Məktublar və aforizmlər

4 dekabr 1929 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 4 dekabr 1929

Çox hörmətli cənab doktor!

Sizi heyrətimə şərik edirəm. Bugünkü gəzintim zamanı gözümə böyük bir afişa sataşdı: orada cənab Ş. Meylan bütün reklam vasitələri ilə mənə qarşı yönəlmiş, 7 dekabra təyin olunmuş məruzəsini elan edir. Bu, nə isə, keçər: o, bədniyyət bir axmaqdır, ari fanatikidir; psixoanalitik təhsil almaq istədiyi Berlindən bir neçə aydan sonra anormal və yararsız kimi geri göndərilib, bundan sonra, [oxunmur] yəqin ki, intiqam almaq və tez məşhurlaşmaq üçün mənim haqqımda psevdoanalitik bir kitab6 nəşr etdirib — dr. Drill onu Frankfurt qəzetində sadəcə olaraq «alçaqlıq» adlandırıb; həm də fırıldaqla professor Şmutserin xanımından şəklimi çap etmək imkanı əldə edib, mənə axmaqlıqla həyasızlığın qəribə qarışığı olan məktublar yazır və s.

Afişada onun kitabı haqqında üç tövsiyə var. Yuxarıdakı K. Q. Yunqdan, aşağıdakı Berlin qəzetlərindən birindən, imzasız, ortadakı isə sizdən. Bu necə olur? Kitabı oxumusunuzmu? Onun niyyəti gözünüzdən qaçıbmı? Bu adamın toruna necə düşmüsünüz? Yoxsa bu, doğrudan da sizin rəyinizdir? Yaxın münasibətlərimizi nəzərə alaraq bunu sizdən bilmək istərdim.

Sizin səmimi sadiqiniz

Freyd