Məktublar və aforizmlər

4 sentyabr 1926 — Freyd Tsveyqə

Zemmerinq, 4 sentyabr 1926

Əziz cənab doktor!

Az qala arzulayardım ki, dr. St. Tsveyqlə heç vaxt şəxsən tanış olmayaydım və o, mənə qarşı heç vaxt bu qədər mehriban və ehtiramlı davranmayaydı. Çünki indi şübhədən əziyyət çəkirəm: görəsən, şəxsi rəğbət rəyimi yanıltmayıbmı? Mənə tanış olmayan bir müəllifin belə bir novellalar kitabı4 əlimə düşsəydi, heç tərəddüd etmədən müəyyən edərdim ki, birinci dərəcəli bir yaradıcı ilə və ən yüksək bədii nailiyyətlə qarşılaşmışam.

Amma həqiqətən də düşünürəm ki, bu üç novella — daha dəqiq desək, onlardan ikisi — şah əsərlərdir. Birincisi mənə artıq məlum idi; o vaxt onda hansısa bir təfərrüata irad tutmuşdum, indi onu tapa bilmədim. O, xüsusi marağımı oyatmışdı, çünki analitik yozuma imkan verir, hətta onu tələb edir, həm də sizinlə ünsiyyətdə əmin ola bilmişdim ki, siz bu gizli məna barədə heç nə bilmirsiniz, halbuki onu qüsursuz bir örtük altında ifadə etmisiniz. Yəqin ki, belə bir yozum imkanını qəbul etmirsiniz, bəlkə də ondan iyrənirsiniz, amma mən onu rədd edə bilmirəm və bu dəfə onu daha tam şəkildə əldə etdim. Analiz bizə belə güman etməyə əsas verir ki, şairin işlədiyi problem və situasiyaların böyük, görünür, tükənməz zənginliyi az sayda «ilkin motivə» endirilə bilər; bunlar çox vaxt uşaq ruhi həyatının sıxışdırılmış yaşantı materialından qaynaqlanır, belə ki, əsərlər o uşaq fantaziyalarının örtülmüş, gözəlləşdirilmiş, sublimasiya edilmiş yeni nəşrlərinə uyğun gəlir. Bunu birinci novellada göstərmək xüsusilə asandır. Şüursuz nüvəni açıq-açığına çıxarsaq, o, iyrəndirici təsir bağışlayır. Bu, ana motividir: ana oğlunu uşağa nəhəng və həyat üçün təhlükəli görünən onanizmin təhlükələrindən xilas etmək üçün öz bədənini fəda edərək onu cinsi əlaqə ilə tanış edir. Belə bir fantaziyanı bəzi adamlar yetkinlik illərindən hətta şüurlu şəkildə xatırlayır! Şüursuzda isə o, heç vaxt əskik olmur. O, bütün xilas əsərlərinin, məsələn, Vaqner operalarının da əsasında durur. Poetik işləmədə onanizm, tamamilə yararsız olduğu üçün, başqa bir şeylə əvəz olunmalıdır; sizin novellanızda qumar oyunu düzgün əvəzedicidir. Məcburilik, qarşısıalınmazlıq, ən möhkəm qərarlara baxmayaraq təkrar-təkrar ona qayıtmaq, həyat üçün təhlükə — bunlar köhnə nümunənin birbaşa cizgiləridir; onanizmin uşaq otağında aldığı ilk ad «oynamaq» idi — uşağa deyirdilər ki, bu təhlükəli oyundur, adam ondan dəli olar, ya da ölər, — sizdə belə qorxunc ustalıqla işlənmiş əllərə və onların fəaliyyətinə vurğu isə düz ələ verəndir. Axı masturbasiyada əllər öz genital funksiyasını icra edir. Sizin novellanızda gənc qumarbazın oğul rolu elə aydın işarə olunub ki, şüurlu bir niyyət güdmədiyinizə inanmaq çətinləşir. Amma bilirəm ki, belə olmayıb və siz öz şüursuzunuzu işlətmisiniz. Məsələn, gənc polyak 24 yaşındadır — 17 yaşında ərə getmiş 42 yaşlı qadının böyük oğlu ilə düz bir yaşda.

Novellanın girişində hər qadının hesablanmaz impulslara təslim olduğu fikri müdafiə olunursa, bu, şüursuzu inkar etməyə heç də az xidmət etməyən bir fasaddır. Novellanın məzmunu isə, əksinə, göstərir ki, bu impulslar tamamilə müəyyən edilə biləndir. Sədaqət borcu ilə bağlı dul qadın bütün qayğısını başqa kişilərdən gələn şirnikləndirmələrdən qorunmağa yönəldib. Ana kimi oğluna qarşı oyadıla bilən libido fiksasiyası olduğunu bilmir və tale onu məhz bu qorunmayan yerdən yaxalaya bilir. Bu, novellada tamamilə düzgün təsvir olunub, amma mənim dediklərim analitikdir və əsərin gözəlliyini layiqincə qiymətləndirməyə heç cəhd etmir.

İkinci novella isə bir qədər geri qalır. Şairin daha az şəxsi iştirakı hiss olunur. Analitik motiv yozuma ehtiyac duymur, açıq-aydın görünür: atanın böyüməkdə olan qızının cinsəlliyinə qısqanclığı — axı qız ibtidai zamanlarda onun cinsi obyekti, mülkü idi. Amma bu motiv bizi qeyri-ixtiyari olaraq ona qarşı düşmən mövqe tutmağa sövq edir. Düşünürük ki, atanın iddiası gecikib, o, həqiqətən gənclərin rəqibi deyil, qadınları maddi cəhətdən təmin edəndən bəri vəzifəsini həqiqətən yerinə yetirib və özünü artıq edib. Ona görə də onun taleyi bizi biganə qoya bilər.

Üçüncü novellada da yozulası bir şey yoxdur. İlkin motiv aydındır: başqa bir kişinin ona sevgisini təklif etdiyi kişi. Amma bu situasiyaya bir problem bağlanır — ən azı bir çox insanlar üçün, normal sayılanların hamısı üçün. Kişi, psixi cəhətdən özünü ona ən güclü şəkildə bağlı hiss etsə belə, nə üçün kişinin fiziki sevgisini qəbul edə bilmir? Bu, Erosun təbiətinə zidd olmazdı; kişilər arasında təbii olan rəqabəti (paxıllıq münasibətini) aşmaqla o, xüsusi bir zəfər qeyd edərdi. Həm də kişinin kişiyə sevgisi inkişaf tarixi baxımından daha asan olardı, hətta bəlkə də daha çox doyum verici olmalı idi, çünki o, kişi ilə qadın arasındakı yadlığın o son qalığını aşmağa ehtiyac duymur və iki cins arasındakı münasibətləri zəhərləyən sadizm qatışığından məhrumdur. Həm də o, insan «təbiətinə» zidd deyil, çünki bu təbiət biseksualdır; üstəlik, bu bacarıqsızlıq həmişə mövcud olmayıb, görünür, yalnız biz müasirlər üçün mövcuddur, həm də hamı üçün deyil. Mövcud olduğu yerdə isə aşılmazdır. Onunla qarşılaşan ümidsizcəsinə əzab çəkməlidir. Elementar görünən, amma yenə də elementlərlə izah olunmayan bu ikrahın əsası nədir? Bunu bilmirik və novella bunu üzə çıxarmağa heç cəhd etmir. Əlbəttə, haqlı olaraq. O, ata ilə əvvəlki münasibətə işarə edir, kişiliyin zorla şişirdilməsi yolu ilə kompensasiya cəhdlərini göstərir, amma problemi olduğu kimi təsvir etməklə kifayətlənir.

Bu təsvir isə elə sənətkarlıqla, açıqlıqla, doğruluqla və səmimiyyətlə, dövrün hər cür yalançılığından və sentimentallığından elə azad şəkildə həyata keçirilib ki, könüllü etiraf edirəm: bundan daha uğurlu bir şey təsəvvür edə bilmirəm. Hətta bu tərif qınağa çevrilməyə hazırdır. Predmetin hər qırışına yapışmağı bacaran və affektin hər alt tonunu eşidilən edən bu təsvir sənəti oxucuya təsiri az qala pozur. O, oxucuya tapmağa və tamamlamağa heç nə qoymur, təsvir edənə heyranlıq isə təsvir olunana marağı az qala arxada qoyur.

Tənqid bu nailiyyəti çətin ki layiqincə qiymətləndirsin. O, şairin dürüstlüyünə çatmayacaq, vurğunu ikinci dərəcəli bir şeyə keçirəcək, «hisslərin çaşqınlığını» hörmət edilən müəllimin arvadına sevgi münasibətində axtaracaq. Halbuki qadın bu kontekstdə yalnız kontrast fiqurdur. Konflikt əslində ondadır ki, gənc oğlan o kişinin sevgisinə cavab vermək istəyir və sirli daxili qadağa üzündən bunu edə bilmir.

Novellalarınızı sıxışdırılmış şüursuzun doğurduğu ən dərin sarsıntını aid etdiyimiz o adamın əsərləri ilə müqayisə edəndə sizin xeyrinizə bir fərq üzə çıxır. D.5 ağır pervers nevrotikdir; onun yaradıcılığında öz ehtiyac gərginliyini heç olmazsa simvolik doyum yolu ilə boşaltmağa yönəlmiş eqoist bir səy hiss olunur və bu zaman o, oxucunu qorxutmaq və ona əzab vermək fürsətindən istifadə edir. Siz isə müşahidəçi, dinləyən tipindənsiniz, qorxunc dərəcədə böyük olanı anlamaq üçün xeyirxahlıqla və sevgiylə mübarizə aparırsınız. Özünüz zorakı deyilsiniz.

Bu kiçik viviseksiyaya görə sizdən üzr istəmək əvəzinə, sizə təşəkkür edir və sizi salamlayıram.

Səmimi sizin

Freyd