Məktublar və aforizmlər

15 noyabr 1937 — Tsveyq Freydə

15 noyabr 1937

Əziz, hörmətli cənab professor, sizə yalnız bunu demək istəyirəm: yazınızı görmək mənə nə qədər xoşbəxtlik verdi və nə qədər sevgi və sədaqətlə sizi düşünürəm (burada uzun müddət Arnold Tsveyqlə sizin haqqınızda danışdım.) Və daha bir şey — belə sevinc bu gün sonsuz dəyərlidir. Zamanədən nə qədər əzab çəkdiyimi sizə deyə bilmərəm; pis bir tanrı mənə çox şeyi əvvəlcədən görmək qabiliyyəti bəxş edib və indi baş verənləri dörd ildir ki, əsəblərimdə hiss edirəm. Burada yaşamasaydım, işləyə bilməzdim — «illüziyalarla» xeyir-dua almış olanların halına xoş! Bu günlərdə sizə daha bir «yan kitab» — «Maqellan» çatacaq; amma mən «Şəfqətlə qətl» adlanacaq və zəifliyin, son qurbana qədər getməyən yalançı şəfqətin zorakılıqdan daha öldürücü olduğunu göstərəcək çox ağır, amma uzun olmayan bir psixoloji roman üzərində işləyirəm. Bu, sizin dünyanıza qayıdışdır və kitab tibbi sahəyə daxil olur — bu mənim təsəllimdir. Yazılmalı olan əsl kitab isə yəhudiliyin trajediyası olardı, amma qorxuram ki, onu ən yüksək gərginliyə qaldırsaq belə, reallıq bizim ən cəsarətli təxəyyülümüzü də ötüb keçəcək. Sizə təsəlli verilmişdir: siz əsərinizi yaratmısınız, unudulmaz və sarsılmaz bir əsər; siz bizim büsbütün əbəs olmadığımıza şahidlik etdiniz, halbuki bizim sözümüz bəlkə də eşidilməyəcək — buna baxmayaraq, öz bacardığının ən yaxşısını etməyə çalışmaq borcu qalır.

Vyananı düşünüb kədərlənəndə, sizi düşünürəm! İldən-ilə sizin tutqun sərtliyiniz mənə daha çox nümunə olur və özümü sizə getdikcə daha minnətdar bir bağlılıqla bağlı hiss edirəm.

Hörmətlə sadiq sizin

Stefan Tsveyq