Məktublar və aforizmlər

17 noyabr 1937 — Freyd Tsveyqə

Vyana IX, Berqqasse 19, 17 oktyabr 1937

Əziz cənab doktor!

Deməyə çətinlik çəkirəm: mehriban məktubunuz məni daha çox sevindirdi, yoxsa daha çox kədərləndirdi. Mən də sizin kimi zamanədən əzab çəkirəm və sizin kimi yeganə təsəllini bir neçə başqa insanla bir-birimizə bağlı olduğumuz hissində, bizə eyni şeylərin əziz qaldığına, eyni dəyərlərin mübahisəsiz göründüyünə olan əminlikdə tapıram.

Amma sizə dostluqla paxıllıq edə bilərəm ki, siz gözəl əsərlərlə özünüzü müdafiə edə bilirsiniz. Qoy sizə getdikcə daha çox uğur nəsib olsun! Əvvəlcədən sizin «Maqellan»ınızdan həzz alıram.

Özünüzün dediyiniz kimi, işim arxamda qalıb. Heç kim əvvəlcədən deyə bilməz ki, sonrakı dövrlər onu necə qiymətləndirəcək. Özüm o qədər də əmin deyiləm; tədqiqatdan şübhə ayrılmazdır və həqiqətin kiçik bir parçasından artığını, əlbəttə, əldə etməmişik. Yaxın gələcək mənim psixoanalizim üçün də tutqun görünür. Hər halda, hələ yaşamalı olduğum həftələrdə və ya aylarda sevindirici heç nə yaşamayacağam.

Tam niyyətimə zidd olaraq şikayətlənməyə başladım. Məncə, mən sizə insan kimi yaxınlaşmaq istəyirdim, dalğaların əbəs yerə çırpıldığı dənizdəki qaya kimi tərif olunmaq istəmirdim. Amma inadım səssiz qalsa da, o, yenə də inad olaraq qalır və — impavidum ferient ruinae.

Ümid edirəm, siz məni sonrakı gözəl və cəsarətli kitablarınızın oxunuşu üçün çox gözlətməyəcəksiniz.

Səmimi salamlarla

Sizin köhnə

Freyd