Məktublar və aforizmlər

Məktub 20 — 7 fevral 1884, Vyana

Vyana,

cümə axşamı

Mənim şahzadəciyim!

Çox gözəldir ki, son məktubunu qırmızı lentli ağ poçt göyərçini gətirdi. O, məqalə yazdığım vaxt uçub gəldi. Məktubun mənə ruhən qüvvət bəxş etdi və iş daha şən getdi. Saat üç yarımda başladım — axşam səkkiz yarımda isə artıq qurtarmışdım. Hətta sevincimdən hoppandım. Əslində, yaxşı əhval-ruhiyyə üçün bəhanə olanda mən həmişə bu bədən tərbiyəsi hərəkətini edirəm. Və təbii ki, sənə yazmağı çox istədim. Lakin bir dostumun gözlənilməz gəlişi planlarımı pozdu. Bir az dağılmaq üçün onun mehmanxanasına getdim və beləcə, sənə yalnız bu gün yazıram.

Gündüz rus tanışımın xahişi ilə bir kitabdan çıxarışlar edir, sonra almancadan ingiliscəyə tərcümə hazırlayır və amerikan həmkarıma əlyazmanı redaktə etməyi təklif edirdim. Sabah hər iki nüsxəni Fleyşlə aparacağam və o vaxt — hər şey bitdi. İndi yenidən həm xəstələr, həm də mütaliə üçün vaxtım var. Bu imkan, güman ki, uzun sürməyəcək. Ən azı bu, istədiyim qədər davam etməyəcək. Ümumiyyətlə, insanın həyat haqqında düşünmək üçün vaxtı olmalıdır.

Zilberşteyn bu gün yenə məni ziyarət etdi, o, əvvəllər də olduğu kimi, mənə çox mehribandır. Bir vaxtlar biz can-dil dostları idik. Bizi nə idman, nə qarşılıqlı mənfəət birləşdirirdi, yalnız bir-birimizlə ünsiyyət qurmağa yönəlmiş təmənnasız ehtiyac. Məktəb dərslərindən azad olan bütün vaxtı birlikdə keçirirdik. Birlikdə ispan dilini öyrənir, böyük Servantesin kitablarından götürülmüş müəmmalı əhvalatlar və sirli adlar uydururduq.

İspan ədəbiyyatı xrestomatiyamızda qəhrəmanları iki it olan bir hekayə tapdıq. Xəstəxananın qapıları qarşısında yerləşərək onlar öz aralarında fəlsəfi-yumoristik dialoq aparırdılar. Adlarını özümüzə götürməyə qərar verdik — onlar bizə elə xoş gəlmişdi. Biz həm şifahi, həm yazılı ünsiyyətdə idik, əsasən özümüzü belə adlandırırdıq: dostum — Berganza, mən isə — Sipion. Dostuma nə qədər tez-tez «Əziz Berganza» müraciəti ilə başlayan qeydlər qoyardım və belə imza atardım: «Sənin sadiq Sipionun səni Sevilyadakı xəstəxananın yanında gözləyir». Birlikdə elmi dərnək yaratdıq, onu zarafatla «akademiya» adlandırdıq, sadə şam edir, çox vaxt xərcləri bölüşürdük və birimiz bir müddət başqa məclisdə olanda bir-birimiz üçün darıxırdıq. Doğrudur, bəzən o, fikirlərini istəmədən bölüşürdü, amma həmişə çox insani qalırdı: öz fikri, öz oxu dairəsi, özünəməxsus yumor ilə. Amma bütün bunlarda bir növ burjua, filisterlik əsəri var idi.

O xəstələnəndə mən onu müalicə etdim. Bir dəfə o, hamımızı, köhnə yoldaşları, Vyananın kənar məhəlləsində vida axşamına dəvət etdi. Öz əli ilə bizə stəkanlara pivo doldurur və nə qədər həyəcanlandığını göstərməməyə çalışırdı. Sonra, birlikdə kafedə olarkən, cərrah Rosanes yalnız dostumun hissəkarlığını gözdən salmaq üçün dözülməz bir zarafat söylədi. Ona yazığım gəldi: son vaxtlar yaranmış yadlaşma buzu qırıldı. Vida nitqi söylədim və ona baxıb dedim ki, gedərkən o, gəncliyimin xatirəsini də özü ilə aparır. O vaxt bilmirdim ki, nə qədər haqlı olacağam.

İlk vaxtlar yazışdıq, o, yarı dəli atasından, sevincsiz həyatından şikayət edirdi. Keçmiş romantik istəklərini oyatmağa, əhvalını qaldırmağa çalışdım, amma boşuna. Sonra o, Buxarestə köçdü, orada cəmiyyətdə layiqli yer tutacağına ümid edərək. Gəncliyində hinduların poeziyasına, Kuperə, «Dəri Corab»a və dəniz macəralarına həvəs göstərirdi. Son illərdə Dunayda qayıq saxlayır, dostlarını tez-tez su gəzintisinə dəvət edirdi. Üstəlik — maraqlı cəhət — avarları muzdlu avarçəkənlər çəkirdi.

Biz, tez-tez olmasa da, yenə də bir-birimizlə danışırdıq. Sonra həyatıma sən və səninlə bağlı hər şey girdi. Yeni dost, yeni meyllər, yeni narahatlıqlar…

Zilberşteynlə əvvəldən mövcud olan ziddiyyətlər ona səndən danışanda daha da aydınlaşdı. O, mənim hisslərimi başa düşmədi. Özü isə şəfqətli tanışlarının ona baxışa göndərdiyi varlı, axmaq qızla evlənməyə qərar verdi. İndi o, «pul kisəsinə» öyrəşib, amma bu kisə onun müstəqil tacir olması və öz «işi»nin olması üçün yenə də kifayət etmədi. Mənim isə nə hala düşdüyümü sən çox yaxşı bilirsən.

Və indi, müəyyən vaxt keçdikdən sonra, biz Zilberşteynlə yenidən görüşdük və, təbii ki, hər ikimiz həyatın nə qədər əcəb-qəcəb olduğunu, şöhrətpərəst arzularımızı necə cilovladığını düşünürdük — birini əvvəl, digərini sonra. Gənclik illərində ilk sevgisi Anna idi, sonra Fanni ilə görüşürdü. Sonra bütün qızlara seçimsiz aşiq olduğu dövr gəldi və indi isə heç kimi sevmir.

Məndə isə hər şey əksinədir. Əvvəl heç kim yox idi, indi isə sən varsan, yeganə. Beləliklə, dostum Zilberşteynin hekayəsini sənə danışdım. İndi o bankir oldu, ona görə ki, hüquq, hüquqşünaslıq onun xoşuna gəlmədi. Bu gün o, əvvəllər olduğu kimi, köhnə içki yoldaşlarını yenidən Vyananın kənar məhəlləsi olan Hernalsda toplamaq istəyir, amma mən xidmətdə çox məşğulam və keçmiş haqqında deyil, tamamilə başqa şeylər haqqında düşünürəm.

Sağlam ol, əziz xəzinəm. Poçt qutum hələ boşdur. Məktubun, güman, sabah çatacaq.

Sənin Ziqmundun.