Məktublar və aforizmlər

28 noyabr 1931 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 28 noyabr 1931

Əziz cənab doktor!

Əllinci ad günü məni təsirləndirə bilməz. Ümumiyyətlə ad günü şənliklərinə öz təcrübəmdən qəzəblə nifrət edirəm. Əgər buna baxmayaraq əllinci ad gününüz münasibətilə sizə yazıramsa, bunun səbəbi uzun müddət ərzində yığılıb qalmış bir ehtiyacın çıxış yolu axtarmasıdır; yoxsa o, fürsət üçün çox gözləməli olardı, ya da mənim yaşımda bu fürsəti büsbütün əldən verərdi. Bu, sizə bir dəfə də olsa xoş, mehriban bir şey demək, həmişə ancaq irad tutmamaq ehtiyacıdır — rəssamın çəkdiyi portretdə özünü yaxşı əks olunmamış görən sifarişçi kimi. Yəni sizə demək ki, yaradıcılığınızdakı sevimlilərimdən — «İeremiya»dan, «Hisslərin çaşqınlığı»ndan, demonik insanların ruhi həyatına dərindən nüfuz etmənizdən necə həzz alıram; düşüncələrə bəzi antik heykəllərin bədəninə şəffaf təsəvvür edilmiş geyim kimi yapışan ustalıqlı dilinizə necə heyranam; bu dağınıq zamanlarda ən güclü və ən yaxşı zəkaların beynəlxalq birliyini yaşatmaq səylərinizi necə məmnuniyyətlə izləyirəm. Amma bəsdir, əsas olan, axı, təbrik edənlərə qoşulduğum səmimi duyğudur.

Sizin sadiqiniz

Ziqm. Freyd