Məktublar və aforizmlər

Məktub 38 — 20 iyun 1885, Vyana

Vyana,

şənbə,

axşam

Şahzadəcik, mənim şahzadəciyim!

Hər şey necə gözəl olacaq — varlanacağam, hər şeydə haqlı olacağam, sənin üçün gözəl bir şey gətirəcəyəm, sonra Parisə gedəcəyəm, böyük alim olacağam, başımın ətrafında böyük-böyük bir səma ilə Vyanaya qayıdacağam və biz evlənəcəyik. Mən bütün müalicəolunmaz sinir xəstəliklərini müalicə edirəm, sən isə məni sağlam tapırsan, mən səni ehtirasla, qüvvətlə öpürəm, sən isə sevinclə şənsən. Sağ qalaq, ölməyək.

Sənə teleqram göndərib səkkizə qarşı on üç səs aldığımı bildirmək istəyirdim. Amma onda sən tam iki gün dəqiq xəbərlərsiz qala bilərdin, həm də açıq kartın səni, ehtimal ki, daha çox şadlandıracaqdı.

Beş yüz mark — altı yüz səkkiz qulden barədə qabaqcadan duyduğun doğru çıxdı. Bir hadisədən çox yaxşı şeylər gözləyirəm. Deyəsən, professor həmkarlarım mənə rəğbətsiz baxmırlar. Buna sözlə deyilməz dərəcədə şadam. Ümumiyyətlə iyun əla aydır.

Eyni iclasda mən dosent rütbəsinə təsdiqləndim — üçə qarşı on doqquz səslə. Birinci səsvermədə birə qarşı on doqquz idi. Amma bu zaman mənə pis münasibət bəsləyənlərdən yalnız ikisi iştirak edirdi.

Səkkiz gün sonra, iyirmi yeddincidə, mənə yaxın mövzuda sınaq mühazirəm olacaq — «Beyin anatomiyası».

Səni ürəkdən salamlayıram; o qədər xoşbəxt olduğuma heç cürə öyrəşə bilmirəm. Ən böyük xoşbəxtlik mənə üç il əvvəl — 17 iyunda nəsib olmuşdu!

Sənə yüz min öpüş göndərir sənin Ziqmundun.