Məktub 21 — 20 mart 1884, Vyana
Vyana,
cümə axşamı,
erkən səhər
Özünü çox görən balaca insan!
Boş yerə öz fotoşəklinə görə utanırsan. Səni sevənə onun nə dərəcədə xoş gəlməli olduğunu əlavə bir dəfə danışmaq istəmirəm. Dəqiqliklə bilirəm ki, əgər başqalarının hörmətini qazanmaq istəyirsənsə, onları kədərləndirmək olmaz.
Bu gün riskli addımımın yaramaz nəticələri özünü göstərməlidir. Lakin mən tamamilə sağam, ağrı hiss etmirəm, yalnız baldırımda qüvvətli yorğunluq var. Bu hadisənin başa çatdığını hesab edək.
Bu gün tibbi cihazlar hazırlayan ustanın yanına getmək və elektron alətlər üçün yeni hesablamalara başlamaq istəyirəm. Görürsən, əvvəllər mən yüngülcə, fikirsiz idim və indi risk etməyə məcburam, çünki əlli qulden qazana biləcəyim kiçik bir mənfəət təmin etməliyəm. Məsələ ondadır ki, laboratoriyaya yenidən dörd-beş nəfəri buraxmaq istəyirəm. Sonra evə gələcəyəm və oxuyacağam. Əgər Breyer bu gün gəlməsə, axşam ona gözlənilməz sürpriz edəcəyəm. Axı o, mənə dünən dedi ki, məni digər xəstələr kimi müalicə etmək yaxşı olardı.
Şahzadəciyim sağlamdırmı? Yorğunluğunun səbəbləri nədir? Mənim sənin səhhətin haqqında qayğı göstərməyə qadir olmadığımı düşünmə, xəstə olsam da. Lakin yenə də xəstənin o üstünlüyü var ki, sevgilisindən daha tez-tez məktub alır və ona görə də yenidən yatağa gedirəm.
Sənə belə təhdid xoş gəlirmi?
Ən ürəkdən salamlarla sənin Ziqmundun.