Məktublar və aforizmlər

20 fevral 1931 — Tsveyq Freydə

20 II 1931

Çox hörmətli cənab professor, sözləriniz üçün və hələ yaranmaqda olan, təsiri isə hələ heç də hüdudlanmamış bir əsəri təsvir etməyin çətinliklərini nəzərdən qaçırmadığınız üçün sizə ürəkdən təşəkkür edirəm. Mənim öhdəmə heç vaxt metodu, sistemi tənqidi nəzərdən keçirmək düşmədi — buna məndə təcrübə və cəsarət çatmır. Cəhd etdiyim şey hadisənin əhəmiyyətini, obrazın hər şeydən yüksəkdə duran təkrarsızlığını və ümumi xidməti təxminən xarakterizə etmək idi. Təxminən deyirəm, çünki tam diskursiv əhatəyə iki cild lazım olardı. Sildiklərim tək başına bir cild olardı.

Xahiş edirəm, elə də düşünməyin ki, bəzi yerlərdə baxışın müstəqilliyini, kənardan olmasını vurğulamağım özündənrazı bir cəsarət idi. Bir neçə etirazı boğmaq və ümumiliklərlə əvəz etmək mənim üçün uşaq oyuncağı olardı, amma təsir siyasəti baxımından vacib hesab etdim ki, obrazı dövrün bütün simalarından bu qədər yüksəyə qaldırım və eyni zamanda göstərim ki, bu, «təsdiqlənmiş» məqalə deyil. Yəqin diqqətinizi çəkmişdir ki, adətən adını sizinlə bir sırada çəkməyi sevdikləri bütün o başqa adamları mən heç xatırlamıram, çünki onlardan heç biri elə bir yüksəkliyə və dövr üçün elə bir əhəmiyyətə çatmır ki, oradan baxanda xidmətinizin yanında ümumiyyətlə görünə bilsin: Nitsşe bu əlaqədə ümumiyyətlə çəkdiyim yeganə addır. Mənə məhz bu lazım idi: xidmətin səviyyəsini göstərmək, yalnız təfərrüatı dərinləşdirmək deyil, onu dövrə yerləşdirmək. Daha çox söz demək lazım olduğunu heç kim məndən yaxşı bilmir və istifadə edilməmiş qeydlərim altı dəftəri doldurur — amma burada sıxlaşdırma və onunla birlikdə, boynum alıram, müəyyən Prokrust qəddarlığı lazım idi. Bunun üçün arzuladığım uğurdan əlavə — yəni kitabın Nobel mükafatı uğrunda mübarizəyə həlledici şəkildə təsir etməsindən əlavə, çünki nəhayət ədəbi cənabların əlinə tərəfgir olmayan bir şey vermək mümkündür — mənim üçün yalnız bu vacib olardı ki, kitabım [oxunmur] ümumi hissləri etibarilə buna müqavimət göstərənləri yenə də ümumi xidmət qarşısında ehtirama məcbur etsin — məhz o adamlar həmişə təfərrüatlardan yapışdıqları üçün mən ayrı-ayrı tezisləri qəsdən nəzərə almamışam.

Şəxsi səhvlər yenidən nəşrdə düzəldilə bilər və bu, mütləq ediləcəkdir. Xahiş edirəm, indiyə qədər buraxdığım qüsurları xoş niyyətlə bağışlayın və əmin olun ki, xidmətinizin ümumi mənzərəsini, əsərinizin əhəmiyyətini mənim qədər daxilən duyan adam azdır. Mən həm də sevinirəm ki, mənim üçün vacib olan tanışlarım hiss edirlər ki, mən əsəriniz haqqında müzakirəni təfərrüatlardan, tibbdən uzaqlaşdırıb psixoloji sahəyə keçirmişəm və bu gün tərifdə də, qınaqda da adət olunmuş, etiraz doğuran, şüarçı müzakirə bundan sonra mümkün deyil. Bundan sonra, mənim təfərrüatlardakı çatışmazlığıma baxmayaraq, bəlkə də, əsərinizə baxanda bir az daha yüksəyə nişan almaq lazım olacaq və Yunq, Adler, Stekel və onlardan da çox-çox aşağı olanlarla yan-yana qoymağa son qoyulacaq. Əgər mən bu mənada həqiqətən kömək etmiş olsaydım, xoşbəxt olardım, çünki o zaman bütün çatışmazlıqlara baxmayaraq bir həqiqətə xidmət etmiş olardım.

Hörmətlə sadiq

və qızınıza çox salamlarla

Sizin sadiqiniz

Stefan Tsveyq