Məktub 36 — 6 iyun 1885, Vyana
Vyana,
şənbə
Deməli, uzun zamandan bəri gözlədiyim şey nəhayət baş tutdu! Bu gün kollokviuma dəvət aldım və oradan öyrəndim ki, iyunun on üçündə professorlar kollegiyası — Elmi Şura qarşısında çıxış etməliyəm. Bu, imtahanı uzaqdan xatırladacaq, vəssalam. Amma nəticənin necə olacağı — məlum deyil.
Bu münasibətlə silindr papaq və əlcək, eləcə də layiqli kostyum almaq lazım gələcək. Görünür, Elmi Şuraya frakda görünməliyəm. Etiraf edim, hələ qərara almamışam: onu tikdirməliyəm, yoxsa kirayə götürməliyəm. Doğrusu, dərzi Hillerə bayram kostyumu sifariş etmişəm. Amma hələ qəti şəkildə əmin deyiləm: bu sifarişi saxlayım yoxsa yox. Məsələ ondadır ki, frakı yalnız professorlar qarşısında çıxış üçün deyil, həm də sınaq mühazirəsi üçün kirayəyə götürməli olacağam. Mənim əlbəttə qara kostyuma, hətta ikisinə ehtiyacım var. Bunların hamısını necə həyata keçirəcəyimi bilmirəm.
Tamamilə özümü itirmişəm, başım dönməyə başlayır, işlər isə çoxdur!
Məzuniyyət icazəsi aldım, hətta daha çox — yol xərcləri üçün lazımi məbləği borc aldım. Bundan əlavə Obersteynerdən məktub aldım; o, cümə axşamına qədər başımın üstündə dam olsun deyə məni birtəhər yerləşdirəcəyini vəd etmişdi. Bu, həyatımı yüngülləşdirir və ümid verir ki, bəlkə işlərimi qaydaya sala bilərəm.
Nə qədər dəhşətlidir, sevgilim, pul olmayanda. Ağlıma sığmır ki, insanlar ailəni necə saxlayırlar, əgər məqalələr elə ucuz ödənilir ki, gün keçirmək çətindir. Bogensdən Atemə gedən yolda, ehtimal ki, işimə bağlı və qaranlıq düşüncələr doğuran problemlər haqqında fikirləşməyə bilməyəcəyəm. Beyin anatomiyası ilə bağlı mövzunun işlənməsində iştirakımı nəzərdə tuturam...
Maraqlıdır ki, nişan günümüz Minnanın ad günü ilə üst-üstə düşür. Bu ay həqiqətən hadisələrlə kənara qədər doludur. Yalnız hər şey yaxşı, düz olsun.
Amerikalı xəstəm ayın birində mənə iyirmi qulden vermişdir; onlar sənin və Minna üçün saxlanılır. O, bütün iki həftəlik işin haqqını tam ödəyəcək və ümumiyyətlə, şahzadəciyimə və şahzadəciyimin bacısına «xərac» verməlidir.
Səyahət təqaüdü, əzizim, çox arzuolunan olardı. Xüsusən ki, Vandsbekə səyahət ilə bağlı əvvəlki niyyətlərimdən əl çəkmək heç də istəmirəm. Amma indi bu gözəl məqsədlər üçün az olmayan bir məbləği — yüz quldeni yığmaq olduqca çətindir. Nəzərdə tutulmuş səyahətdən əl çəkmək — hətta düşüncədə belə — mənim üçün həqiqətən ağırdır. Amma yüz qulden bizim səyahətimiz üçün o qədər azdır, əgər çox qənaətli olsaq və sənə hədiyyə belə etməsəm. Daha on gün gözləyərəm, bəlkə daha çox qazana bilərəm. Xüsusən ki, indi gəlir və tibbi müşahidələrimin daha bir mənbəyi var. Hazırda müalicə etdiyim varlı xəstəm baron S.-i nəzərdə tuturam. Onu iki dəfə qəbul etmişəm və ehtimal ki, bu ay daha bir-iki dəfə konsultasiyaya gələcək.
Amma həqiqətən dəhşətlisi odur ki, mən o qədər sonsuz tənbələm ki, sıxıntılı vəziyyətdən — pulsuzluqdan — çıxmaq yolunu hərtərəfli fikirləşməyə qadir deyiləm. Bundan əlavə, dözülməz isti havadır!
Martacan!!! Ehtimal ki, güman edib anlayacaqsan ki, bu gün yaranmış vəziyyətdən çıxış yolu tapmağa sadəcə qadir deyiləm.
Mənə həmişə köhnə ünvana yaz.
Səni səmimi qucaqlayıram, əziz xəzinəm — sənin Ziqmundun.