinin başında olduğu kimi — özümü çox bədbəxt hiss edərdim. Onda ümidim kiçicik idi, amma özümü unudulmuş keşikçinin yanına qoyulmuş əsgər kimi görürdüm. Birlikdə olmaq arzumuz o zaman soyumuşdu. Amma mən yenə də qalib olmalı idim, baxmayaraq ki, arzularımı yerinə yetirəcək bir çox şirin söz bilmirdim. Amma gördüm ki, sənin gözlərində də bir növ dəyərim var. İnadkarlıq və qapalılıq — sənin özün tez-tez şikayət etdiyin xüsusiyyətlər — birlikdə olanda aradan qalxacaq.
O vaxtdan mən başqa adam oldum. Bir çox ruhi yara qapandı, başqaları daha dərinləşdi. Bilirsən, məndə inad və özünəhörmət oyanmışdır. Bir il əvvəl məndə bu keyfiyyətlərin olmasını bilmirdim. Ona görə sevinci daha artıq təxirə salmaq istəmirəm. Sənlə səmimi ahəngdarlıq yeni işim üçün mənə lazımdır.
Amma yüngül bir şübhə yaranır. Məni əvvəlki kimi eyni hərarətlə sevirsənmi? Bu qədər vaxt görmədiyin, səsini, daim qürurunu oyadan mühakimələrini eşitmədiyin insanı? Çoxdandır yanında olmayan insanı? Görəsən, bu obrazın indikinə uyğun gəlmədiyini, sənin mənim haqqımda təsəvvürünün bir-iki il əvvəlkindən fərqli olduğunu görməyəcəksənmi? «Xeyr» sözünə dözmərəm. Səni səbirsizliklə gözləyirəm. Axı gözləmək mənim taleyimdir, səninki kimi. Sakit və sadiq şəkildə gözləmək, narahat olub mübarizə aparmaqla gözləmək. Əslində fərq o qədər də böyük deyil — öz xoşbəxtlik hüququmuzu müdafiə etdiyimiz üsulların müxtəlifliyi ilə müqayisədə.
...Daha on dörd gün gözləmə var. Sonrası barədə fikirləşmirəm də. Keçən illər artıq sanki zaman pərdəsi ilə örtülüdür. Səni o qədər sevirəm və sənin də məni sevdiyini eşitmək istəyirəm.
Qarşıdakı dörd həftəni əvvəlki kimi gələcəyə qurban vermədən yaşamaq istəyirəm. Bu dörd həftənin özü gələcəkdir.
Sağlamsanmı, əziz balam? Mən əvvəllər heç vaxt olmadığım qədər sağam və indi işlə çox yüklənməmişəm. Bu on dörd günü nə ilə məşğul olacağımı fikirləşməliyəm.
Mənə qəzet üçün məqalə yazmağı və xəstələr üzərində daimi müşahidə aparmağı tapşırmışlar. Onları xəstəxananın şöbəsində müayinə edirəm.
Məktubumda səni kədərləndirəcək bir şey yoxdurmu, əziz Martacanım? Mənə bunu de.
Sənin Ziqmundun.