20 iyul 1938 — Freyd Tsveyqə
39, Elsuorti Roud, London, N.W.3,
20 iyul 1938
Əziz cənab doktor!
Doğrudan da, dünənki qonaqları yanıma gətirən tövsiyənizə görə sizə təşəkkür etməliyəm. Çünki o vaxta qədər, görünür, məni özlərinə himayədar seçmiş sürrealistləri tam (deyək ki, spirtdəki kimi doxsan beş faizlik) axmaq saymağa meylli idim. Səmimi-fanatik gözləri və danılmaz texniki ustalığı ilə gənc ispan məni fərqli qiymətləndirməyə sövq etdi. Belə bir tablonun yaranışını analitik yolla tədqiq etmək həqiqətən çox maraqlı olardı. Tənqidi baxımdan yenə də demək olar ki, əgər şüursuz material ilə şüuröncəsi işləmə arasındakı kəmiyyət nisbəti müəyyən sərhədi gözləmirsə, incəsənət anlayışı genişlənməyə müqavimət göstərir. Amma hər halda bunlar ciddi psixoloji problemlərdir.
Digər qonaq haqqında isə deyim ki, mən namizədə çətinliklər yaratmağı sevirəm ki, onun meyilliliyinin dərəcəsini yoxlayım və fədakarlığa hazırlığının daha yüksək dərəcəsini əldə edim. Analiz fəth olunmaq istəyən, amma müqavimət göstərməsə, az qiymətləndiriləcəyini bilən qadına bənzəyir. Əgər cənab J. indi bunu həddən artıq uzun götür-qoy edərsə, o, sonralar başqasına — Consa və ya qızıma — gedə bilər.
Mənə deyirlər ki, siz buradan gedəndə bir şey unutmusunuz — əlcəklər və sair. Bilirsiniz, bu, yenidən gələcəyinizə dair vəddir.
P.S.: Ünvanda «Herr» sözünün «Mr.» əvəzinə yazılması rahatlığın simptomudur.
Səmimi
Sizin Freyd